Məhkəmə qərarları › İş №2(103)-6062/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6062/2021

03.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6062/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-742/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına yazılmış cərimələrin silinməsi barədə yəni 3600 manat barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xəttə müdaxilə kimi aktlar tərtib edərək 3600 manat dəyərində müxtəlif vaxtlarda cərimələr tətbiq ediblər. Sayğac quraşdırılan zaman və aktlar tərtib edilən zaman mənzildə yaşayış olmayıb. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-742/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Şikayətə görə, iddiaçı tərəfindən silinməsi xahiş olunan borcun yaranma əsasını, İddiaçı ona məxsus mənzildə qaz sayğacına qədər olan hissədə qazpaylayıcı xəttə qanunsuz qoşulması nəticəsində hesablanmış zərər məbləğləri təşkil edir. Məhkəmə, iş materiallarında olan 31.05.2020-ci il tarixli ******* nömrəli aktı tədqiq etmiş, lakin həmin aktda yazılanlar məhkəmə tərəfindən təhrif edilmişdir. Məhkəmə həmin aktı təfsir edərək göstərmişdir ki: Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən istehlakçı İddiaçı aid qaz sayğacı dövlət yoxlanılmasından keçirilmiş və sayğacın qeyri-qanuni istifadə olunduğu məlum olmuşdur. İddiaçı yaşadığı mənzildə 2010-cu il tarixindən etibarən təbii qaz istehlakçısıdır. Həmin tarixdən 12/2017-ci il tarixinə kimi o, mexaniki tipli qaz sayğacından qanuni şəkildə istifadə etmiş və 12/2017-ci il tarixində onun 4,49 manat məbləğində debitor borcu mövcud olmuşdur. Daha sonra isə o, mexaniki tipli qaz sayğacından istifadə edən zaman 4 dəfə qaz xəttinə qanunsuz qoşulma faktına yol vermiş və bu səbəbdən 27.06.2018-ci il tarixində mexaniki tipli qaz sayğacı həmin ünvanda smart tipli sayğacı ilə əvəzlənmişdir. Daha sonra həmin 4 akt üzrə hesablanmış məbləğin cəmi isə, 4.49 manat qalıq borcla birlikdə həmin ünvana quraşdırılmış smart tipli qaz sayğacına borc kimi köçürülmüşdür. Lakin cavabdeh, smart tipli qaz sayğacı üzrə ödəniş etmədən qanunsuz şəkildə qaz xəttinə qoşulmaqla təbii qazdan özbaşına istifadə etməyə davam etmişdir. Bu hal, 05/2020-ci il tarixinə kimi davam etmiş və hər bir fakt aktla rəsmiləşdirilmişdir. Aşkar olunmuş hallarla əlaqədar ümumilikdə 2018-ci ildə 04 dəfə, 2019-cu ildə 10 dəfə, 2020-ci ildə 5 dəfə təbii qazdan qanunsuz istifadə halına görə iddiaçı barəsində akt tərtib edilmişdir. Aktların tərtib olunduğu tarixlərdə, iddiaçı tərəfindən heç vaxt ödəniş aparılmamışdır. Ümumiyyətlə, iddiaçının ünvanına smart tipli qaz sayğacı 27.06.2018-ci il tarixində quraşdırılsa da, o yalnız 10/2020-ci il tarixindən etibarən smart tipli qaz sayğacından istifadə etməyə və ödənişlər etməyə başlamışdır. Hazırda iddiaçının cavabdeh “Azəriqaz" İB-yə ümumi borcu həmin 19 aktın cəmi üzrə və 4,49 manat qalıq borcla birlikdə 3668,09 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndfəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərəkl, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxalanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı aid qaz sayğacı növbəti dövlət yoxlanılmasından keçirilmiş və digər bir sayğacla əvəz edilmişdir, bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27 iyun 2018-ci il tarixli, ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan 31 may 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı aid qaz sayğacı dövlət yoxlanılmasından keçirilmiş və sayğacın qeyri-qanuni istifadə olunduğu məlum olmuşdur. Apellyasiya instansiya məhkəməsində təyin edilmiş ekspertizaya cavab olaraq Məhkəmə Ekspertiza Mərkəzinin 17.09.2021-ci il tarixli 10/3636 nömrəlimühəndis-tüxniki ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvanında İddiaçı məxsus evdə sayğacdan kənar qaz xəttinə qeyri-qanuniolaraq qoşulma halı, eləcə də, qp.ulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-742/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar