Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6075/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X6 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddianın dəyişdirilməsinə dair” məhkəməyə ərizə vermiş və 26 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlu cavabdeh “X6 Azərbaycan” QSC-nə qarşı “zaminlik müqaviləsinin ləğvinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Ziya İlham oğlu ilə “X6 Azərbaycan” QSC arasında 26 iyul 2013-cü il tarixində bağlanmış 24273/03 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla “X6 Azərbaycan” QSC arasında 26 iyul 2013-cü il tarixində 24273/03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə 26 iyul 2013-cü il “X6 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borc alana 941.160 manat verilməsi ilə bağlı açılmış xəttinin təminatı kimi bağlanmışdır. Həmi müqavilə üzrə ayrılmış bütün vəsaitlər üzrə borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə zamin borcverənin ilkin yazılı tələbi ilə kreditor məbləğini, ona hesablanmış faiz və cərimələrlə birlikdə borcun tutulması üzrə məhkəmə xərclərinini və borcalanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər də daxil olmaqla dərhal borcverənə ödənilməsini öz üzərinə götürür. Bunula belə, zamin razılaşır ki, borcalanın kredit müqaviləsi üzrə borcverən qarşısında müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra edilmədikdə borcverən zaminin “X6 Azərbaycan” QSC hər hansı bir bank hesabındakı pul vəsaitinin borcalanın kredit borcu miqdarında onun sərəncamı olmadan borcalanın borcu əvəzinə, həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və borclanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər dəymədən mübahisəsiz qeyd-şərtsiz qaydada hesabından silmək və ya borcalana qarşı olan tələb miqdarında hesabındakı məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olacaq. Müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə iddia ərizəsinə əlavə vermiş və Nərimanov Ziya İlham oğlu ilə “X6 Azərbaycan” QSC arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış 24273/03 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Tağıyeva, iş 2(006)-3844/2018) iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova, iş № 2(103)-443/2019) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(006)- 3844/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilmiş, “X6 Azərbaycan” QSC ilə İddiaçı arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış, 24273/04 saylı zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva, iş № 2(102)-3896/2019) cavabdeh “X6 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-12443/2019) İddiaçı və üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), Ə.Əliyev və A.Kalbalıyev, iş № 2(102)-1229/2020) İddiaçı və üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-5075/2020) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov, iş № 2(102)-2718/2021) üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Göstərilən səbəbdən, üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 3-cü şəxs Z.Nərimanov əvvəlcə məhkəməyə müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, məhkəmədən zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin məhkəmə qətnamədə müqavilənin xitamı tələbinə heç bir hüquqi verməmiş, əsassız olaraq müqavilənin ləğvi tələbinə dair iddianın təmin edilməməsini qiymət vermişdir. Bu zaman istinad etdiyi hüquq normaları isə əqdlərin etibarsızlığı olmuşdur. Bundan başqa Z.Nərimanovla bağlanmış zaminlik müqaviləsində zaminliklə təmin edilmiş öhdəliyin həddi və zaminliyin hansı əsas müqaviləyə görə yaranması müəyyən deyil. Bankla MMC arasında bağlanmış 26.07.2013-cü il tarixli 24273/1 saylı kredit limiti açılması barədə müqaviləyə əsasən kredit limiti manatla ayrılsa da kredit xətti çərçivəsində 01.05.2014-cü il tarixli 5 saylı kredit sazişinə əsasən Bank tərəfindən MMC-yə kredit dollarla verilmişdir.26.07.2013-cü il tarixli 24273/1 saylı kredit xəttinin açılması barədə müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilməmiş, həmin kredit xətti çərçivəsində 01.05.2014cü il tarixli 5 saylı kredit sazişində isə faiz dərəcəsi barədə zaminin razılığı alınmamışdır. Zaminin razılığı alınmadan bağlanmış 01.05.2014-cü il tarixli 5 saylı kredit saziş nəzərdə tutulmuş öhdəliyin konkret həcmi hazırda 26.07.2013 tarixli 24273/1 saylı kredit xəttinin açılması barədə müqavilə ilə müəyyən edilmiş ümumi məbləğ həddində deyil. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun apellyasiya şikayətinə münasibətdə yoxlanılması təşkil edir. Belə ki, yuxarıdakı məhkəmə aktları ilə İddiaçı apellyasiya şikayəti yoxlanılaraq hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “X6 Azərbaycan” QSC ilə İddiaçı və Nərimanov Ziya İlham oğlu arasında bağlanmış zaminlik müqavilələrinin etibarsızlığına səbəb ola biləcək hallara yol verilməmişdir. Bundan başqa “X6 Azərbaycan” QSC və İddiaçı və Nərimanov Ziya İlham oğlu arasında bağlanan zaminlik müqavilələrinin sadəcə görünüş üçün bağlandığı fərz edilsə belə, İddiaçı və Nərimanov Ziya İlham oğlu 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiklərindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh “X6 Azərbaycan” QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs Nərimanov Ziya İlham oğlunun cavabdeh “X6 Azərbaycan” QSC-nə qarşı “zaminlik müqaviləsinə xitam verilməsinə” dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində isə müəyyən edilmişdir ki, 26 iyul 2013-cü il tarixində "xxxx" QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən "xxxx" MMC-ə 27 iyul 2015-ci il tarixinədək, 24 (iyirmi dörd) ay müddətinə, 941.160 manat məbləğində kredit limiti ayrılmışdır. 01 may 2014-cü il tarixində "xxxx" QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı Kredit müqaviləsinə dair 5 saylı kredit sazişi bağlanılmışdır. Kredit sazişinin şərtlərinə görə, bank tərəfindən borcalan "xxxx" MMC-yə 8 ay müddətinə, illik 14% olmaqla 1.153.873.25 USD ABŞ dolları məbləğində kredit verilmişdir. 26 iyul 2013-cü il tarixində "xxxx" QSC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Eyni zamanda “X6 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borc alana 941.160 manat verilməsi ilə bağlı açılmış xəttinin təminatı kimi Nərimanov Ziya İlham oğlu ilə “X6 Azərbaycan” QSC arasında 26 iyul 2013-cü il tarixli 24273/03 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən, zamin İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalının 34% payı üzrə, zamin Z.Nərimanov isə 33% payı üzrə təsisçisidir. Bundan başqa iş materiallarından görünür ki, "xxxx" MMC-nin 20 iyul 2013-cü il tarixili təsisçilərinin ümumi yığıncağının qərarına əsasən, X3, Nərimanov Ziya İlham oğlu və İddiaçı "xxxx" MMC-nin imkanlarını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən “X6 Azərbaycan” QSC-dən 1.200.000 manat məbləğində kredit vəsaitinin alınması üçün müraciət edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Bundan başqa “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Qeyd olunan qərardadda həmçinin göstərilmişdir ki, “Mülki Məcəllənin 470.1-ci maddəsinə görə,zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürürvə borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır.Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.” Kollegiya qeyd edir ki, İddiaçı və üçüncü şəxs Z.Nərimanov zamin olduqları kimi, əsas borclu "xxxx" MMC-nin müvafiq olaraq 34 və 33% pay hüquqlu təsisçiləridir. Göründüyü kimi onların kredit müqavilələrinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatları olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla iddia tələbləri əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384 cü maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəmsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Ziya İlham oğlunun iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6075/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6075/2021
24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver