Məhkəmə qərarları › İş №2(103)-6081/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6081/2023

07.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6081/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi və yerləşkənin altındakı torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-48/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1ndə yerləşən 5b saylı fərdi yaşayış evi İddiaçı4 (mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır), 5v saylı fərdi yaşayış evi İddiaçı1 (mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır), 5a saylı fərdi yaşayış evi İddiaçı3 (mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır) və 5q saylı fərdi yaşayış evi (bundan sonra birlikdə – Fərdi yaşayış evləri) İddiaçı2 (mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır) mülkiyyətindədir.

2. Fərdi yaşayış evlərinin qonşuluğunda yerləşən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 14 C saylı qeyri-yaşayış binası (bundan sonra – Qeyri-yaşayış binası) ilk dəfə xx.xx.2014-cü il tarixdə X12 adına daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınmış, sonradan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında onun tərəfindən X13, xx.xx.2015-ci il tarixli alqı-satqı müaviləsi əsasında isə sonuncu tərəfindən X1 və xx.xx.2015-ci il tarixdə sonuncunun bu əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. xx.xx.2018-ci il tarixdə X7 adına yenidən qeydiyyata alınmışdır. X14 xx.xx.2020-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakla bağlı xx.xx.2021ci il tarixdə bağlanmış miras payın bölüşdürülməsi müqaviləsinə əsasən qeyri-yaşayış binası X5 mülkiyyətində verilmiş (mülkiyyət hüququ xx.xx.2021-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır), xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə onun tərəfindən Cavabdeh1 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sonuncu bu əmlakın xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən təsnifat üzrə 1-ci mərtəbədə yerləşən 200 kv.m-dən ibarət 15 saylı “xidmət sahəsi”ni Cavabdeh2 bağışlamış və sonuncunun həmin əmlaka dair mülkiyyət hüququ xx.xx.2023cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən texniki baxış zamanı iddiaçılara məxsus fərdi yaşayış evlərinin ümumi həyatyanı sahəsinin əsas yola çıxış hissəsi digər fiziki şəxs X5 xüsusi mülkiyyətindıə olan qeyri-yaşayış binasının texniki pasportu üzrə, 1-ci mərtəbədəki 15 saylı yerləşkənin daxilindən keçdiyi aşkar edilmişdir. gediş-gəliş yolu evlərə dair verilmiş texniki pasportlarda nəzərdə tutulmamışdır. Fərdi yaşayış evlərinə hazırkı faktiki vəziyyətdə yeganə gediş-gəliş yolu Babək prospekti, Qafqaz küçəsi tərəfə, qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçir.

4. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5359 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı yerləşkən (arka) olaraq qeyd olunan sahə, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 04/3904 inventar nömrəli “Texniki Pasport” da öz əksini tapan 15 nömrəli xidmət sahəsidir, iddiaçılara məxsus olan fərdi yaşayış evlərinin giriş-çıxış qapısı həmin evlərin qarşısında yerləşən torpaq sahəsinə açılır, həmin hissə fərdi yaşayış evlərinə dair tərtib olunmuş “Texniki Pasport”ların “Torpaq sahəsinin planı” bölməsində yol kimi qeyd olunsa da, fərdi yaşayış evlərinin ümumi yola çıxış istiqamətləri “Texniki Pasport”da öz əksini tapmışdır. Həmin Texniki pasportda göstərilən qeyri-yaşayış sahəsinə aid olan 15 nömrəli xidmət sahəsinin sahəsi 200 kv.metrdir və həmin sahə texniki pasportda göstərilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin sahəsinə daxil olduğu, 15 nömrəli xidmət sahəsinin tikinti altı sahəsi (divarların altı nəzərə alınmaqla) 205,1 kv.metrdir. Qeyri-yaşayış sahəsinin ümumi tikinti altı sahəsinin 1149,7 kv.metr olduğunu nəzərə alaraq 15 nömrəli xidmət sahəsinin altında olan torpaq sahəsi nəzərə alınmadan qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin ölçüsü 944,6 kv.metrdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların yaşayış evlərinin çıxışı olan ümumi istifadə yolunun (S=970 kv.m) əsas yoldan gediş-gəlişi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 və Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olduğu, qeyd olunan 15 saylı sahənin qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil olduğu, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixdən əvvəl texniki pasportunun mövcud olduğu qeyd edilir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən müvafiq olaraq 5b, 5v, 5a və 5q saylı fərdi yaşayış evlərindən əsas yola çıxışı təmin edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı sahənin altında olan torpaq sahəsinin zəbt edilməsinin və 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması, iddiaçıların əsas yola çıxışını bağlamaqla mülkiyyətlərindən istifadəyə maneə yaradılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq X3 hər bir iddiaçıya 12.000 manat pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 isə hər bir iddiaçıya 1.500 manat məbləğində vəsaitin müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, fərdi yaşayış evləri aypara şəklində bir-biri ilə qonşuluqda yerləşir. Qonşular qeyd edilən fərdi yaşayış evlərini əldə etdikləri zaman evlərin ümumi istifadədə olan yola çıxışı əvvəl dörd mərtəbli olan, sonradan iki mərtəbənin artırılması nəticəsində hazırda altı mərtəbəli olan qeyri-yaşayış sahəsində olan arkanın altındakı torpaq sahəsindən keçməklə olmuşdur. Hər bir evin qapısından əvvəlcə ümumi istifadədə olan boş torpaq sahəsinə çıxış və oradan da qeyd edilən binanın altında yerləşən ümumi istifadədə olan torpaq üzərində yerləşən arka vasitəsilə ümumi yola cəmi bir çıxış olubdur. Onların fərdi yaşayış evlərinə dair Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş texniki pasportlarda mövcud olan “Torpağın planı”nda da fərdi yaşayış evlərinin yola çıxışının həmin arkanın altında yerləşən torpaq sahəsindən olduğu öz əksini tapıb. Lakin hazırda onların ümumi yola çıxışını təmin edən cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi istifadədə olan torpaq cavabdehlər tərəfindən zəbt edilərək, arka cavabdeh tərəfindən tikilərək bağlanıb və iddiaçıların ümumi istifadədə olan yola çıxışı kəsilib. Qonşuların cavabdehdən onların ümumi istifadədə olan yola çıxışını təmin edən torpağın zəbt edilməsi ilə nəticələnin arkanın tikintisinin dayandırılması və tikilinin sökülməsi ilə bağlı tələbləri nəticəsiz qalıbdır. Lakin cavabdehlərin onların öz əmlaklarına keçməsi üçün müəyyən edilmiş sahəni bağlaması nəticəsində onlar öz əmlaklarından istifadə etmək hüquqlarından məhrum olmuşdur. Bu müddət ərzində əmlakından istifadə edə bilməmələri nəticəsində onların əlindən çıxmış faydanı ən azı 54,000 manat həcmində qiymətləndirirlər. Hər biri öz əmlakını aylıq ən azı 500 yüz manata icarəyə verə bilərdilər ki, cavabdehlərin yolu bağlaması nəticəsində onlar bu hüquqlarını reallaşdıra bilməyiblər. Nazəni Eyyubova xx.xx.2021-ci il tarixdən 15 saylı keçid sahəsinin müəyyən edildiyi qeyriyaşayış sahəsinin mülkiyyətçisi olub, həmin tarixdən bu günədək (aprel 2023) onların hər birinin əldən çıxmış fayda məbləği 13,500 manat edir. Bu məbləğin 12,000 manatı Nazəni Eyyubovanın mülkiyyətçi olduğu müddət üçün onun tərəfindən, 1500 manatı isə Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətçi olduğu müddət üçün onlar tərəfindən müştərək qaydada ödənilməlidir.

8. Bundan sonra iddiaçıların vəsatətinə əsasən cavabdeh X10 əsl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ziyəddin qızı ilə əvəz edilmiş, sonradan iddiaçıların ərizəsinə əsasən X10 da cavabdeh qismində işə cəlb edilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-48/2023 saylı qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. (hakim X15)

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 15 saylı sahənin bağlanmasına səbəb olmuş dəmir qurğunun (qapının) qanunsuz tikili hesab edilərək cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsindən qonşuların əsas yola çıxışını təmin etməsi ilə bağlı tələb mülkiyyətlərində olan daşınmaz əmlaklara gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdehlərin mülkiyyətinə müdaxiləni (mülkiyyəti olan qapının sökülməsi və yola çıxışın təmin edilməsi), yaxud mülkiyyətin məhdudlaşdırılmasını təşkil edir. Qanunvericilik müəyyən edir ki, mülkiyyətə müdaxilə üçün hüquqi əsas olmalı, müdaxilə ictimai, yaxud fərdi maraqlara xidmət etməli və mütənasiblik (maraqlar arasında ədalətli balansın təmin olunması) meyarlarına cavab verməlidir. Məhkəmə hesab etmişdir ki, müdaxilənin qanunauyğun (hüquqi əsasının) olması həm müdaxiləni tələb edən tərəfin, həm də müdaxiləyə məruz qalan tərəfin mülkiyyət hüquqlarının qanuni olub-olmamasının araşdırılmasını tələb edir. Həm iddiaçıların, həm də cavabdehlərin mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır. Hazırkı mübahisə üzrə iddiaçıların hər birinin onlara məxsus fərdi yaşayış evlərinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə hər birinin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları vardır. Bu konteksdə, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri haqlı görünə bilər. Lakin məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin 200 kv.m.-dən ibarət 15 saylı “xidmət sahəsi”ndə quraşdırlmış dəmir qurğunun (qapının) qanunsuz tikili hesab edilərək sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsindən iddiaçıların əsas yola çıxışının təmin edilməsi tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına ziddir. Belə ki, iddiaçıların fərdi yaşayış evlərinə gediş-gəliş yolunun təmin edilməsi cavabdehlərin mülkiyyətində olan hər hansı qurğunun (qapının) qanunsuz hesab edilməklə sökülməsi və 15 saylı “xidmət sahəsi”nin altındakı torpaq sahəsinin əvəzsiz olaraq iddiaçıların istifadəsinə verilməsi yolu ilə deyil, başqa bir qanuni əsasla, servitut yolu ilə daha məqbuldur. Digər bir tərəfdən, iş materialları ilə müəyyən edilir ki, 15 saylı “xidmət sahəsi”nin altında olan torpaq sahəsi zəbt edilmiş torpaq sahəsi deyil, cavabdehlərin qanuni istifadəsindədir, həmçinin 15 saylı “xidmət sahəsi”nin girişinə quraşdırılmış qurğu (qapı) da qanunsuz “tikili” deyil. Belə ki, yenə də işdə olan istər xx.xx.2014-cü il tarixdə, istərsə də xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportlarda 15 nömrəli “xidmət sahəsi”nin mübahisə edilən giriş hissəsinin bağlı olması nəzərdə tutulmuşdur. Digər bir tərəfdən, qeyri-yaşayış sahəsi Cavabdeh1la Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. Mülkiyyətçinin isə öz mülkiyyətindən istədiyi kimi istifadə etməsi, bu hüquq digər şəxslərin maraqlarına toxunduğu halda isə pozuntunun aradan qaldırılmasının hüquqi əsasları yuxarıda ətraflı şərh edilmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Lakin iddiaçılar cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın əsassız olması qənaətinə gəlmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 152.1-ci, 152.5-ci, 255.1-ci, 255.4cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər.

13. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışlar və əlavə olaraq qeyd etmişdirlər ki, onların tələbi cavabdehlərin mülkiyyətlərinə müdaxilə təşkil etmədiyindən, iddianın mahiyyətcə cavabdehlərin mülkiyyətlərinə müdaxilə təşkil etməsi ilə bağlı birinci instansiya məhkəməsinin arqumentinin heç bir hüquqi əsası yoxdur. Müdaxilə o halda mövcud ola bilərdi ki, onlar məhkəmənin qətnaməsində yazdığı kimi servitut tələb etmiş olsunlar. Belə ki, onların ümumi yola çıxışı cavabdehlər həmin mülkiyyətlərə sahib olduqları ilk vaxtdan cavabdehlərin mülkiyyətindən keçməklə olubdur və bu öz təsdiqini 1 saylı Ərazi İdarəsinin verdiyi məktublarda da dəfələrlə öz əksini tapıb. Odur ki, onların tələbi mövcud olan yolun qanunsuz bağlanmasının aradan qaldırılmasıdır ki, onların bu tələbi heç bir halda cavabdehlərin mülkiyyət hüququna müdaxilə təşkil edə bilməz. Onların vəsatəti əsasında ekspertin məhkəmə prosesində dindirilməsi zamanı və eləcə də, bir ildən artıq davam edən məhkəmə prosesi zamanı hakim bir dəfə də olsun 15 saylı sahənin cavabdehlərin məhkəməyə təqdim edilmiş texniki pasportlarında bağlı və ya açıq olmasına dair ekspertə və tərəflərə sual verməyib, ekspertiza qarşısında bununla bağlı sual qoymayıb və ümumiyyətlə, bu məsələnin araşdırılmasına maraq göstərməyib. Hətta onların nümayəndəsi dəfələrlə məhkəmə prosesi zamanı bu sahənin texniki pasportlarda açıq təsvir edildiyini bəyan edən zaman da, hakim nümayəndəyə bununla bağlı sual verməyib. Hətta 1 saylı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb edilərək, onların öz mülkiyyətlərinə gediş-gəliş yolunun sözügedən 15 saylı sahədən keçdiyinə dair veridyi məktublarına izah verilməsi, aydınlıq gətirilməsinin təmin edilməsinə dair onların vəsatətlərinə baxmayaraq, hakim bu vəsatətləri təmin etməyib. Lakin sonda hər hansı sübuta istinad etmədən, ekspertin yerli baxış zamanı həmin sahənin bağlı olduğunu bildirdiyinə istinad edərək, sadəcə bu əsasla qərar çıxarıb. Ekspert rəyi birinci instansiya məhkəməsinin qətnaməsində təhrif edilmişdir. Belə ki, ekspertizanın rəyində məhkəmənin yazdığının əksinə olaraq, onların texniki pasportlarında yolun göstərildiyi öz əksini tapmışdır. Üstəlik, ekspertizanın rəyində onların texniki pasportlarında göstərilən yolun onların evləri qarşısında olan torpaq sahəsinə açıldığı öz əksini tapmışdır. Bu o torpaq sahəsidir ki, onlar bu torpaq sahəsinə çıxaraq daha sonra 15 saylı sahədən ümumi yola çıxıblar ki, daha sonra 15 saylı sahənin cavabdehlər tərəfindən qanunsuz bağlanması nəticəsində onların texniki pasportlarında yol kimi göstərilən bu torpaq sahəsindən ümumi yola və evlərinə giriş-çıxış edə bilməyiblər. “Yol” dedikdə, hər kəsə bəllidir ki, gediş-gəliş üçün nəzərdə tutulan zolaq/yer başa düşülür və “yol” dedikdə hər bir yanı bağlı torpaq sahəsi nəzərdə tutulması mümkün deyil. Ekspertizanın rəyindən və eləcə də, onların evlərinə dair texniki pasportlardan müəyyən edildiyi kimi, onlara məxsus texniki pasportlarda onların ümumi yola çıxışının, yəni gediş-gəliş yollarının evlərinin qarşısında olan torpaq sahəsindən olduğu öz əksini tapıb. Əgər həmin torpaq sahəsi onların texniki pasportlarında yol kimi göstərilibsə, aydın məsələdir ki, həmin torpaq sahəsi bağlı ola bilməzdi. Çünki bağlı olan torpaq sahəsi yol anlayışını ifadə etmir. Əvvəla, məhkəmə 1 saylı Ərazi İdarəsinin onların ümumi yola çıxışının 15 saylı sahədən olduğuna dair məktublarını nə üçün sübut qismində nəzərə almadığını əsaslandırmayıb. Digər tərəfdən məhkəmə qanunsuz olan tikilinin sökülməsinin tərəflərin maraqları arasındakı mütənasibliyi hansı şəkildə pozduğunu da qətnamədə əsaslandırmayıb. Məhkəmə onların qanuni tələblərini təmin etmək əvəzinə, heç bir əsas olmadan onların hüquqlarının təminin servitut yolu mümkün olacağını yazıb. Onların hüquqlarının təmini o halda servitut yolu mümkün olardı ki, onların ümumi yola çıxışı ümumiyyətlə nəzərə alınmamış olsun və bu səbəbdən cavabdehlərdən “yol” istəmiş olsunlar. Halbuki, onlara məxsus evlərin texniki pasportlarından da göründüyü kimi, onların texniki pasportlarında yol müəyyən edilib. Sonradan həmin yolun qanunsuz bağlanılması qanunsuz tikilinin sökülməsini tələb etmək əvəzinə, servitut tələb etmək vəzifəsini yaratmır. Məhkəmənin iddianı təmin etməməklə bağlı mövqeyi qanunsuz tikili anlayışının aydın olmadığını göstərir. 15 saylı sahənin cavabdehlərin mülkiyyətində olması, avtomatik olaraq həmin sahə altında olan torpaq sahəsindən cavabdehlərin həmin sahənin təyinatını nəzərə almadan istənilən qaydada istifadə hüququnu yaratmır. Belə ki, 15 saylı sahə altındakı torpaq sahəsi gediş-gəliş üçün boş sahə olaraq nəzərdə tutulub və 15 saylı sahənin özü də onların və digərlərinin gedişgəlişi üçün açıq sahə kimi layihələndirilib. Bu torpaq sahəsindən təyinatına uyğun istifadənin qarşısının alınaraq heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinə keçmənin bağlanması, bu bağlamanı tətbiq edən şəxslər tərəfindən torpağın zəbt edilməsini yaradıb. Eləcə də, 15 saylı sahə cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin həm 2014, həm də 2018-ci il tarixli texniki pasportlarında açıq şəkildə layihələndirildiyindən, sonradan heç bir icazə almadan bu sahənin dəmir qurğu/qapı İlə bağlanması həmin dəmir qapının qanunsuz tikili olduğunu təsdiq edir. Əvvəla, məhkəmə sözügedən texniki pasportlarda 15 saylı sahənin mübahisəli giriş hissəsinin bağlı nəzərdə tutulduğuna dair heç bir dəlilə istinad etməyib. Yeganə istinad edilən ekspertin yerli baxış zamanı şifahi şəkildə həmin hissənin bağlı olduğunu bildirməsidir ki, maraqlıdır ki, ekspertin həmin “bildirişi” də onların eşidə biləcəyi şəkildə baş verməyib. Əgər məhkəmə qeyd edilən texniki pasoprtlara diqqətlə baxmış olsaydı, həmin texniki pasportlarda mübahisəli giriş qapsının açıq şəkildə təsvir edildiyini görmüş olardı. Belə ki, hər iki texniki pasportda mübahisəli giriş qapısı və onunla qarşı-qarşıya olan hissə bir xətlə təsvir edilmişdir ki, bu da həmin sahələrin açıq olduğunu ifadə edir. Bunu çox rahat şəkildə görmək mümkün olduğu halda, məhkəmə qətnamədə həqiqəti təhrif etməyə çalışıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İştirak etdiyi məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin və iddia tələbinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 Ziyaddin qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməmişlər və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası apellyaiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, ünvan 3 ünvanında 7.230,6 kv.m sahə üzərində yerləşən əmlak (qeyriyaşayış binası) cavabdeh X5 mülkiyyətində olmuş, lakin xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 da bu əmlakın 1-ci mərtəbəsindəki 15 saylı xidmət sahəsini xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Cavabdeh2 Ziyyadın qızına bağışlamış və onun həmin əmlaka mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak hazırda da sonuncunun mülkiyyətindədir. Hazırda həmin sahənin mülkiyyət baxımından cavabdeh X6 hər hansı aidiyyəti yoxdur. Bu baxımdan cavabdehlər Cavabdeh1 və X10 15 saylı sahənin altında olan torpaq sahəsini zəbt etmiş şəxs hesab edilə bilməzlər, habelə 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) sökülməsini və həmin sahənin altındakı torpaq sahəsinin boşaldılmasını həyata keçirə bilməzlər, bununla bağlı hər hansı hüquqa və səlahiyyətə malik deyillər. Başqa sözlə, qeyd edilən cavabdehlər hüquqi nəticə etibarı ilə bu iddia tələblərinə cavab verməli olan şəxslər deyil.

24. Məhkəmə kollegiyası 15 saylı xidməti sahənin mülkiyyətçisi Cavabdeh2 Ziyyadın qızına münasibətdə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, 15 saylı xidməti sahənin altında olan torpaq sahəsi Cavabdeh2 Ziyyadın qızı tərəfindən zəbt edilməmiş, rəsmi olaraq onun istifadəsinə verilmişdir. Həmin sahədən onun iddiaçılarla birgə istifadə etməsini təsdiq edən hər hansı sənəd mövcud deyil. İddiaçıların özünün də həmin sahədən istifadə etmək hüququnu təsdiq edən hər hansı sübut yoxdur. İddiaçıların müəyyən müddət həmin yerdən keçid kimi istifadə etmələri, onların bu sahədən istifadə hüquqlarını, habelə mülkiyyətçinin müddət etibarı ilə məhdudiyyətsiz şəkildə onlara belə bir hüquqi imkanın verilməsi öhdəliyini yaratmış olmur. Eyni zamanda, mövcud vəziyyət mülkiyyətçi tərəfindən iddiaçılara münasibətdə onların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Mülkiyyətçi onların qarşısında bu məsələ üzrə hər hansı öhdəlik götürməmişdir.

25. Cavabdeh2 Ziyyadın qızı 15 saylı xidməti sahənin mülkiyyətçisi olaraq həmin sahəyə dəmir qapı quraşdırmaqda tam sərbəstdir. Onun belə bir tədbir görməyə səlahiyyəti bilavasitə mülkiyyət və torpaq sahəsinə olan istifadə hüquqlarına söykənir. Həmin sahəyə iddiaçıların hər hansı hüququ olmadığından orada dəmir qapının quraşdırılması iddiaçıların hər hansı hüququnun pozulması, dəmir qapının isə qanunsuz tikili kimi qiymətləndirilməsi üçün əsas yaratmır.

26. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5359 saylı ekspert rəyində iddiaçıların fərdi yaşayış evlərinin ümumi yola çıxış istiqamətlərinin “Texniki pasport”da öz əksini tapmadığı göstərilmişdir.

27. Məhkəmə kollegiyası o halı da qeyd etməyi zəruri hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 15 saylı sahənin hər iki tərəfinin açıq nəzərdə tutulması onun bağlanmasının qeyri-mümkün olduğunu özündə ehtiva etmir. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların mülkiyyətində olan evlərin çıxışı olan ümumi istifadə yolunun əsas yoldan gediş-gəlişinin cavabdehlərin ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olması barədə məlumatın isə cavabdehlərə hər hansı hüquqi təsiri (yükü) yoxdur. Əks halda, mülkiyyətçinin bu sahəyə olan mülkiyyət hüququ bir hüquq olaraq öz əhəmiyyətini itirmiş olur və faktiki vəziyyətinə görə bu sahəni qeyri-müəyyən dairədə (həmin yerdən yolu düşən ixtiyari şəxsə münasibətdə) şəxslərin ümumi istifadəsində olan bir yer səviyyəsinə endirir. Bu hal iş materiallarında olan 1 ədəd fləş kartda əks etdirilmiş həmin sahənin texniki quruluşu (göstəricisi) ilə bilavasitə öz təsdiqini tapır.

28. Bununla belə, məhkəmə kollegiyası iddiaçıların yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması tələblərinin təmin edilməsi üçün hər hansı hüquqi əsasın olmaması qənaətinə gəlir və apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir.

29. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, paylı mülkiyyət baxımından da, yəni Cavabdeh1 da bu tələblərə cavab verməli şəxs olduğu halda belə, məhkəmə kollegiyasının mövqeyi dəyişilməz qalır.

30. Məhkəmə kollegiyası maddi zərərin tutulması tələbi ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilk növbədə qeyd edir ki, bu tələb yuxarıda hüquqi qiymət verilən əsas tələblərə münasibətdə törəmə tələbdir və əsas tələblərin təmin edilməməsi hüquqi nəticə etibarı ilə bu tələblərin də təmin edilməməsini şərtləndirir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-48/2023 saylı qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar