Məhkəmə qərarları › İş №2(103)-6052/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6052/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6052/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşə baxan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5137/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 31.07.2019-cu tarixli müqaviləyə əsasən 572 manat əsas, 10 manat dəbbə pulu, 5 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 587 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.07.2019-cu il tarixli müqaviləyə əsasən 2860 manat əsas, 858 dəbbə pulunun, cəmi 3718 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 31.07.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan aldığı dəyəri 3432 manat (12 ay x 286 manat) olan “Samsung Galaxy S10” markalı telefona görə 2860 manat əsas, 858 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Sonradan müəyyən etmişlər ki, mobil telefon cavabdeh tərəfindən geri qaytarılmış və servis mərkəzi tərəfindən yoxlanılarkən telefonun mexaniki zədələndiyi aşkar edilmişdir. Ona görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Apellyasiya şikayətini onunla əsalandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5137/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçının səlahiyətli nümayəndəsi iddia tələbi həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsas borca görə 2000 (iki min) manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mobil telefon cavabdeh tərəfindən yoxlanılması üçün servis xidmətinə təqdim edilmiş və servis mərkəzi tərəfindən yoxlanılarkən telefonun mexaniki zədələndiyi aşkar edilmişdir. Bu hal isə telefonun cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nə təhvil verilmə qaydası kimi qiymətləndirilə bilməz. Belə ki,telefonun qaytarılması üçün xüsusi qayda müəyən edilmişdir. Hazırda həmin telefon servis xidmətindədir və cavabdeh hər zaman gəlib onu geri götürə bilər. Məhkəmə kollegiyasından iddia həcmini azaldaraq, cavabdehdən cəmi 2000 manat tutulmasını xahiş etmişdir. Kollegiyanın iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə müqaviləni o bağlasa da, mobil telefonu xalası oğluna almışdır və xalası oğlu ödənişləri öz öhdəsinə göürmüşdür. Bir müddət sonra xalası oğlu telefonun borcunu ödəyə bilməmişdir, sonradan telefonu lombarda qoymuşdur. O, telefonu lombarddan götürmüş və iddiaçıya, servis xidmətinə təqdim etmişdir. Telefonu verəndə bildirmişdir ki, borcu ödəyə bilmir. Servis xidmətində telefonun zədəli olduğu barədə akt tərtib edilmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 31.07.2019-cu il tarixdə “Samsung Galaxy S10” markalı telefonun nisyə alqı-satqısı barədə 00815650 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 3482 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 286 manat müəyyən edilmişdir. Müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, iddia ərizənin dəlillərini, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin azldığı həcmində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında mobil telefonun nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş əşya cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malın qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası MMnin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşə baxan birinci instansiya məhkəməsi telefonun cavabdeh tərəfindən iddiaçıya qaytarılması kimi qiymətləndirməklə və iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə, tərəflərin izahatlarından müəyyən olundu ki, Cavabdeh 31.07.2019cu il tarixli müqaviləyə əsasən əsas borcu 2860 manat, dəbbə pulu 858 manat, cəmi 3718 manat təşkil edir.Lakin iddiaçı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iddia tələbinin həcmini 2000 manatadək azaltdığından həmin məbləğ Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinin göstərişinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin.Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc tutularaq iddiaçı "xxxx" MMC ödənlsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar