Məhkəmə qərarları › İş №2(103)-6094/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6094/2023

03.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6094/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5366/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanının açıq eyvanında sonradan daş hörgüsü hörülməklə (koodinatlar: 40.423676; 49.843494) onun balans və istismarında olan 57 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 04 p/metr hissəsini qapalı şəraitə salıb qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş eyvan (balkon) divarlarının cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməsi və qaz xəttinin mühafizə zonasını bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5366/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən hazırki iddia daşınmaz əşyanın olduğu yerə görə verilir. Cavabdeh şəxs, ünvan 2 ünvanında qaz xəttini binanın açıq eyvanında sonradan qanunsuz tikdiyi hörgü divarının daxilində qapalı şəraitə salmaqla qaz xəttinin mühafizə zonasını və istismar qaydasını pozmuşdur. İddiaçı İB tərəfindən iddia tələbi qanunsuz inşa edilmiş daşınmaz əşyanın olduğu yer üzrə qaldırılmış və həmin qanunsuz inşa edilmiş daşınmaz əşyanın da yerləşdiyi ünvanın faktiki sahibi Cavabdehdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5366/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər; 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin formasına və məzmununa dair tələblər əks olunmuş və bu tələblər çərçivəsində cavabdeh barədə göstərilməli olan məlumatların dairəsi müəyyən edilmişdir. Eyni zamanda, bir sıra, o cümlədən cavabdehin yaşayış yerinin məlum olmadığı, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmadığı hallarda iddianın onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilməsinin mümkünlüyü təsbit edilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı cavabdeh tərəfindən inşa olunan qanunsuz tikilinin sökülməsini tələb edir və bu kimi iddialar daşınmaz əşyanın olduğu yerə görə verilə bilər. İddiaçı ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikintinin inşa edildiyini iddia edir. Tikinti işlərinin aparılması ilə bağlı iddia üzrə Cavabdeh xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq məktubları da göndərilmişdir. Həmin ünvan təbii qazla təchiz edilmiş və bununla bağlı istehlakçıya abonent nömrəsi də verilmişdir. “Elektron məhkəmə” informasiya sistemində də bu şəxs barədə məlumat mövcuddur və onun məhz iddiaçı tərəfindən göstərilən ünvan üzrə pasport qeydiyyatında olması müəyyən edilir. Qeyd edilənlər də öz növbəsində iddia ərizəsinin mövcud sübutlar, o cümlədən cavabdeh barədə məlumatlar əsasında iddianın icraata götürülməsini mümkün edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilməsi qənaətinə gələrkən haqlı olmamışdır. Bu əsasla hazırki iddia geri qaytarıla bilməz. Bu səbəbdən İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5366/2023 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5366/2023 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar