Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6070/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-103/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı оğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı оğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MTK cəlb edilməklə cаvаbdеh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qаrşı “obyektə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 2500 manat cıvarındakı zərərin Nizami rayon su və kanalizasiya idarəsindən tuutlub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82a ünvanda yerləşən 150 kvadrat metrlik sahəsi olan kafe onun xüsusi mülkiyyətindədir. Çıxarışın seriya mömrəsi 0072820-dır. 28.09.2016-cı il tarixində obyektinin qarşısından keçən magistral kanalzasiya xəttinin tutulması nəticəsində obyekti çirkab suları ilə 45-50 sm hündürlüyündə dolmuşdur. 29.09.2016-cı il tarixində bu barədə həm 955 saylı qaynar xəttə, həm də Nizamı rayonun 012 *** ** ** və 012 *** ** ** saylı şəhər nömrələrinə gün ərzində 10-15 dəfə zəng etsə də, heç bir tədbir görülməmişdir. 03.10.2016-cı il tarixində 050 *** ** ** saylı telefon sahibi Yasin adlı şəxsə zəng edib məlumat versə də, qəza baş verən əraziyə nə özü, nə də briqada göndərilmədir. Artıq qəzanın yəni kanalzasiya xəttinin tutulmasından 5 gün keçməsinə baxmayaraq problemi aradan götürən olmamışdır. Qəzanın 6-cı günü Nizami rayon kanalzasiya idarəsinin növbətçinin yanında 3-4 saat oturub kömək gözləsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bu müddət ərzində yəni 6-7 gün kanalzasiya xətti açılmadığı üçün obyektindən çirkab sularını təmizləmək mümkün olmamışdır. Yalnız 05.10.2016-cı il tarixində xxxx ASC-nin 012 *** ** ** saylı telefon nömrəsinə zəng edib rəhbərliklə və ya vəzifəli şəxslərdən kiminləsə əlaqələndirməyi xahiş etmişdir. Axşama doğru kanalzasiya xətti təmizlənmiş və qəza aradan götürülmüşdür. Lakin obyektinə dəymiş 2500 manat civarında zərər bu günə kimi ödənilməmişdir. Çirkab kanalzasiya sularının 7 gün obyektində qalması nəticəsində aşağıda göstərdiyi əmlakı yarasız vəziyyətə düşmüşdür: Soyuducu - 3 ədəd, vitrin soyuducu - 1 ədəd, Xalça - 2 ədəd, Kovrolit - 4 ədəd, Mətbəx mebelləri - 1 komplekt, Qapıların aşağı - 4/1 hissəsi şişmiş, obyektin divarlarında 1 metr 30 santimetrədək çatlar əmələ gəlmişdir. Ümumillikdə 2500 manat civarında maddi ziyan dəyməklə yanaşı 7 gün mənəvi əsəb sarsıntısı keçirərək sağlamlığımı itirmişdir. Baş vermiş qəza hadisəsi ilə əlaqədar rəis İ.Kərimov və baş mühəndis A.Quliyevin qəbulunda olsa da, dəymiş ziyanın ödənilməşinə nail ola bilməmişdir. Məhkəməyə müraciət etməyini məsləhət bildirmişlər. İddiaçı оğlu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşmə verərək qeyd etmişdir ki, onun iddia ərizəsində göstərdiyi kimi “xxxx” ASC-nin səhlənkarlığı nəticəsində obyektinə dəymiş ziyanın dəqiq məbləği 2500 manatdır. Həmin 2500 manat məbləğin “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-103/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı оğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı оğlu apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cаvаbdеh “xxxx” Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cаvаbdеh “xxxx” Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsinin məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-103/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.05.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 82a ünvanında yerləşən ümumi sahəsi 149,9 kvadrat metr olan zirzəmi İddiaçı Böyükağa oğlunun adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 6539 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 2016-ci ilin 28 sentyabr tarixində Bakı (Xırdalan) hidrometeoroloji stansiyasında müşahidə olunmuş hava şəraiti haqqında məlumatdan görünür ki, hava tutqun, buludlu, görünüş 20 km, havanın orta temperaturu 16,6°C, minimum temperaturu 14,6°C, maksimum temperaturu 17,9°C, külək şimal-qərb istiqamətli olub, maksimum sürəti 10m/san (5 ball) olmuşdur. Saat 03:30-dan 29 sentyabr saat 04:00-dək müxtəlif intensivlikli leysan yağış yağmış, göy guruldamış, şimşək çaxmış, yağıntının ümumi miqdarı 48,0 mm olmuşdur. Bu da ayıq normanın 279,1 % -ni təşkil edir. Qeyd: Meteoroloji sutka saat 18:00-dan hesablanır. Müşahidə yerli vaxtdan 1 saat geridir. İş materiallarında olan 10.01.2017-ci il tarixli sığorta aktının “xxxx” ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, 29 senyabr 2016-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərər dəymiş daşınmaz əmlaka görə sığorta ödənişi 25,30 manat məbləğ (CPİ-101/2016 saylı iş üzrə çıxarılan haqqı) 1100 0000 0038 8923 saylı karta köçürülmüşdür. İş materiallarında olan 05.01.2017-ci il tarixli sığorta aktının “xxxx” ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, 29 senyabr 2016-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərər dəymiş daşınmaz əmlaka görə sığorta ödənişi 100 manat sığorta ödənişindən 25,30 manat məbləğində sığorta haqqının ödənilməmiş hissəsi çıxılmaqla 74,70 manat sığorta ödənişi 1100 0000 0039 8534 saylı karta köçürülmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il 275 saylı Qərarının 3.2-ci bəndinə əsasən yaşayış binalarının STTSAS (su təchizatı və tullantı sularının axıdılması sistemi)-a qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və qoşulma haqqının ödənildiyi nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin STTSAS-a qoşulması üçün ayrıca texniki şərtlərin alınması və qoşulma haqqının ödənilməsi tələb olunmur. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 saylı Qərarının 1.10-cu bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsi) onun təqsiri üzündən baş verən hadisələr istisna olmaqla, su magistral kəmərindən istehlakçının paylayıcı şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin dəyişməsinə görə məsuliyyət daşımır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 28 sentyabr 2016-cı il tarixdə iddaçıya məxsus obyektinin qarşısından keçən magistral xəttinin tutulması nəticəsində iddiaçının obyektinə zərər dəymişdir. Qanunvericiliyin tələblərindən aydın olur ki, su magistral kəmərindən istehlakçının paylayıcı şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin dəyişməsinə görə məsuliyyət daşımır. Yəni iddiaçının obyektinə zərər vurulmasına səbəb olmuş kəmər cavabdehin məsuliyyət dairəsindən kənardır və həmin kəmərin sazlığını təmin etmək cavabdehin üzərinə düşmür. Həmçinin iş materiallarına əlavə edilmiş 05.01.2017-ci il və 10.01.2017-ci il tarxili sığorta aktlarından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı Böyükağa oğlununa baş vermiş hadisəyə görə ümumilikdə 100 manat sığorta ödənişi edilmişdir. Həmçinin iddiaçı ona 2500 manat məbləğində ziyan dəydiyini qeyd etsə də, ziyanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcələnin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə ki, iddiaçı əmakına dəymiş ziyanın cavabdehin təqsiri üzündən əmələ gəldiyini qeyd etsə də, bu hal sübuta yetirilməmiş, iddiaçının əmlakına dəymiş ziyana görə ona sığorta ödənişi həyata keçirilmiş, həmçinin iddia tələbində qeyd edilən magistral xəttin tutulmasının cavabdehin təqsiri olması bildirilsə də, məhkəmə araşdırması zamanı həmin magistral kəmərin tutulması ilə yaranmış zərərin ödənilməsi öhdəliyinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid olması müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı obyektinə dəymiş zərərin cavabdehin aradan qaldıracağı ilə bağlı öhdəliyinin olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı əmakına dəymiş ziyanın cavabdehin təqsiri üzündən əmələ gəldiyini qeyd etsə də, bu hal sübuta yetirilməmişdir. Kollegiya qeyd edir ki, əmlaka dəymiş ziyan hazırki iddia üzrə cavabdehin təqsiri üzündən əmələ gəlməsi sübut olunmuş olsa belə, iddiaçının əmlakı sığortalı olduğundan dəymiş ziyana görə ona sığorta şirkəti tərəfindən sığorta ödənişini verilməli idi. Hazırki işdən müəyyən edilir ki, “xxxx” ASC tərəfindən İddiaçı Böyükağa oğlununa baş vermiş hadisəyə görə ümumilikdə 100 manat sığorta ödənişi edilmişdir. Kollegiya hesab edir ki, əgər iddiaçı ödənilmiş sığorta ödənişinin az olmasından narazı olduğu halda bu halı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. Ona görə də, hazırkı apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-103/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı оğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-103/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6070/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6070/2021
23.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver