Məhkəmə qərarları › İş №2(103)-6070/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6070/2024

11.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6070/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına X9 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: tikilinin qanunsuz hesab edilməsi və sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin qızı Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı “Heydər Əliyev adına X12”nun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli e-2(007)- 1081/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Heydər Əliyev adına Bakı X9 mühafizəsi üzrə Polis İdarəsinin bölük komandiri, Polis serjantlarının iştirakı ilə xx.xx.2023-cü il tarixli akt tərtib edilərək xx.xx.2023-cü il tarixdə 49 saylı postun ərazisində saat 11:00-da ünvan 1ndə NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 20-25 metr aralı məsafədə özünü Cavabdeh kimi təqdim edən şəxs tərəfindən xəttə paralel 6 metr uzunluğunda və xəttə perpendikulyar 20 metr uzunluğunda dəmir lövhələrdən istifadə etməklə hasar tikinti işlərinin aparılması, eləcə də həmin hasarın içərisində xətdən 30-35 metr aralı məsafədə köhnədən olan 1 otaq tam (yaşayış evi) 1 otaq natamam olan tikilinin qarşısında 16 metr uzunluğunda, 9 metr enində və 9 mişar hündürlüyündə yeni ev tikintisi işlərinin aparılması tərəflərindən aşkarlanmışdır. Tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərinin parılmaması üçün yazılı xəbərdarlıq təqdim olunaraq görülən işlər dayandırılmışdır. Həmçinin "xxxx" MMC-nin əmri ilə yaradılmış komissiya tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə zonası”nın 40 metrliyində tikinti işləri aparılan ünvan 1 ünvanına baxış keçirilmiş və baxış zamanı həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm neft boru kəmərləri keçməsi məlum olmuşdur. Bu barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Mübahisəli məsələlərin araşdırılması məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3178 nömrəli ekspertiza rəyinin nəticə hissəsi ilə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ünvanında yerləşən cavabdehin istifadəsində olan metal hasarın “Heydər Əliyev adına X12”nun istismarında olan neft kəmərindən 26.0 metr, daş hasarın 38.5 metr, evin isə 42.5 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin metal hasarın, daş hasarın və fərdi yaşayış evinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2023-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir..

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Heydər Əliyev adına X12 Cavabdeh qarşı “tikilinin qanunsuz hesab edilməsi və sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 20-25 metr aralı məsafədə Cavabdeh tərəfindən xəttə paralel 6 metr uzunluğunda və xəttə perpendikulyar 20 metr uzunluğunda dəmir lövhələrdən ibarət tikilmiş hasarın və həmin hasarın içərisində xətdən 30-35 metr aralı məsafədə 16 metr uzunluğunda, 9 metr enində və 9 mişar hündürlüyündə tikilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X11 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1ndə NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 20-25 metr aralı məsafədə Cavabdeh tərəfindən xəttə paralel 6 metr uzunluğunda və xəttə perpendikulyar 20 metr uzunluğunda dəmir lövhələrdən istifadə etməklə hasar tikintisi işlərinin aparılması, eləcə də həmin hasarın içərisində xətdən 30-35 metr aralı məsafədə 16 metr uzunluğunda, 9 metr enində və 9 mişar hündürlüyündə yeni ev tikintisi işlərinin aparılması faktı aşkar edilmişdir. Tikintini aparan Cavabdeh aparılan tikinti işlərinin mühafizə zonasına düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli e- 2(007)-1081/2024 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddianın qismən təmin edilməsi, ünvan 1ndə Heydər Əliyev adına X9 istismarında olan neft kəmərindən 26.0 metr aralı məsafədə olan metal hasarın, 38.5 metr aralı məsafədə olan daş hasarın, 42.5 metr aralı məsafədə olan evin özbaşına tikili hesab edilməsi və sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Heydər Əliyev adına X12 tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsinin iddiaçıya aid edilməsi, 50 manat hissəsinin Cavabdeh tutulub iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 50 manat vəsaitin 25 manat hissəsinin Heydər Əliyev adına X7, 25 manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 157.4, 157.8, 180.1, 180.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.2, 22.2, 46.1, 46.2, 84.1, 84.3, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin, apelyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus olan tikilinin yerləşdiyi ərazinin hər bir tərəfində başqa şəxslərə məxsus olan tikinti obyektləri mövcuddur. Belə ki, iddiaçı həmin tikililərin sökülməsi barədə yox yalnız ona məxsus olan yeganə yaşayış sahəsinin sökülməsi barədə iddia qaldırmışdır. Məhkəmə qərar qəbul edərkən müəyyən etmişdir ki, onun tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus olan mühafizə zolağının 50 metrlik məsafədə tikilmişdir. Həmin ərazidə saysız hesabsız tikililərin olduğunu məhkəmə nəzərə almamışdır. Həmçinin məhkəmə iddiaçıya məxsus neft kəmərlərinin mühafizə zolağının 50 metrlik məsafəsində tikilinin yerləşməsinə dair qərarını hər hansı bir qanunvericilik aktına istinad etmədən və yalnız iddiaçı tərəfindən şifahi bildirişinə istinad edərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu hallar Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qətiyyən araşdırılmamış və qanunsuz və əsassız olaraq iddiaçının tələbini təmin edərək onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olan qərar qəbul etmişdir. Odur ki, pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesləri onun iştirakı olmadan baxılmış və onun tərəfindən heç bir etiraz və sübutları təqdim etmək imkanı olmamışdır. Məhkəmə heç bir ekspertiza təqdim etməmiş və həmin neft boru kəmərlərinin mühafizə zolağına hər hansı tikililərin düşməsinə dair heç bir rəy əldə etməmişdir. Halbuki, həmin adıçəkilən ərazidə yüzlərlə tikilinin olmasını nəzərə almamışdır. Odur ki, ona məxsus olan yeganə yaşayış məskəninin qanunsuz və əsassız olaraq sökülməsi barədə qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Heydər Əliyev adına X12”nun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Məsib məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

11. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

12. 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırki halda, iddiaçı həmin qətnaməni mübahisələndirmədiyindən və qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən sözügedən qətnamə iddianın təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli e-2(007)-1081/2024 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya hesab edir ki, iddiaçı cavabdeh tərəfindən neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/3178 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... cavabdehin istifadəsində olan metal hasarın “Heydər Əliyev adına X12”nun istismarında olan neft kəmərindən 26.0 metr, daş hasarın 38.5 metr, evin isə 42.5 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin metal hasarın, daş hasarın və fərdi yaşayış evinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu”.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

25. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

26. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır.

27. “X6rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.

28. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X3rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116).

29. “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.

30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

31. "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

32. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

33. ...Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.

34. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən belə əsaslandırmışdır ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir. Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan tələblərin əsaslı olubolmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir. Özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Yuxarıda qeyd olunan materiallar və işin halları ilə, mübahisə predmeti olan tikili, dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir. Həmin torpaq sahəsinin üzərindəki daş hasarın və fərdi yaşayış evinin neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Beləliklə işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur, bununla da iddia tələblərinə əsasən cavabdehin əmlak və mənzil hüquqlarına müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab verir. Bundan başqa, Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.

36. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən biri olan məhkəmə proseslərinin onun iştirak olmadan baxılması və onun tərəfindən etiraz və sübutların təqdim etmək imkanının olmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan sms bildirişin çatdırılması haqqında çıxarışdan və telefonoqramdan görünür ki, cavabdeh məhkəmə prosesləri barədə məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh qeyd etdiyi sübutları apellyasiya şikayətinə əlavə etməmiş, apellyasiya icraatı zamanı 06 noyabr 2024-cü il tarixli məhkəmə iclasında evin onun mülkiyyətində olması ilə bağlı sənədlər təqdim edəcəyini bildirmiş, kollegiya ona sübutların təqdim edilməsi üçün şərait yaratsa da, sonuncu məhkəmə iclasına kimi həmin sənədləri təqdim etməmiş və məhkəmənin sonuncu iclasına gəlməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli e-2(007)- 1081/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar