Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6055/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3465/2021 saylı 15 aprel 2021-ci il tarixli qərardadından 3-cü şəxs X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı 3-cü şəxs X2 olmaqla müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək “ünvan 1 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78 ) saylı mənzilin və mənzildə yerləşən əşyaların (mebel və məişət əşyalarının) üzərinə həbsin qoyulması, həmçinin mübahisəli mənzildən üzərinə həbs qoyulacaq əmlakların mənzildən çıxarılması, eyni zamanda üçüncü şəxslərin mənzilə daxil olmasının (daimi yaşamaq üçün) qadağan edilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3465/2021 saylı 15 aprel 2021-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilməklə, mülki işə mahiyyəti üzrə baxılanadək ünvan 2 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78 ) saylı mənzilin özgənilkiləşdirilməsinin qadağan edilməsi, vəsatətin qalan hissədə rədd edilməsi qərara alınmışdır. 3-cü şəxs X2 şikayətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilərək vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilməsi və ya şikayətin işlə birlikdə baxılması üçün Apelyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3465/2021 saylı 16 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X2 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 3465/2021 saylı 15 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. İş materiallarından görünür ki, məhz iddiaçının iddia tələblərindən biri İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında 08 may 2013-cü il tarixdə bağlanmış ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m olan 78 saylı mənzilinin ( yeni 84 nömrəli mənzil) izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsindən ibarətdir; bu səbəblə də, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə nail olmaq, habelə qanunsuz olaraq digər şəxslərə özgənkiləşdirilməsinin qarşısının alınması üçün iddianı təmin tədbirinin görülməsi zəruri olmuş və bu, iddianı təmin etmə tədbiri institutunun yuxarıda qeyd olunan məqsədinə xidmət etmişdir. Buna görə də kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 2 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78 ) saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3465/2021 saylı 15 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3465/2021 saylı 15 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6055/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6055/2021
09.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver