Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6050/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3145/22 saylı, xx.xx.2023-ci il tarixli qərardadından İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili Nümayəndə ərizə ilə müraciət edərək mülki iş üzrə icraatın təzələnməsini və məhkəmə iclasının təyin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(011)- 3145/2022 saylı qərardadı ilə ərizə rədd olunmuşdur. Həmin qərardaddan İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək onun ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallar obyektiv və hərtərəfli araşdırılmamış, maddi və prosessual pozuntulara yol verilmişdir. Nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Bu səbəbdən sözügedən qərardad apellyasiya qaydasında ləğv edilməli və iş üzrə icraat təzələnməlidir. Məhkəmə qərardadda qeyd edir ki, icraatın təzələnməsi barədə ərizə cavabdehin vəkili tərəfindən təqdim edilmiş, həmçinin etibarnamə müraciətə əlavə edilməmişdir. Nümayəndə iddiaçının vəkilidir və bunu təsdiq edən sənəd, yəni etibarnamə də elektron qaydada işə əlavə edilmişdir. Lakin məhkəmə işə əlavə edilmiş sənədləri düzgün araşdırmadan qərar vermişdir. Məhkəmənin iddiaçının vəkilini cavabdehin vəkili ilə səhv salaraq hansı səlahiyyətlərin ötürüldüyünü göstərən sənəd (etibarnamə) tələb etməsindən də tam olaraq aydın olur ki, məhkəmə işi araşdırmalı olduğu halda heç bir araşdırma hərəkətləri etməmiş, işə məsuliyyətsiz və laqeyd yanaşmışdır. Bütün bu qeyd olunanlar bir daha onu göstərir ki, məhkəmə tərəfindən işin yuxarıda qeyd olunan halları tam və obyektiv araşdırılmamışdır. Belə olan halda isə məhkəmənin bir tərəfli mövqe tutması təsəvvürü yaranır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3145/2022 saylı, 30 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə vermiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh işin mahiyyəti üzrə həllini tapmasını tələb etməmişdir. Belə olan halda mülki iş üzrə icraatın təzələnməsi və işin davamının əvvəlki işdə aparılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin bu iddiaçının eyni tələb üzrə ümumi qaydada yenidən məhkəməyə müraciət etmə imkanını istisna etmir. Odur ki, cavabdehin mülki iş üzrə icraatın təzələnməsi barədə ərizəsi rədd edilməli, iddiaçıya ümumi qaydada yenidən məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarının 17-ci bəndinə görə iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzrlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, qanunverici Mülki- Prosessual Məcəllənin 260.5-ci maddəsində ərizənin yalnız bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla baxılmamış saxlanılmasına səbəb olan şəraitin aradan qaldırılmasının və müvafiq halların üzrlü səbəbdən baş verməsi sübuta yetirildiyi təqdirdə məhkəmənin öz qərardadını ləğv etməsinin xüsusi qaydasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsində göstərilən əsas ilə baxılmamış saxlanılmışdır. Belə olan halda ərizənin baxılmamış saxlanılması haqqında qərardadın ləğv olunmasına dair tərəfin verdiyi vəsatətin təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Lakin məhkəmənin bu qərardadın ləğv olunmasından imtina etməsi iddiaçını ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3145/2022 saylı 17 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6050/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6050/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver