Məhkəmə qərarları › İş №2(103)-6096/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6096/2021

25.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6096/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-749/2021, 30.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, məxsus ünvan 1 ünvanında o, ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda heç vaxt əlavə xətt olmamışdır. Buna heç sayğacın texniki göstəriciləri də yol vermir. Əlavə xətt bir gün ərzində onun oğluna məxsus ünvanda olmuş. Oğlu öz adına olan sayğaca müdaxilə etməyə məcbur olmuş və həmin müdaxilə bir gün ərzində aradan qaldırılmışdır. Bunun İddiaçı adına olan sayğaca heç bir aidiyyəti yoxdur.

3. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-749/2021, 30.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 (abonent kodu: **********6020D) hesablanmış 1483,50 (min dörd yüz səksən üç manat əlli qəpik) manat məbləğində cərimə borcunun silinməsi, aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyərinin “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************1) ödənilməsi qət edilmişdir. (sədrlik edən: Nigar Nəbizadə).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-749/2021, 30.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 17 sentyabr 2020-ci il tarixdə "xxxx" ASCnin Satışa Nəzarət İdarəsinin mühəndisləri Rauf Rəfiyev və Azər Cəfərov abonent İddiaçı məxsus ünvan 2 ünvanında 30.03.2020-ci il tarixdə quraşdırılmış 76987094M1546350 nömrəli LUNA-LUN 21 tipli elektrik sayğacına baxış keçirmişlər, baxış zamanı "fərdi yaşayış evində sayğac sxemindən kənar xətdən istifadə olunur" qüsurunun aşkar olunması səbəbləri ilə bağlı NDM № 020064 nömrəli 17.09.2020-ci il tarixli akt tərtib edilmiş, lakin iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Sonradan "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 13490 kvts. (2.2 kvt x (0.7 man) x 24 saat x 365 gün) = 13490 kvts x 0.11 man =1484 man) itirilmiş elektrik enerjisinin dəyəri 1483.90 manat məbləğində müəyyən edilməklə abonentin **********6020D nömrəli abunə haqqında məlumatına daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi ilə müşayət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli 18 saylı qərarının 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a. məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b. məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır.

6. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Tərəflərin izahatları:

5. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

7. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi

8. İş materiallarında olan 21.09.2020-ci il tarixli qərardan görünür ki, abonent kodu **********6020D olan İddiaçı məxsus yaşayış evində yoxlama zamanı sayğac sxemindən kənar xətdən istifadə olunması aşkarlanmış və itirilmiş elektrik enerjisinin dəyəri 1484 manat müəyyən edilmişdir.

9. İş materiallarında olan 15.02.2021-ci il tarixli, 10/3986 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanına baxış zamanı sayğacdan kənar qoşulma halı müəyyən edilməmişdir. Hüquqi dəyərləndirmə: Elektrik enerjisindən istifadə Qaydaları”nın:

10. 7.6-cı maddəsinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

11. 7.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

13. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin məzmunundan göründüyü kimi, Mülki Prosessual Məcəllənin 77.1- ci maddəsində hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, həmin maddənin 2-ci bəndində tərəflərdən birinin dövlət orqanı və müəssisəsi olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının cavabdeh hüquqi şəxs tərəfindən hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq, bu halda sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh “xxxx” ASC-nin üzərinə düşür, cavabdeh isə qeyd olunan vəzifəni icra edə bilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, ekspert rəyinə əsasən ünvan 1 ünvanına baxış zamanı sayğacdan kənar qoşulma halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı mövqeyi qanuni və əsaslı olmuşdur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən kollegiya hesab edir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacının göstəricilərinə əsasən işığın dəyəri düzgün hesablanmadığından, sayğaca müdaxilə cavabdeh tərəfindən sübuta yetirilmədiyindən istehlakçı qeyd edilən ünvanda istehlak olunmuş elektrik enerjisinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin istehlakçıdan elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, ünvan 1 (abonent kodu: **********6020D) hesablanmış 1483,50 (min dörd yüz səksən üç manat əlli qəpik) manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul etməkdə haqlı olmuşdur.

15. Kollegiya qeyd edir ki, cavabdeh xxxx” ASC apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını bildirsə də, həmin halları apelyasiya şikayətində əsaslandıra bilməmiş. Həmin hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş və iş materialları ilə qeyd edilən hüquq pozuntualrı aşkar müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, cavabdeh xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti formal mülahizələrə əsaslanır və qətnamə formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

16. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-749/2021, 30.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar