Məhkəmə qərarları › İş №2(103)-6096/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6096/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6096/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əhmədova Günay Qulam qızına qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6096/2022 (Açar sözlər: borcun ödənilməsi) Bakı şəhəri 31 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2666/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1170 manat məbləğində İmei Kodu **********56682 Samsung Galaxy A70 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 65 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh Qulam qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 608.4 manat məbləğində İmei Kodu **********23561 X1 9 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 33.8 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

3. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1134 manat məbləğində İmei Kodu **********01433 Samsung Galaxy A70 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 63 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

4. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 945.6 manat məbləğində İmei Kodu **********492428 Samsung Galaxy A70 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 78.8 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 5.İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 486 manat ödənilməmiş hissə, 48 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 388 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 370 manat ödənilməmiş hissə, 37 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 189 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 152 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu olmaqla ümumilikdə 1741 manat borcu vardır.

6. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********35923 Samsung Galaxy A71 markalı telefon üçün 486 manat ödənilməmiş hissə, 48 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********56370 Samsung Galaxy A70 markalı telefon üçün 388 manat **********23561 X1 9 markalı telefon üçün 370 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********01433 Samsung Galaxy A70 markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 18 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********92428 Samsung Galaxy A70 markalı telefon üçün 152 manat ödənilməmiş hissə və 15 manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə, 1741 manat borc və 37.41 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini işin yuxarıda sadalanan halları ilə əsaslandırmışdır.

9. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2666/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

11. Belə ki, cavabdeh, “ABC TELECOM’ MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei Kodu **********35923 Samsung Galaxy A71 markalı telefon, İmei Kodu **********56370 Samsung Galaxy A70 markalı telefon, İmei Kodu **********23561 X1 9 markalı telefon, İmei Kodu **********01433 Samsung Galaxy A70 markalı telefon və İmei Kodu **********92428 Samsung Galaxy A70 markalı telefon almış və nəticədə 1741 (min yeddi yüz qırx bir) manat borc yaranmışdır.

12. **********35923 Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə 534 manat olmaqla ondan, 486 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1170 manat (18ay x 65 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********56370 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 426 manat olmaqla ondan. 388 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsi əsasən, alqı-satqı qiyməti 608.4 manat (18 ay x 33.8 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********23561 X1 9 markalı telefon üçün ümumilikdə 407 manat olmaqla ondan 370 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsi əsasən, alqı-satqı qiyməti 1134 manat (18 ay x 63 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********01433 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 207 manat olmaqla ondan 189 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsi əsasən, alqı-satqı qiyməti 945.6 manat (12ay x 78.8 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********92428 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 167 manat olmaqla ondan 152 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 3371 manat təşkil edir. 13.Cavabdehlə bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə, 600.1-ci maddəsinə, 427-ci maddəsinə, 600.5-ci maddəsinə, 385.1-ci maddəsinə, 427.1-ci maddəsinə, 448.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Birinci instansiya Məhkəməsi hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etsə də, iş öyrənilərkən şikayətin dəlillərinin obyektiv araşdıırılması üçün işin baxılmasını şifahi baxışa təyin etmə barədə qərardad qəbul edilmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə tərəfindən obyektiv araşdırma aparılmadan qərar qəbul edilmişdir. Belə ki, iddiaçı ilə bağlanan müqavilələrin həqiqətən onunla bağlanması, onun tərəfindən iddiaçıya ödənişlərimin olub-olmaması və s. kimi hallar araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şkayətinin dəlillərinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Cavabdeh əlavə olaraq verilən suallara cavabında bildirmişdir ki, tərəflər arasındakı müqavilədəki, təhvil-təslim aktındakı və ödəniş sənədlərindəki imza ona məxsusdur.

18. Məhkmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 22.Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

26. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Belə ki, işin araşdırılan hallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 486 manat ödənilməmiş hissə, 48 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 388 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 370 manat ödənilməmiş hissə, 37 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 189 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 152 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu olmaqla ümumilikdə 1741 manat borcu vardır.

39. İş materiallarında olan xəbərdarlıq məktubundan da görünür ki, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 40.Cavabdehin apellyasiya şikayətinin dəlili isə yeganə olaraq ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanan müqavilələrin həqiqətən onunla bağlanması, onun tərəfindən iddiaçıya ödənişlərimin olub-olmaması və s. kimi hallar araşdırılmamışdır.

41. Lakin Məhkəmə kollegiyasının iclasında cavabdeh verilən suallara cavabında bildirmişdir ki, tərəflər arasındakı müqavilədəki, təhvil-təslim aktındakı və ödəniş sənədlərindəki imza ona məxsusdur.

42. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

43. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2666/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar