Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6078/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3222/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Sayğacdan keçən qaz sərfi qeyd edilmədiyinə görə iddiaçıya 2023-cü il mart ayı üçün 6220.80 manat məbləğində ziyan hesblanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin əməkdaşları tərəfindən iddiaçıya hesablanmış 6220.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçının məlumatı olmadan ünvana gələrək orada quraşdırılmış qaz sayğacı "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir. Daha sonra "Azəriqaz" İB-nin əməkdaşları quraşdırılmış qaz sayğacında müəyyən nasazlıqların olması əsas gətirərək akt tərtib etmiş və iddiaçıya 6220,80 manat məbləğində əsassız olaraq borc hesablanmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3222/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00020) qaz sərfiyyatına görə hesablanmış 6.220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən dövlət rüsumuna görə 82.21 (səksən iki manat iyirmi bir qəpik) manatın dövlət nəfinə tutulması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 6.220,80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00020 saylı abunə koduna hesablanmış 6.220,80 manat məbləğində borc silinməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsi 560.1-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 9-cu bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.5, 9.4-cü maddələrini və Mülki Prosessual Məcəllənin 77.2, 119.1, 124.1, 88, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3222/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə edilmiş, nəticədə qaz təchizatını təmin edən qurum kimi cavabdehə zərər vurulmuş, qazın talanması həyata keçirilmişdir. Zərərin vurulması cavabdehin səlahiyyətli əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsinə dair xx.xx.2023-cü il tarixli ******* saylı aktla öz təsdiqni tapır. Tərtib edilmiş aktdan da bəlli olur ki, quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və baxış nəticəsində müəyyən olunmuşdur ki, faktiki olaraq qaz sayğacına müdaxilə edilmiş, sayğac qaz sərfiyyatını qeyd etmir. Bununla bağlı həmçinin videomüşahidə həyata keçirilmiş və müəyyən olunmuşdur ki, qaz sayğacı faktiki olaraq qazın sərf edilməsini baxmayaraq qaz sərfini qeydiyyata almır. Mövcud hal faktiki olaraq qaz sayğacını müdaxilə edildiyini, müdaxilə nəticəsində isə cavabdehə zərər vurulmasını təsdiq etməkdədir. Məhkəmə iddia tələbini təmin edən zaman zərərin vurulması faktını nəzərə almamışdır ki, nəticədə cavabdehə vurulmuş ziyanın əvəzi ödənilməmiş olaraq qalmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək apellyasiya şikayətində yazılanları məhkəmə çıxışı kimi nəzər alınmasını, apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin rədd edilməsi varədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Maddə Maddə 1096.2)
13. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
15. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. (Bənd 4.6) Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. (Bənd 4.7)
16. Həmin Qaydaların 4.8-ci bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. İddiaçı hesablanmış 6220.80 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
22. "Azəriqaz” İstehsalat Birliyi qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, 6220.80 manat borc itirilmiş qaz sərfiyyatının dəyəri olaraq hesablanmışdır.
23. Məhkəmə kollegiyası istehsalat birliyinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların, məhz istehlakçı - İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3222/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev