Məhkəmə qərarları › İş №2(103)-6086/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6086/2020

24.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6086/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əqdin etibarsız hesab edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlak bölgüsünə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin ərizə verərək iddianın təmini tədbiri kimi iddia predmeti olan cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndiyev küçəsi, ev 16E ünvanında yerləşən 0,035 ha torpaq sahəsində inşa edilmiş mülkün, Bakı şəhəri, H/Ş Q.Şərq küçəsi, ev 333, m. 56 yerləşən 2 otaqlı mənzilin, “Toyota-Lexsus markalı” markalı **-XZ-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakim F.Əyyubov, iş № 2(004)-2810/20) ərizə qismən təmin olunaraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndiyev küçəsi, ev 16E ünvanında yerləşən 0,035 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulmuşdur. Cavabdeh Əliyev x1 Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia irəli sürməsinə səbəb iddiaçının və qeyrilərinin qanuna zidd hərəkətlərinin araşdırılaraq onların barəsində qanuni tədbir görülməsi ilə bağlı bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edilməsi olmuşdur. İddiaçı hətta iddia qaldıran zaman yetkinlik yaşına çatmayan övladını cinayət törətməkdə ittiham edir. Mübajhisə edilən bağışlama müqavilələri bağlanan zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Digər tərəfdən, ünvan 4 mənzil 56 ünvanda yerləşən 2 otaqlı mənzil birgə nikah dövründə əldə olunmuş əmlak deyildir. Belə ki, həmin əmlak anası tərəfindən ona bağışlanmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərkən şikayəti qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Cavabdehlər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiuş olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinin tətbiq edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, sözügedən əmlakların özgəninkiləşdirilməsi hazırda işə baxılması və sonrakı mərhələlərdə işin hallarının mürəkkəbləşməsinə səbəb ola bilər. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, mübahisələndirilən qərardadla ünvan 4 mənzil 56 ünvanda yerləşən 2 otaqlı mənzilin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulmamışdır. Həmin mənzilin birgə nikah dövründə əldə olunub-olunmamasına və bağışlama müqavilələrinin qanuniliyinə isə işə mahiyyəti üzrə baxılarkən qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar