Məhkəmə qərarları › İş №2(103)-6072/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6072/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6072/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 28.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının (BOKT) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamə BOKT-a 08.09.2020-ci il tarixdə təqdim olunmuş, onun 06.10.2020-ci il tarixdə verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayətin səlahiyyəti olmayan (etibarnaməsinin müddəti bitmiş) şəxs tərəfindən imzalanmış olması əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş, bundan sonra şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. İddiaçı QSC BOKT nümayəndəsi (icraçı direktoru) 15.01.2021-ci il tarixdə qətnamədən təkrarən apellyasiya şikayəti, həmçinin şikayət verilməsi üçün müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, ilk dəfə vaxtında şikayət verilsə də şikayət onu imzalamış səlahiyyətli şəxsin etibarnaməsinin müddətinin bitməsi səbəbindən geri qaytarılmış, həmin qərardad BOKT-a 16.12.2020-ci il tarixdə daxil olmuş, göstərilən çatışmazlığın aradan qaldırılması ölkədən koronavirus infeksiyası səbəbilə iş yerlərində tətbiq edilən məhdudiyyətlərə görə müəyyən müddət gecikmişdir. Birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmamış, həmin qərardaddan BOKTun nümayəndəsinin verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərardadı ləğv olunaraq iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərardadında apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, iddiaçı təşkilatın vaxtında verdiyi apellyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığı əsas göstərilməklə geri qaytarılsa da, təkrar müraciəti zamanı müddətin bərpası barədə ərizəsi araşdırılarkən ölkədə koronavirus infeksiyasının geniş yaılmasının qarşısının alınması məqsədilə karantin elan edilməsi və nəticədə bəzi hüquq və azadlıqların məhdudlaşdırılmasının hamıya bəlli olan hal olmaqla sübut edilməsinə ehtiyac olmadığı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin 05 may 2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə növbəti dəfə təmin olunmamış, həmin qərardaddan BOKT-un nümayəndəsinin verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, mübahisələndirilən qərardad ləğv edilərək İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürməsi üzrlü hesab olunaraq müddət bərpa edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı QSC BOKT qətnamədən apellyasiya şikayətini ilk dəfə vaxtında versə də həmin şikayət nümayəndənin etibarnaməsinin müddətinin bitmiş olması səbəbindən geri qaytarılmış, BOKT, məhz həmin çatışmazlığı aradan qaldıraraq şikayəti təkrar vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi BOKT-un ərizəsinə formal yanaşmış, qeyd olunan əsasa görə müddəti ötürmüş olduğu qənaətinə gəlməklə səhvə yol vermişdir. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburi olsa da (MPM-nin 399-cu maddəsi), birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qərarındakı mövqeləri nəzərə almamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilmişdir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərə, xüsusən şikayətlərin qəbul edilənliyinə münasibətdə müəyyən məhdudiyyətlərə məruz qala bilər. Dövlətlər bununla bağlı müəyyən mülahizə sərbəstliyinə malik olsalar da, həmin hüquqlarından elə tərzdə istifadə etməlidirlər ki, bu, məhkəməyə müraciət etmək hüququnu onun mahiyyətinə toxunacaq dərəcədə məhdudlaşdırmasın. Qoyulan belə məhdudiyyətləri o zaman Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun hesab etmək olar ki, məhdudiyyətlər qanuni məqsəd güdsünlər və istifadə olunan vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik mövcud olsun. Çünki demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququ mühüm yer tutur və həmin hüququn tərkibinə həmçinin hüquq və vəzifələrlə bağlı qəbul edilmiş məhkəmə qərarlarını yuxarı instansiya məhkəmələrində mübahisələndirmək imkanı daxildir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3429/2020 saylı iş üzrə 05 may 2021-ci il tarixli qərardadı ləğv olunsun və həmin məhkəmənin 28 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayəti vermə müddəti üzrlü hesab edilərək bərpa olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar