Məhkəmə qərarları › İş №2(103)-6053/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6053/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6053/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı İqoryevnanın, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 Tərcüməçi Bağırova (Yəhyayeva) Günay Akif qızının iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(011)-2899/2021 saylı qərardadından İddiaçı İqoryevna tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqoryevna Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 24 iyul 2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən “ParkAzure” çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində (1avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 167 saylı qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulmasına və 20 ay müddətinə qarajdan istifadə mümkün olmadığı üçün digər qaraj yeri üçün ödənilmiş məbləğin vurulmuş zərər kimi hesablanması və vurulmuş zərər üçün 400 AZN məbləğinin,hüquqi xidmətlərə görə ödənilmiş 510 AZN, o cümlədən 30 AZN həcmində dövlət rüsumu məbləğinin cəmi 940 AZN həcmində məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı İddiaçı İqoryevna ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən mülki işin mahiyyəti üzrə müvafiq yekun məhkəmə aktının qəbul edilməsinədək Cavabdeh MTK-nın tərəfindən ünvan 1 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində aparılan təmirin dərhal dayandırılaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizədə qeyd etmişdir ki, iddiaçı olaraq təmir işi ilə razılaşmır və dərhal qarajın təhvil verilməsini tələb edir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2899/21 saylı, 03.03.2021-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilmiş, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən “ParkAzure” çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində (1avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 167 saylı qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin həyata keçirilməsi qadağan edilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2899/21 saylı, 03.03.2021-ci il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2899/21 saylı, 03.03.2021-ci il tarixli qərardadının ləğv olunması və iddianın təmin tədbiri barədə ərizənin təmin olunmaması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(011)-2899/2021 saylı qərardadı ilə Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2899/21 saylı, 03.03.2021ci il tarixli qərardadından verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2899/21 saylı, 03.03.2021-ci il tarixli qərardadı ləğv edilərək, İddiaçı İqoryevnanın iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 167 saylı qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin həyata keçirilməsinin qadağan edilməsinin ləğv olunması, qərardadın icrasının Bakı şəhər Xətai rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı İqoryevna Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(011)- 2899/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmiş, məhkəmənin 08 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, qarajın təmiri yekunlaşıb, sadəcə MTK onu təhvil vermək əvəzinə orada yenidən qurma işləri apararaq qarajı ləğv etmək və oranı kommersiya təyinatlı obyektə çevirməklə məşğuldurlar. Bu qanunsuz əməlləri ilə yanaşı iddiaçı ilə kompramisə belə gəlmək istəmirlər. Bu qədər sübutun, cavabdehin məhkəmənin 28.04.2021-ci il tarixli məhkəmə iclasında rişxəndlə işlətmiş olduğu etiraf xaraktlerli bu cümləyə - “3 ədəd qaraj yeri saxlayacayıq narazı olan sakinlərə, qalan hissələr ofis olacaq” baxmayaraq məhkəmə bu ləğv qərardadı ilə artıq öz mövqeyini bildirmiş oldu, qeyri-ədalətli qərar qəbul edəcəyinə dair çox söz demiş olur. Məhkəmənin öz qəradadını ləğv edərkən mövqeyi heç bir tutarlı arqumentlə əsaslandırmamışdır. Bunun əvəzinə keçirilmiş yerli baxışla əlaqədar yerində müayinə protokoluna istinad etmişdir. Bununla belə görünən odur ki, tərtib edilmiş yerində müayinə protokolu da düzgün tərtib edilməmişdir. Belə ki, yerinə müayinə protokoluna olan hallar hakimin öz gözü ilə gördüyü hallar yox, olmayan hallar daxil edilib. Qərardadın əsaslandırma hissəsində yazılır ki, “25 aprel 2021-ci il tarixli yerində müayinə protokolundan görünür ki, ünvan 2 ünvanında inşa edilən Cavabdeh çox mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən avtodayanacaq kompleksinə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, bütün mərtəbədə icraçı Cavabdeh MTK tərəfindən təmirtikinti işləri aparılır, bütün mərtəbəni əhatə edən divarda pəncərələr quraşdırılır. İddiaçının iddia etdiyi 167 saylı qarajın yerləşdiyi yer kompleksin ortasında yerləşir, digər zala keçidi məhdudlaşdırır”. Bu cür mövqedən sonra məhkəmənin hansı qaraj yerinə baxış keçirməsi onlarda şübhə yaradır. Çünki, iddiaçının qarajı liftin yanında yerləşməklə, ortada deyil, bir qıraqda yerləşmişdir. Həmin qaraj heç kimə maneə yaratmır. Məhkəmə tərəfindən yerində müayinə protokolu saxta tərtib edilib. Məhkəmə kollegiyasının iclasında İddiaçı İqoryevna şikayəti müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı İqoryevnanın nümayəndəsi və Vəkil1 iddiaçının izahatına uyğun məzmunda izahat verdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 şikayəti qəbul etmədi və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(011)-2899/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, şikayətə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsi barəsində iddianı təmin etmək üçün tədbir görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyin başqa şəxslərə qadağan edilməsi barəsində iddianı təmin etmək üçün tədbir görülə bilər. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iddianı təmin etmə o halda həyata keçirilir ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin bu tədbirlər məhkəmə gətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və beləliklə də, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual hüquqi vasitələrindən biri kimi qiymətləndirilir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MTK tərəfindən təmir-tikinti işləri aparılır, bütün mərtəbəni əhatə edən divarda pəncərələr quraşdırılır. İddiaçının iddia etdiyi 167 saylı qarajın yerləşdiyi yer kompleksin ortasında yerləşir, digər zala keçidi məhdudlaşdırır”. Məhkəmə mübahisəli qarajın yerləşdiyi mərtəbədə təmir-tikinti işlərinin dayandırılması nəticəsində Cavabdeh MTK tərəfindən müqavilələr üzrə götürülmüş öhdəliklərin icra edilməsinin qarşısı alındığını, iddiaçıya avtomobilinin həmin dayanacaqda pulsuz saxlanılması üçün imkan yaradıldığını, eyni zamanda məhkəmə iclasında iddiaçı tərəfindən əmlak tələbinin pul tələbi ilə əvəzləşdirmək mümkünlüyünün ifadə edildiyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2899/21 saylı, 03.03.2021-ci il tarixli qərardadı ilə Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksinin 4-cü mərtəbəsində (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 167 saylı qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin həyata keçirilməsinin qadağan edilməsi ləğv olunmalı, İddiaçı İqoryevnanın iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçının izahatı, təqdim etdiyi fotoşəkillərlə qarajın kompleksin ortasında yerləşməsi, digər zala keçidi məhdudlaşdırması hallarını müəyyən etmək mümkün olmur. Belə olan halda, cavabdeh tərəfin şikayətinə düzgün qiymət verilməsi üçün, tərəflərin birlikdə iştirakları ilə yerli baxışın keçirilməsinə zərurət vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(011)-2899/2021 saylı qərardadı ləğv edilməli və şikayətə yenidən baxılmaq üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxarkən məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, tərəflərin birlikdə iştirakı ilə yerli baxış keçirməklə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2899/21 saylı, 03.03.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə münasibət bildirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İqoryevna tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(011)- 2899/2021 saylı qərardadı ləğv edilsin, mülki iş materialları Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2899/21 saylı, 03.03.2021-ci il tarixli qərardadından Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar