Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6036/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-793/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, VİP 15447 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1.320 ABŞ dolları qiymətinə “Aplle İphone 6 16GB Gray” markalı 1 ədəd mobil telefonu nisyə satılmışdır. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində satıcının xeyrinə cərimə ödəyir.
2. Müqavilə bağlandıqdan sonra cavabdeh iddiaçıya ilkin olaraq 120 ABŞ dolları, xx.xx.2015-ci il tarixində isə 66 ABŞ dolları ödəniş etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMCi Cavabdeh barəsində borcun tutulması tələbi ilə bağlı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 4927/2017 nömrəli məhkəmə əmri qəbul edilmişdir.
4. Cavabdeh əmrə etiraz ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-4927/2017 nömrəli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(011)-4927/2017 nömrəli qərardadı ilə sözügedən əmr ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP15447 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 1.320 ABŞ dolları olan (ümumi məbləğ 1.320 ABŞ dolları) “Aplle iphone 6 16GB Gray” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 120 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 66 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən ödənilməmiş 1.134 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin hər gün üçün məcmu borcun 1%-i həcmində 170 ABŞ dolları cərimə borcunun, cəmi 1.304 ABŞ dollarının və 20 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 793/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1.134 ABŞ dolları əsas borc, 170 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.304 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 20 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu mülki işdə olan sübutlarla təsdiq edildiyindən, cavabdehdən 1.134 ABŞ dolları əsas borc və 170 ABŞ dolları cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 601.1, 601.2, 600.4, 442, 448.1, 448.2, 462.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbində qeyd etdikləri tamamilə yalandır və onunla iddiaçı arasında ümumiyyətlə belə bir müqavilə bağlanılmamış, onun tərəfindən bu müqaviləyə imza edilməmiş və o, ümumiyyətlə iddiaçıdan mobil telefon götürməmişdir. Həmçinin, o bununla bağlı iddiaçıya hər hansı ilkin ödəniş və sonradan ödəniş etməmişdir. Sadəcə olaraq bir dəfə iddiaçı tərəfindən ona mobil telefon təklif edilmiş, lakin o, həmin təklifi qəbul etməmişdir. Hesab edir ki, bu aldatma yolu ilə bağlanmış müqavilədir və ləğv olunmalıdır. Hətta belə bir müqavilə olmuş olsa da belə, mülki qanunvericiliyin tələblərinə görə müqavilə öhdəliklərindən irəli gələn mübahisələrdə iddia müddəti 3 il təşkil etdiyindən ümumiyyətlə məhkəmə tərəfindən bu iddianın icraata qəbul edilməsindən imtina olunmalı idi. Çünki sözügedən müqavilənin bağlanmasından artıq 8 il ötmüşdür. Birinci instansiya məhkəməsi işi obyektiv, tam və hərtərəfli şəkildə araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, o iddiaçı MMC-ni tanımır, 28 May küçəsində yerləşən “Star GSM” adlı mağazada olmuşdur, belə ki, orada tanışının tanışı işləyirdi. Kredit yolu ilə telefon almaq istəyirdi. Hesablanıldı, lakin məbləğ çox olduğu üçün telefonu almaq istəmədi. Telefonu götürməyini təsdiq edən imza ona məxsus deyil.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi və bildirdi ki, cavabdeh ilk öncə mağazada olmadığını, sənədləri imzalamadığını bildirsə də, iş materiallarında olan fotoşəkilləri gördükdən sonra mağazada olduğunu etiraf etdi. 2015-ci ildə kredit götürdükdən sonra dörd ay davamlı olaraq onunla əlaqə saxlanılıb, danışılıb. Ona hansı sualların verildiyi, cavabında nə bildirdiyi ilə bağlı qeydiyyat aparmışlar. Bir ay üzrə ödəniş edilib. 2018-ci ildə onunla əlaqə saxlayarkən telefonu xanıma vermiş, xanım maddi vəziyyətinin yaxşı olmadığı və məsuliyyətin ona aid olduğunu, ödəyəcəyini bildirmişdir. İddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 373. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia təmin olunduğundan, cavabdeh şikayətində qətnaməni tam mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, VİP 15447 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1.320 ABŞ dolları qiymətinə “Aplle İphone 6 16GB Gray” markalı 1 ədəd mobil telefonu nisyə satılmış, müqavilə bağlandıqdan sonra cavabdeh iddiaçıya ilkin olaraq 120 ABŞ dolları və xx.xx.2015-ci il tarixində 66 ABŞ dolları ödəniş etmişdir.
20. Göründüyü kimi, cavabdeh iddiaçı ilə bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, aldığı mala görə ödənişləri müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
21. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1.134 ABŞ dolları məbləğində əsas borc və 170 ABŞ dolları cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
22. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki imzanın ona aid olmamasını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında izahatında suallara cavab olaraq göstərmişdir ki, müqavilədəki imzalar ona aid olsa da, telefonu o götürməmişdir. Bundan başqa, iş materiallarında cavabdehin iddiaçıya məxsus mağazada olmasını təsdiq edən fotoşəkil də əlavə edilmişdir.
23. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin məhkəmə əmrinə etirazı əsasında mülki iş iddia icraatına keçirilsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və göstərilən dəlilləri birinci instansiya məhkəməsində irəli sürməmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarına əsasən iddiaçı xx.xx.2017-ci ildə məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mülki qanunvericilikdə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddətini ötürməmişdir.
25. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
26. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-793/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: