Məhkəmə qərarları › İş №2(103)-6074/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6074/2024

17.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6074/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3 Services LTD” Şirkətinin Filialına qarşı mülki iş üzrə (Açar sözlər: ödənilməmiş əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, cavabdeh “X3 Services LTD” Şirkətinin Filialının nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X3 Services LTD” Şirkətinin Filialına qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3096/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1977-ci il tarixdə adına açılmış ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə “X3 Services LTD” Şirkətinin Filialına sürücü (1-ci dərəcə) vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə “X3 Services LTD” Şirkətinin Bakı Filialına sürücü (1-ci dərəcə) vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 22-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

2. İşçi İddiaçı ilə işəgötürən “X3 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış DR19/069 saylı əmək müqaviləsinin 4.8, 4.9 və 4.10-cu bəndlərinə görə “İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Əsas iş vaxtı Vəzifə Təlimatına əsasən müəyyən olunur. İstirahət günləri Vəzifə Təlimatına əsasən müəyyən olunur.

3. İşçi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə imzalanmış Vəzifə Təlimatına əsasən, sürücü vəzifəsində işləyən İddiaçı iş saatı, istirahət günü və nahar vaxtı müvafiq olaraq gündə maksimum 6 saat 40 dəqiqə sükan arxasında, həftədə bir gün hər iş növbəsi üçün 1 saatdan ibarətdir.

4. İşçi İddiaçı adına 2019-cu il yanvar ayı tarixindən 2023-cü il iyul ayı tarixinə qədər tərtib edilmiş ödəniş cədvəllərindən görünür ki, “İstirahət və bayram günləri” bəndində müxtəlif sayda əlavə iş günləri qeyd edilməklə cəmi məbləğin alınmasını düz olduğu imza edilməklə təsdiqlənmişdir.

5. xx.xx.2023-cü il tarixli əmr №074 DR/T/23 dən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixli sonuncu iş günü olmaqla, şirkətin filialında tutduğu sürücü (dərəcə 1) vəzifəsindən azad edilmiş və həmin gündən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh “X3 Services LTD” Şirkətinin Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Böyük Britaniyanın “X3 Services LTD” Şirkətinin filialından ona ödənilməmiş əmək haqqına görə 66907 manat, əmək haqqının gecikdirilməsinə görə 24957 manat və vurulmuş mənəvi ziyana görə 10.000 manat, cəmi 101.864 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın “X3 Services LTD” Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. Onunla əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin, onunla 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. 2019-cu ilin may ayından 2023-cü ilin noyabr ayına qədər Böyük Britaniyanın “X3 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-07:00dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işləmişdir. Buna baxmayaraq, ona əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilməmişdir. Onunla cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra, şənbə günləri və iş vatxından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etdikdə, cavabdeh bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsində bütün bu hallar öz əksini tapıb və şirkətin ona hər hansı verəcəyi qalmamışdır. X5 “X3 Services LTD” Şirkətinin filialında 2019-cu ilin avqust ayından 2023-cü ilin avqust ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işlədiyi müddət hesablansa, cavabdeh tərəfindən ona əlavə iş saatına görə 47070 (4707 saatX10AZN=47070 AZN) manat, qeyri-iş günlərinə görə 19.837 (2019-cu il 52 gün, 2020-ci il 52 gün, 2021-ci il 52 gün, 2022-ci il 52 gün və 2023-cü il 31 gün qeyri iş günləri) manat olmaqla, ümumilikdə cavabdeh ona 66.907 manat məbləğində əlavə iş saatları və qeyri-iş günləri işlədiyinə görə əmək haqqı ödəməli idi. O, iş vaxtından artıq vaxtda işə cəlb olunduğuna görə əlavə əmək haqqı ödənişini tələb etmiş, lakin “X2 Services LTD” Şirkətinin filialı tərəfindən imtina edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3096/2024 saylı 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, müxtəlif aylarda əlavə iş vaxtları üzrə əlavə ödənişlərin hesablanması və ödənişlərin cəmi miqdarının bu səbəbdən hər ay üçün müxtəlif olması cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəllərində görünür. Qeyd olunan hesablamalar və yekun məbləğ cədvəldə “Alıb düz olduğunu imzam ilə təsdiq edirəm” qeydinə imza edilməklə təsdiq olunmuşdur. Məhkəmə iclasında iddiaçının nüməyəndəsi və vəkili həmin imzaların iddiaçıya məxsus olmasının yoxlanılması məqsədi ilə məhkəməxəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərək həmin sənədlərdə imzaların iddiaçıya məxsus olmadığı dəllilərini irəli sürmüşdür. Məhkəmə tərəfindən vəsatət təmin edilməyərkən işəgötürənin işçiyə əmək haqqı və digər ödənişlərin bank hesabına köçürmə vasitəsi ilə edildiyi və bankın təqdim etdiyi hesab çıxarışında işçinin ödəniş cədvəlinə uyğun vəsaitlərin köçürülməsinin aparıldığı nəzərə alınaraq, işçinin bu vəsaitlərin hər ay üçün fərqli olmasına baxmayaraq mübahisələndirməməsi halı əsas götürülmüşdür.

10. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının əmək haqqı hesabına mütəmadi olaraq qeyri-sabit məbləğdə əmək haqqı ödənilmişdir ki, iddiaçı bu məbləğləri qəbul edərkən onların fərqli olmasının səbəb və əsasını araşdırmamaqla bu fərqin məhz iş vaxtından artıq işləməsinə görə yarandığı barədə məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür.

11. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 89 və 99cu madələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3096/2024 saylı 10 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir ki, onun əlavə iş saatı və qeyri-iş günlərinə görə əmək haqqı ödənilmədiyi üçün o ailəsinin maddi tələbatlarını tam ödəyə bilməmişdir. Həmçinin istirahət günləri və əlavə iş vaxtı işlədiyi üçün ona əlavə əmək haqqı ödənilmədiyindən o uzun müddətdir ki psixoloji və mənəvi sarsıntı keçirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın “X3 Services LTD” Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin, onunla 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. Fazil Muradov (iddia ərizəsində yazıldığı kimi) 2019-cu ilin may ayından 2023-cü ilin noyabr ayına qədər Böyük Britaniyanın “X3 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-07:00-dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işləmişdir. Böyük Britaniyanın “X3 Services LTD” Şirkətinin filialı onun məlumatı və imzası olmadan birtərəfli qaydada, elektron sistemdə iş vaxtı ilə bağlı müqavilədə dəyişiklik etmişdir. Cavabdeh tərəfindən birtərəfli qaydada dəyişdirilən əmək müqaviləsində işə başlama və işin vaxtı qeyd olunmamışdır. Həmçinin, iş vaxtı və iş rejimi düzgün qeyd olunmamış, bu Əmək Müqaviləsində deyil, yalnız vəzifə təlimatında öz əksini tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahidlərin dindirilməsi barədə məhkəməyə vəsatət verilsə də, vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə prosesində cavabdeh oun tərəfindən tərtib olunmuş taym şitləri qəbul etmiş və qeyd etmişdir ki, bu avtomobillərin kilometrajının müəyyən edilməsi üçündür. Lakin orada yazılanları qəbul etməmiş, proses zamanı əmək haqqının hesbalanması barədə sənəd tələb olunsa da, cavabdeh tərəfindən əmək haqqının hesablanması barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin, məhkəmə prosesində X4 tərəf qismində cəlb edilsə də, məhkəmə prosesində iştirakı təmin olunmamışdır. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan əsaslar nəzərə alınmadan və araşdırılmadan qətnamə qəbul olunmuşdur. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, cavabdehin öz öhdəliklərini icra etməsi ilə bağlı saxta sübutlar nəzərə alınmış, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlara düzgün istinad edilməmişdir. Məhkəmə yalnız cavabdehin fərziyyələrinə və bundan əvvəl baxdığı anoloji işə istinad etməklə qətnamə qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Əmək müfəttişliyində işçinin yəni onun şiakyəti əsasında araşdırma aparılmış və müəyyən olunmuşdur ki, bəzi illərdə onun əmək məzuniyyəti və işdən çıxan zaman son-haqq hesab düzgün hesablanmamışdır. Göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmiş və iş üzrə məhkəmə mühasibatlıq və xəttşünaslıq ekspertizaların təyin edilməsi barədə vəsatətlər verilsə də, məhkəmə tərəfindən vəsatətlər əsassız olaraq rədd edilmişdir. Müvafiq ekspertizalar təyin olunsaydı işin obyektiv və ədalətli həllinə zəmin yaradardı. Məhkəmə bilərəkdən bunu etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafə edərək bildirmişdir ki, əmək müqaviləsində qanunvericiliyin tələblərinə əsasən işə başlama, nahar fasiləsi və işin bitmə saatları qeyd edilməlidir. Qarşı tərəf bunun vəzifə təlimatında qeyd edildiyini bildirir, lakin vəzifə təlimatında işçinin əmək funksiyası və vəzifəsi qeyd oluna bilər, işin başlama və bitmə tarixi qeyd edilməli deyildir. Bundan başqa təqdim etdiyi cədvəllərdə işçinin işə başlama və bitmə tarixləri qeyd edilmişdir. İşçi orada sürücü işləmişdir, müəyyən işçiləri müəyyən məntəqədən işə gətirmiş, daha sonra iş vaxtı bitəndə evlərinə aparmışdır, demək həmin vaxtlarda işdə olmuşdur. Əgər işçinin iş saatı 3 saat, 5 saat idisə bu əmək müqaviləsində qeyd edilməli idi, bu zaman işçi başqa müəssisədə işləyərək qazanc əldə edə bilərdi. Bundan başqa qarşı tərəf sənəd təqdim edir, hansı ki, iddiaçı həmin sənədləri hər ayın sonunda imzalayırdı, lakin iddiaçı onun mahiyyətindən məlumatsız olmuşdur, o sürücü adamdır. Qarşı tərəf bildirir ki, iddiaçı növbəli iş rejimində işləmişdir, lakin işçinin növbəli iş rejimində işləməsi ilə bağlı onun razılığının olub-olmaması qeyd edilməmişdir. Bundan başqa növbəli iş rejimində işləyirsiə nəyə görə işçi eyni gündə eyni saatda işə gəlirdi, bu artıq növbəli iş rejiminin pozulması deməkdir. İşçi növbəli iş rejimində işləyirdisə bu zaman növbə cədvəli tutulmalı və işçi onu görməli idi. Əmək müqaviləsində işçinin iş vaxtının başlama və müddəti göstərilməmişdir. O sürücü idi, işçiləri evlərindən işə, işdən isə evə çatdırmalı idi. İşçinin əsas iş yeri həmin müəssisə idi. Proses zamanı müəyyən olunmuşdur ki, işçi növbəli iş rejimində işləmişdir, bəs necə olur ki, işçi bundan məlumatsızdır. İş vaxtının hesablanması uçotu cədvəli vardır, burada işçinin hər gün üçün işləyib-işləmədiyi, əlavə işə cəlb olunub-olunmadığı, cəmi neçə gün işlədiyi, neçə gün xəstə olduğu hamısı birbəbir qeyd olunur. Bu cədvəl hər ay üçün tərtib olunur. Həmin cədvəllərində işçi özü imza edərək razılaşmışdır. Bu cədvəllərə əsasən işçi iş vaxtından artıq işləyərdisə o zaman əlavə əmək haqqı alırdı. Qarşı tərəfin dedikləri iş materialları ilə sübuta yetirilə bilmir. Time sheet-dən görsənir ki, iş vaxtı başlayır saat 06:00 da və iş vaxtının bitmə saatları 19:00; 21:00, 20:30-dək görsənir. İşçi səhər saat 6:00-da işə başlayır və iş vaxtı axşam saat 10:00-da gedir, işçinin konkret olaraq hansı işlə məşğul olduğu bilinmir. Bundan başqa işçi hər dəfə etiraz edəndə mühasibatlıqdan ona bildirmişlər ki, layihə bitən zaman kompensasiya veriləcəkdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə iddiaçı yoxdur.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, elə gün olmuşdur ki, o, gecə saatlarında da işləmişdir. O, bayram günlərində də işləmişdir. İş materiallarına təqdim etdiyi cədvəllərdəki saatlar tam doğrudur əgər səhv olsa idi o bir neçə şəxsin əlinin altından keçirdi, belə olan halda səhv olduğunu bildirirərdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh “X3 Services LTD” Şirkətinin Filialının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişdir ki, iddaçı təmsil etdiyi müəssisədə sürücü vəzifəsində çalışmışdır. Onun vəzifəsi müəssisənin işçilərini şəhərin müəyyənləşdirilmiş yerlərindən, müəyyənləşdirilmiş saatda idarə etdiyi nəqliyyat vasitəsi ilə müəssisəyə gətirmək və günün sonunda isə həmin işçiləri yenidən şəhərə aparmaq idi. İddiaçının başqa görməli olduğu iş yox idi. İddiaçıya təhvil verilmiş işçilər səhər saat 08:00-da işdə olmalı idi, hər dəfə eyni adamları aparıb-gətirməli idi. Sürücülərin hamısı gün ərzində cəmi 2-3 saat işləyiblər, onların əməyinə ondan artıq ehtiyac yoxdur. Bunun sübutu iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş avtomobilin idarə edilməsi ilə bağlı sənəddir ki, oradan müəyyən olunur ki, o, gün ərzində 70 km-100 km avtomobili idarə etmişdir. İşçinin iş rejimi iş vaxtının cəmlənmiş uçotu ilə müəyyənləşdirilir. Səhər saat 07:00-dan 10:00-dək, axşam isə 15:40-dan 18:50-ə dək işləyir, həftədə isə bir gün istirahət günüdür. Bunların hamısı əmək müqaviləsinin 4.8, 4.9 və 4.10-cu maddələrində və ona edilmiş əlavədə qeyd edilmişdir. Vəzifə təlimatında qeyd edilmişdir ki, gündəlik iş saatları 6 saat 40 dəqiqə, həftədə isə bir gün istirahət günüdür. İş vaxtı isə növbə cədvəlləri ilə müəyyən olunur, iş materiallarına işçinin növbə cədvəlləri əlavə edilmişdir və həmin cədvəllərdən görünür ki, işçinin iş növbəsi dəyişilmir. Həmin müəssisədə çox yaxşı şərait, tv, çay, kofe və s. hər cür şərait vardır, sürücülər iş olmayan saatlarda azaddırlar, müəssisəni tərk edə bilərdilər. Eyni zamanda günortalar pulsuz yeməklər verilir, həmin saatlarda həmin şəraitdən istifadə etmək mümkündür. İşçi neçə illərdir ki, bu şəraitdə işləmişdir, əgər narazı idisə belə olan halda etirazını edə bilərdi. Əmək müqaviləsinin şərtlərinə əsasən iş vaxtı növbə cədvəllərinə əsasən müəyyən olunur və növbə cədvəlləri hamının görə biləcəyi yerdə asılmışdır. İddiaçının yeganə sübutu Boss shelf şirkətinə məxsus avtomobilin texnki vəziyyətinə nəzarət etmək üçün nəzərdə tutulmuşdur cədvəllərdir. Həmin sənədlərin əslini hazırda təqdim edirlər. İddiaçının təqdim etdiyi cədvəl iş vaxtını müəyyən edən cədvəl deyildir. Burada işçinin iş saatı, iş vaxtından artıq-əskik işləməsi ilə bağlı məlumat yoxdur. İşçi həmin sənədin surətini götürərək özündən əlavələr etmişdir, həmin sənədlərin əsillərində hansı ki, iddiaçının hər səhifəsində 20-ə yaxın imzası vardır, orada bir dəfə də olsun iş vaxtından artıq işləməklə bağlı məlumat yoxdur. Bütün dövrü əhatə edən iş planları sistemə yüklənmişdir. İşçi səhər saat 07:00-10:00-dək, axşam isə saat 15:10-dan 18:50dək iş vaxtıdır, aradakı vaxt is saatlarına aid deyildir. İş vaxtının hesablanması uçotu cədvəli vardır, burada işçinin hər gün üçün işlədiyib-işləmədiyi, əlavə işə cəlb olunubolunmadığı, cəmi neçə gün işlədiyi, neçə gün xəstə olduğu hamısı birəbir qeyd olunur. Bu cədvəl hər ay üçün tərtib olunur. Həmin cədvəlləri işçi özü imza edərək razılaşmışdır. Bu cədvəllərə əsasən işçi iş vaxtından artıq işləyərdisə o zaman əlavə əmək haqqı alırdı. Əmək müqaviləsində qeyd edilmişdir ki, işçi hər gün 6 saat 40 dəqiqə olmaqla həftə ərzində 6 gün işləməlidir. İşçinin işi yalnız səhər işçiləri şəhərdən götürərək işə gətirməli, axşam isə eyni işçiləri şəhərə çatdırmalı idi. Barışıq əldə olunması mümükün deyildir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 26.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

27.83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 28.89-cu maddəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 29.99.1-ci maddəsinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 30.102-ci maddəsinə əsasən, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 31.113.1-ci və 113.3-cü maddələrinə əsasən, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 32.135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 33.143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 34.144.2-ci maddələrinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 35.154.1-ci maddələrinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 36.156.2-ci maddəsinə əsasən, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. 37.157.3-157.5-ci maddələrinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. 38.165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. 39.172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 40.172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 41.172-ci maddəsinin “Qeyd” hissəsinə görə bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 42.178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 43.195-ci maddəsinin d bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

44. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

45. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, iş vaxtından sonra və həftələrarası istirahət günlərindən istifadə etmək hüququ əldə edir. Əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. İşçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ilə razılaşaraq apelyasiya şikayətində istinad olunan dəlillərlə əlaqədar qeyd etməyi zəruri sayır ki, iddiaçının əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından artıq vaxt ərzində iş gördüyü və bunun müqabilində ona əlavə haqq ödənilməli olduğu halda ödənilmədiyi iş materiallarında olan sənədlərə əsasən öz təsdiqini tapmır.

50. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının tərəf olduğu əmək müqaviləsinin məzmununa (4-9-cu və 4.10-cu bəndlərinə) əsasən, onun əsas iş vaxtı və istirahət günlərinin Vəzifə Təlimatına görə hesablandığı, özünün imzaladığı Vəzifə Təlimatına əsasən isə iş saatlarının – gündə maksimum 6 saat 40 dəqiqə sükan arxasında; istirahət vaxtının isə həftədə bir gün təşkil etdiyi müəyyən edilir.

51. Göründüyü kimi iddiaçının sükan arxasında keçirdiyi vaxtın 6 saat 40 dəqiqədən çox olduğu, həftənin yeddi günü işlədiyi, yəni işəgötürənin əmri (sərəncamı, qərarı) və özünün razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirdiyi müəyyən edilmir.

52. İddiaçı iddianın faktiki əsası kimi istinad etdiyi halların mövcudluğunu sübut etmək məqsədilə iş cədvəllərini təqdim emişdir. Məhkəməyə sübut olaraq təqdim etdiyi cədvəllərdən (Time sheet-də əks olunan sürülmüş yolun kilometrajından) də onun sükan arxasında olduğu iş vaxtının Vəzifə Təlimatına əsasən müəyyən edilmiş iş saatlarından çox olmadığı aşkardır. Cavabdeh tərəfindən təqdim edilmiş növbəlilik planından da görünür ki, işçinin iş saatları iki hissədən ibarət olmaqla 07:00-dan 10:00-dək və 15:40-dan 18:50-dək olmuşdur.

53. İddiaçının istinad etdiyi dəlillər həmçinin işəgötürən tərəfindən tərtib edilmiş və onun özü tərəfindən imzalanmış, iş vaxtının uçot tabellərinə uyğun hesablanmış haqq-hesab sənədləri ilə də təkzib edilir. Belə ki, iddiaçı cavabdeh təşkilatda çalışdığı dövr ərzində icra etdiyi işə görə əmək haqqının, əmək haqqına əlavələrin, habelə digər ödənclərin hesablanmasına dair cədvəlləri imzalamaqla əmək haqqının hesablanmış məbləğləri, vaxtlı-vaxtında hesabına köçürülməsi ilə razılaşmışdır. Hazırda da iddiaçının fəaliyyət göstərdiyi müəssisə tərəfindən əmək haqqı hesablamalarının düzgün aparılmadığına istinad etməsi də ağlabatan görünmür.

54. İddiaçıya cavabdeh tərəfindən ödənilməmiş əmək haqqı məbləğinin müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası, iddianın digər hissələrinə dair hər hansı münasibət bildirməsini, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilməsi, habelə bu səbədən iddiaçının əmək hüquqlarının pozululması iş üzrə tədqiq edilmiş sübutlara əsasən öz təsdiqini tapmadığından, ümumiyyətlə zəruri hesab etmir.

55. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

58. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

59. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3096/2024 saylı 10 sentyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar