Məhkəmə qərarları › İş №2(103)-6085/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6085/2023

25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6085/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:”borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “ Azəriqaz” İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3225/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ünvan 1 ünvanı üzrə **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının yaşadığı yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin dayandırılması barədə qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 51840 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2023-cü ilin mart ayı üzrə 6220,80 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanına (abonent hesab nömrəsi: **********00000) hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 3225/2023 nömrəli qətnaməsi ilə (hakim X2) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının adına olan **********00000 saylı abonent kodu üzrə İddiaçı hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın ekranının söndüyü aşkar edilmişdir. Sayğac dərhal əvəz olunaraq Dövlətyoxlamasına göndərilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında akt tərtib edilmişdir. Daha sonra isə Cavabdeh İB Metrologiya Departamentində sayğaca baxış keçirilmiş və müvafiq rəyə əsasən istehlakçının məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuşdur. Qeyd olunanlara əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq olumuşdur (iş materiallarında vardır).Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni sayğaca müdaxilə edərək təbii qazın dəyərini ödəmədən istifadə etmiş və cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyası məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məlumat verməmiş iddiaçının və cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən,

9. 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

10. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

11. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

12. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

13. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

14. Maddə 13 (8-ci bənd). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

15. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları

16. .Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən aktda sayğacın dişli çarxlarına müdaxilə edilməsi və buun nəticəsində hesablama mexanizmin dayandırılması baş verdiyindən zərər hesablanması qeyd edilmişdir.

27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən də şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

28. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsas iddiaçı tərəfindən sayğacın dişli çarxlarına müdaxilə edilməsi və buun nəticəsində hesablama mexanizmin dayandırılması göstərilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə hər hansı sübut olmadığı halda iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

29. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla işin yuxarıda qeyd edilən halı barədə apellyasiya icraatı zamanı da sübut təqdim edilmədiyindən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3225/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar