Məhkəmə qərarları › İş №2(103)-6082/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6082/2020

30.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6082/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “yaşayış sahəsi üzrə özəlləşdırmənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki ış üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2993/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 72 ünvanında yerləşən yaşayış sahəsi üzrə özəlləşdirmənin etibarsız hesab edilməsi və onun əsasında X4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 72 ünvanında yerləşən yaşayış sahəsinə dair Bakı şəhər X8 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxx 1984-cü il tarixli 232552 saylı orderdə iddiaçının anası Cavabdeh ilə yanaşı iddiaçının adı da qeyd edilmiş və həmin ünvanda pasport qeydiyyatında olmaqla anası ilə birlikdə yaşamışdır.Hazırda iddiaçıya məlum olmuşdur ki, həmin mənzil iddiaçının razılığı olmadan anasının adına özəlləşdirilmişdir. Mənzilə dair orderdə adının qeyd olunmasına və həmin mənzildə pasport qeydiyyatında olmağına baxmayaraq, özəlləşdirmə zamanı təqdim olunmuş, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” 14632 saylı arayışda mənzildə nədənsə tək iddiaçının anası Cavabdeh qeydiyyatda olması göstərilmişdir. İddiaçının mübahisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinə etdiyi müraciətə xx xxxx 2018-ci il tarixli 059-19063-1218 saylı cavab məktubunda ünvan 1 mənzil 72 ünvanda pasport qeydiyyatında olduğu bildirilmişdir.Mübahisə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə etdiyi müraciətə xx xxx 2018-ci il tarixli **********37 saylı cavab məktubu ilə ünvan 1 mənzil 72 ünvanında yerləşən yaşayış sahəsinin Cavabdeh adına qeydiyyatdan keçməsi və hazırda onun mülkiyyətində olması, özəlləşdirmə zamanı təqdim olunmuş, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” 14632 saylı arayışda mənzildə tək Cavabdeh qeydiyyatda olması bildirilmişdir. Həmin mənzilin özəlləşdirilməsinə cəlb edilmədiyinə və özəlləşdirməyə razılıq vermədiyinə görə iddiaçı hesab edir ki, həmin mənzilin özəlləşdirilməsi “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində nəzərdə tutulan şərtlər pozulmaqla həyata keçirildiyindən, özəlləşdirilmə etibarsız hesab edilməli və onun əsasında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2993/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində Cavabdeh mübahisəli mənzilin kirayəçisi olmasını vurğulasa da, bu qənaətə hansı sübuta əsaslanmaqla gəlməyini açıqlamamışdır. Yəni, iş materiallarında Cavabdeh həmin mənzilin kirayəçisi olmasını təsdiq edən hər hansı bir dəlil yoxdur. Belə olduğu halda, iş üzrə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan (ünvan 3 mənzil 72 ünvanında yerləşən yaşayış sahəsinin kirayəçisi olması və bu səbəbdən də İddiaçı daha artıq hüquqa malik olmasını söyləmək əsassızdır. Mübahisəli mənzilin özəlləşdirilməsi zamanı Aida və İddiaçılar eyni hüquqlara malik olmaqla, bir-biri qarşısında hər hansıüstünlüyə malik olmamışlar.Eyni zamanda, İddiaçı mənzilin özəlləşdirilməsi zamanı Çexiya Respublikasının Praqa şəhərində yaşaması onun mübahisəli mənzildən imtinası, yaşayış yerinin birdəfəlik dəyişdirilməsi, özünə yeni yaşayış yeri seçilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, İddiaçı Praqa şəhərində müvəqqəti yaşaması, başqa ölkə ərazisində müqavilə əsasında iş yeri tapması ilə əlaqədar olduğundan, o, Azərbaycan vətəndaşlığından imtina etməmiş, Bakı şəhərini birdəfəlik tərk etməmiş, daim Bakıya gəlib-getmiş, yaşadığı mənzilin vəziyyəti ilə maraqlanmış, hətta şəxsiyyət vəsiqəsini də Bakı şəhərində olduğu müddətdə yeniləmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10582/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin, 72 nömrəli mənzilinin özəlləşdırilməsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-35/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı hər dəfə Bakı şəhərinə gələndə mübahisəli mənzildə yaşamış və o, əvvəldən həmin mənzildə qeydiyyatdadır. Həmin mənzil onun atasına verilmiş və həmin mənzilə onun da hüququ vardır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı 2009-cu ildən mübahislə mənzildə yaşamır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin mübahisəli mənzilin statusunu müəyyənləşdirmədən dövlət və ictimai mənzil fonduna aid olan mənzillərin özəlləşdirilməsinə şamil edilən Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununu 5-ci maddəsinin hazırki mübahisəyə tətbiq edilməsi qanuni və əsaslı sayıla bilməz.Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununu 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad edərkən mənzilin özəlləşdirilməsi zamanı İddiaçı adının qeyd edilməməsinə dair Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli 14632 saylı arayışının məzmununa və iddiaçının tələb və şikayətlərində qeydiyyatı ilə bağlı şəxsiyyət vəsiqəsinin xx.xx.2018-ci il tarixdə ASAN 2 xidmətində dəyişdirilməsinə və Binəqədi rayon Polis İdarəsinin bu barədə xx xxxx 2018-ci il tarixli məktubunun məzmununa istinad etməsi ilə bağlı araşdırma aparmamış və müəyyən edilən hallara hüquqi qiymət verməmişdir. Belə ki, işin materiallarında iddiaçının 2015-ci ildə mübahisəli mənzildə qeydiyyatda olmasını təsdiq edən məlumatlar yoxdur. Apellyasiya şikayətində iddiaçı daim Bakıya gəlibgetməsini, yaşadığı mənzilin vəziyyəti ilə maraqlanmasını hətta şəxsiyyət vəsiqəsini də Bakı şəhərində olduğu müddətdə yeniləməsini göstərsə də apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri üzrə araşdırma aparmamış, şəxsiyyət vəsiqəsinin 2018-ci ildən əvvəl hansı tarixlərdə dəyişdirilməsini, Bakı şəhərində olduğu müddətdə mübahisəli mənzildə həqiqətən də yaşayıbyaşamamasını, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli 14632 saylı arayışında tək Cavabdeh adının qeyd olunmasının səbəblərini aydınlaşdırmamışdır. Həmçinin də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən maddi hüquq normasında kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığının tələb edilməsinin göstərilməsi halında özəlləşməni həyata keçirən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tək Cavabdeh adının qeyd olunmasına dair Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli, 14632 saylı arayışına istinad etməklə qanun pozuntusuna yol verilməməsi faktının da mövcudluğuna qiymət verməmişdir.”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, təqdim edilmiş sübutlardan, yəni Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx xxxx 2018-ci il tarixli, 059-19063-1218 nömrəli məktubundan görünür ki, İddiaçı hal-hazırda ünvan 1 mənzil 72 ünvanında qeydiyyatdadır. Bakı şəhəri 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx xxxxxxx 2018-ci il tarixli, 388 nömrəli arayışına əsasən Cavabdeh xx.xx.1984-cü il tarixədək əri Telman İsmayılov, qızları Sevinc İsmayılova və İddiaçı ilə ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxx 2018-ci il tarixli, **********37 nömrəli məktubunda göstərilir ki, ünvan 1 72 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair arxiv qovluğunda mövcud olan Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 232552 saylı orderində İddiaçı adı göstərilmiş, lakin Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 14632 saylı arayışında tək Cavabdeh adı qeyd olunmuşdur. xx xxxxxxxx 2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Çexiya Respublikasında, 10 saylı Praqa yaşayış massivi, Horni Mnyexaloupi, Padovska küçəsi 747/5 ünvanında yaşayır. Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan (ünvan 3 mənzil 72 xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan (ünvan 3 mənzil 72-nin Cavabdeh adına qeydiyyatdan keçməsinə əsas olan ilkin sənədlər qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 14632 nömrəli arayışın, 232552 nömrəli orderin və 140 nömrəli Mənzil-Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 133 nömrəli maliyyə arayışının təsdiq olunmuş surətləri göndərilmişdir. Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 232552 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, X3 ilə birlikdə yaşayan üç şəxs (Cavabdeh, X2 və İddiaçı) ünvan 7 mənzil 72 ünvanında yaşayış sahəsi almaq hüququna malikdirlər. 140 nömrəli Mənzil-Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 133 nömrəli maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, Cavadxan küçəsi, ev 2, mənzil 72-nin qiyməti 10785 manat 67 qəpik olmuş, pulu tam ödənilmiş və hal-hazırda heç bir borcu yoxdur. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı şəhər X10 İcraiyyə Komitəsi tərəfindən mübahisəli mənzilə dair 232552 saylı order xx.xx.1984-cü il tarixdə verildiyindən, mübahisəli mənzilin statusu xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Mənzil Məcəlləsinin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 4-cü maddəsinə əsasən Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Həmin Məcəllənin 68-ci maddəsinə əsasə isə Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Ailə üzvləri dəyişdirmək haqqında razılığa gəlməmişsə, onların hər biri yaşadığı sahənin məcburi olaraq müxtəlif evlərdə (mənzillərdə) yaşayış sahəsi ilə dəyişdirilməsini məhkəmə qaydasında tələb etmək ixtiyarına malikdir. Kollegiya yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki mübahisəli mənzil dövlət mənzil fondu statusuna malik olduğundan, hazırki mübahisə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərar). Göründüyü kimi, özəlləşdirilmə üçün müraciət edilən anda razılığının alınması tələb olunan şəxslərin sırasına yalnız mənzil kirayə müqaviləsində adı göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri daxildir. Başqa sözlə, özəlləşdirilmə üçün müraciət edilən anda razılığının alınması tələb olunan ailə üzvləri eyni zamanda hər iki tələbə cavab verməlidirlər və bu tələblərdən birinə cavab verməyən (mənzil kirayə müqaviləsində adı göstərilməmiş və müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki yaşamayan) şəxslərin özəlləşdirmə üçün razılığı tələb olunmur. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Qanunun 5-ci maddəsinə əsasən mübahisəli mənzil özəlləşdirilməsi üçün müraciət edilən anda iddiaçının cavabdehlə birlikdə mübahisəli mənzildə faktiki yaşamaması özəlləşdirmə zamanı onun razılığının alınmaması üçün əsas ola bilməzdi. Çünki, mübahisəli mənzilə dair cavabdehin adına mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam olmamışdır. Mübahisəli mənzilə dair order iddiaçının atası, cavabdehin isə əri olmuş mərhum Telman İsmayılovun adına olmuşdur. Demək ki, mənzilin özəlləşdirilməsi anında iddiaçı ilə cavabdeh eyni statusda olmuş, özəlləşdirmə ilə bağlı birinin digərinə nisbətən üstün mənafeyi yaxud əlavə hüququ olmamışdır. Kollegiya xusilə onu vurğulayırki, təkrar apellyasiya baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Polis İdarəsi tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, X1 xx.xx.2004-cü il tarixdən Binəqədi rayonu, 9 mkr, Cavadxan küçəsi, ev 2, mənzil 72 saylı ünvana qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş X6 da görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Cavadxan küçəsi, ev 2, 72 saylı mənzildə qeydiyyatdadır. Həmçinin iş materiallarına əlavə edilmiş İddiaçı məxsus əvvəlki xx.xx.2009-cu il tarixdə verilmiş AZE ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ünvan 9 mənzil 72 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı xx.xx.2004-cü il tarixdən həmin mənzildə qeydiyyatda olmuş və mənzil özəlləşdirilərkən onun razılığının alınmalı olmasına baxmayaraq, onun razılığı alınmadan mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mənzilin özəlləşdirilməsi zamanı Çexiya Respublikasının Praqa şəhərində müvəqqəti yaşaması bu prosesdən imtina etməsi kimi qiymətləndirilməməlidir. Çünki, işdən də görünür ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmuş, Azərbaycan vətəndaşlığından imtina etməmiş, Bakı şəhərini birdəfəlik tərk etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2993/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan(Gəncə xanı) küçəsindəki 2 nömrəli evin, 72 nömrəli mənzilinin özəlləşdirilməsi etibarsız hesab edilsin və həmin mənzilə dair X4 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar