Məhkəmə qərarları › İş №2(103)-6085/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6085/2024

05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6085/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2(011)-2542/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, Zirə TərəvəzçilikSüdçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla, 2 hissədən ibarət onların istifadə və sahibliyində olan torpaq sahəsinə dair **********00000 saylı abonent kodundan 136998,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət torpaq sahəsi icarə hüququ ilə iddiaçıların istifadəsində və sahibliyindədir. Həmin sahəyə dair icarə hüquqları 2022-ci il tarixdə alqı-satqı yolu ilə alınmışdır. Həmin torpaq sahəsi və üzərində olan yüngül konstruksiyalı tikili cari ilə qədər heç bir halda istifadə edilməmişdir. Yalnız 2023- cü ildə, yəni qısa müddət öncə həmin torpaq sahəsi və üzərində olan tikilini icarəyə verməyə hazırlaşırmış, həmin şəxslər torpaq sahəsini müxtəlif bitki məhsullarının əkilməsi üçün icarəyə götürmək istəmişlər. Lakin qısa müddət öncə icarəçilərin tələbi ilə əraziyə qaz verilişini təmin etmək üçün Cavabdeh İB-ə müraciət etdikdə məlum olmuşdur ki, öncəki keçmiş mülkiyyətçilərin 136998,4 manat borcu mövcuddur. Halbuki alqı-satqı zamanı təbii ki, bütün kommunal xidmətlərdən borcun olmaması haqda müvafiq arayış notariat orqanına təqdim edilir. Borc məbləği istifadə edilməyən sahə üçün əsassız hesablanmışdır və abonent kodundan silinməlidir. Çünki onlardan öncə torpaq sahəsinə sahiblik etmiş şəxslər də uzun illər ərzində daşınmaz əmalakdan hər hansı bir məqsədlə istifadə etməmişlər.

3. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi vəsatət verərək bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət torpaq sahəsinə yazılmış 136998,40 manat borcun silinməsi tələbinə dair iddiaçının Xətai Rayon Məhkəməsində qaldırdığı iddia üzrə aidiyyət pozulmuşdur. Belə ki, mülki iş materiallarında mövcud olan sənədlərdən, o cümlədən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasından əıldə olunmuş çıxarışlara əsasən iddia Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, əldə edilmiş informasiya bazasında İddiaçı2 ********** saylı VÖEN-lə, digər İddiaçı1 isə ********** və ********** saylı VÖEN-lərlə Abşeron rayonu, X2 sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət torpaq sahəsindən sahibkarlıq məqsədləri ilə istifadə edirlər. Bu səbəbdən iddiaçıların sahibkarlıq fəaliyyəti sahəsinə düşən və **********, ********** və ********** saylı VÖEN nömrələri ilə qeydiyyata alınan fəaliyyət və xidmət sahəsi kommersiya mübahisələri dairəsinə düşdüyü müəyyən edilmişdir. Yuxarıda göstərilən əsaslar nəzərə alınaraq, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

4. İddiaçıların nümayəndəsi və vəkili Vəkil mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz edərək, bildirmişdir ki, cavabdeh İddiaçı1 Abşeron rayonu, X2 sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət torpaq sahəsindən sahibkarlıq məqsədləri ilə istifadə olunduğuna əsaslansa da, əslində iddiaçıların sahibkarlıq fəaliyyətinin istiqaməti diri heyvanların pərakəndə satışından ibarətdir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahələrini icarəyə vermişlər və hazırki iddia onların sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, istehlak müqaviləsinə əsaslanır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2(011)- 2542/2024 nömrəli qərardadına əsasən vəsatət təmin olunmamışdır.

6. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahələrini icarəyə verəndən sonra məlum olmuşdur ki, keçmiş mülkiyyətçilərin Cavabdeh İB-yə 136998,4 manat borcu mövcuddur və iddiaçılar həmin borcun silinməsini tələb edir. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, iddiaçılar fərdi sahibkarlıqla məşğul olsa da, onların fəaliyyət istiqaməti diri heyvanların pərakəndə satışından ibarətdir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi iddiaçıların hər birinin VÖEN-i olduğuna və Abşeron rayonu, X2 sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət torpaq sahəsindən sahibkarlıq məqsədilə istifadə edildiyinə əsaslanaraq, hazırki iddianın kommersiya məhkəməsinə aid olduğunu bildirsə də, məhkəmə tərəfindən mübahisə predmetini təşkil edən torpaq sahələrində iddiaçıların sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edilməmiş, iddiaçıların iddia tələbinin istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi kommersiya məhkəməsinə aid olmadığından, mülki-prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı tələblərinin pozulmasına yol verilməmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2(011)- 2542/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 icarə hüququ əsasında məxsus olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla, 2 hissədən ibarət torpaq sahəsinə (abonent kodu: **********00000) hesablanmış 136998,4 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilmişdir.

8. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.1. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı: 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 24-cü bənd. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 28-ci bənd. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.

13. MPM-nin 24-cü maddəsinə işlərin məhkəmə aidiyyatı müəyyən edilərkən 3 meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır.

14. Birinci instansiya məhkəməsində məhkəmə aidiyyatı ilə bağlı məsələ araşdırılarkən işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatətin rədd olunma səbəbi kimi subyektiv tərkib əsas götürülərək qeyd olunmuşdur ki, iddiaçılar fərdi sahibkarlıqla məşğul olsa da, onların fəaliyyət istiqaməti diri heyvanların pərakəndə satışından ibarətdir, torpaq sahələrində iddiaçıların sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edilməmiş, iddiaçıların iddia tələbinin istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğu müəyyən edilmişdir.

15. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı2 aid VÖEN məlumatlarında fəaliyyət istiqaməti - gübrələrin pərakəndə satışı, fəaliyyət obyektləri isə - “mağaza”, “flowers bar”, İddiaçı1 aid VÖEN məlumatlarında fəaliyyət istiqaməti – pestisidlərin pərakəndə satışı, fəaliyyəb obyektləri isə - “mağaza”, “rosers are red”, “rosers” qeyd olunmuşdur.

16. Bundan başqa, 2,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququnun iddiaçılar tərəfindən başqa şəxsdən alınması, bu torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsi barədə müqavilənin mövcudluğu da tələbin istehlakçı hüquqlarının müdafiəsi ilə bağlılığını inkar edir.

17. Bundan başqa, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarının 28-ci bəndində qeyd olunmuşdur ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan işin subyektiv tərkibinin statuslarını, mübahisənin kommersiya xarakterini nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə kommersiya məhkəməsinə aiddir.

19. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından mübahisə kommersiya mübahisəsidir və buna görə də, birinci instansiya məhkəməsi hazırkı tələbə baxaraq mahiyyəti üzrə qətnamə çıxarmaqda haqlı olmamışdır, şikayətin dəlilləri qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

20. Göstərilənlərə əsasən və MPM-in 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2(011)- 2542/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2(011)- 2542/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar