Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6037/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6037/2022 (Açar sözlər: “borcun silinməsi”) Bakı şəhəri 17 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(011)-3913/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron rayonu N 30/76/a Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi, Mədinə Gülgün küçəsində yerləşən yarım tikili fərdi yaşayış evi iddiaçıya məxsusdur.
2. Həmin ev hazırda yarım tikilidir və təmir işləri getdiyi üçün evdə yaşayış yoxdur.
3. Yaşayış olmadığına baxmayaraq, cavabdeh həmin yaşayış evinə qaz sayğacı quraşdırılmışdır.
4. Lakin bir müddət sonra cavabdehin əməkdaşları iddiaçıya 1010,88 manat borcu olduğunu bildirmişdirlər.
5. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət etmiş, borcun hansı əsasla yazıldığını araşdırmışdır, ona bildirmişlər ki, qaz xəttini üzərinə quraşdırılmış Zenner G4T mexaniki qaz sayğacına müdaxilə edilib bu səbəbdən 1010,88 manat borc yazılmışdır.
6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, yarımçıq binanın təmirdə olması, təmir zamanı qoşulması qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
7. 0342706 akt-dan görünür ki, istehlakçı İddiaçı Mehdiabad qəsəbəsində yerləşən **********04228 saylı abonent kodu üzrə qeyri-qanuni birləşmə olduğundan təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır.
8. 12.05.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı **********04228 saylı abonent hesabına 03/2022-ci il üçün 1010,88 manat borc hesablanmışdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Abşeron rayonu N 30/76/a Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi, Mədinə Gülgün küçəsində yerləşən yarım tikili fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 1010 manat 88 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu N 30/76/a Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi, Mədinə Gülgün küçəsində yerləşən yarım tikili fərdi yaşayış evi ona məxsusdur, həmin ev hazırda yarım tikilidir və təmir işləri getdiyi üçün evdə yaşayış yoxdur, yaşayış olmadığına baxmayaraq, cavabdeh həmin yaşayış evinə qaz sayğacı quraşdırılmışdır, lakin bir müddət sonra cavabdehin əməkdaşları ona 1010,88 manat borcu olduğunu bildirmişdirlər, bununla bağlı onlara müraciət etmiş, borcun hansı əsasla yazıldığını araşdırmışdır, ona bildirmişlər ki, qaz xəttini üzərinə quraşdırılmış Zenner G4T mexaniki qaz sayğacına müdaxilə edilib bu səbəbdən 1010,88 manat borc yazılıb, bu səbəbdən borcu ödəməlidir, lakin həmin evdə indiyə qədər yaşayış yoxdur, ev yarım tikili olaraq qalır, qaz sayğacına heç bir müdaxilə etməmişdir, plombu da üzərində olmuşdur, pulun silinməsi üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(011)-3913/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı **********04228 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1010 (min on) manat 88 (səksən səkkiz) qəpik məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat 10 (on) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, ona məxsus fərdi yaşayış evinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğaca müdaxilə edilməsi - yarımçıq binanın təmirdə olması, təmir zamanı qoşulması əsası ilə 03/2022-ci il tarixdə **********04228 saylı abonent hesabına 1010,80 manat borc hesablanmış və həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir.
14. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
15. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********04228) itirilmiş qazın bərpası məqsədilə hesablanmış 1010,80 manat məbləğində borc silinməlidir.
16. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, Cavabdeh İB-dən 30,10 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir.
17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə, 4.7-ci bəndinə, 4.8-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3913/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salınsa görünər ki, abonentin ödənişləri demək olar yoxdur. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə yazılı etiraz
20. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
24. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
26. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
27. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri odur ki, birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır.
41. Kollegiya qeyd edir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, ona məxsus fərdi yaşayış evinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğaca müdaxilə edilməsi - yarımçıq binanın təmirdə olması, təmir zamanı qoşulması əsası ilə 03/2022-ci il tarixdə **********04228 saylı abonent hesabına 1010,80 manat borc hesablanmış və həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir.
42. Apellyasiya şikayətinin dəlillərindən digəri də odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
43. Şikayətin göstərilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirərkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
44. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı **********04228 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1010 (min on) manat 88 (səksən səkkiz) qəpik məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat 10 (on) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
45. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
46. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(011)-3913/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.