Məhkəmə qərarları › İş №2(103)-6075/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6075/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6075/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(008)-1572/2023 nömrəli qətnaməsindən cavabdehin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1299 manat məbləğdə vurulmuş zərər və 3299 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, cəmi 1331,99 manat məbləğdə pul vəsaitinin alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(008)- 1572/2023 nömrəli iddia təmin edilmişdir.

3. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

5. MPM-in 361.2-ci maddəsində təsbit olunmuşdur ki, apellyasiya şikayəti şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

6. Hazırkı işdən isə müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş şikayəti vəkil qismində Nümayəndə imzalasa da, şikayətə sonuncunun səlahiyyətini təsdiq edən orderi əlavə edilməmişdir.

7. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

8. Birinci instansiya məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərinə zidd olaraq, MPM-in 361.1-ci maddəsinə uyğun verilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(008)- 1572/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar