Məhkəmə qərarları › İş №2(103)-6096/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6096/2023

29.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6096/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-831/2023 saylı 27 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan X2 xx.xx.2009-cu il tarixli, 61 nömrəli Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş Cavabdeh adına və istifadəsinə verilməsi haqqında qərar qəbul edilmişdir.

2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktla ... Binəqədi-Bakı Dş 200 mm-lik neft boru kəmərinin yerüstü neft kəmərinin, 3-cü km-də, 39T 0398780; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin darvazasının üzərinə 4 metr uzunluğunda və 20 sm hündürlüyündə beton örtüyü verilməsinin aşkar edilməsi aktlaşdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istisamrında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin, 3-cü km-də, 39T 0398780; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolunun yaxınlığı ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və darvaza tikililəri faktı aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı SOCAR-ın İddiaçı istisamrında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin, 3-cü km-də, 39T 0398780; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolunun yaxınlığı ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-831/2023 saylı 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddianın rədd edilməsi, Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçıdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 139.1, 139-1.1.4, 146, 157.8, 180-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X3rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli, "Əhmədova Azərbaycana qarşı" xx.xx.2021-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanunsuz, əsassız olduğundan, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalı və İddiaçı qanuni iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Məhkəmə, İdarəyə qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda, İdarənin qanuni iddiasını təmin etməmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, İddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq üzərindəki cavabdehin tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Əlavə olaraq qeyd edirik ki, İdarənin və ya Şirkətin cavabdehə hər hansı kompensasiya ödəmək öhdəliyi yoxdur. Bu kimi kompensasiyalar dövlət İcra Hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Şirkətin belə bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininxx.xx.2023-cü il tarixli, 10/1779 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin qurtaracağının BinəqədiBakı DŞ 200 mm-lik yerüstü neft kəmərindən 19 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsində yerləşən tikililərin (hasar, darvaza, fərdi yaşayış evi və s.) bütövlükdə ... neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu”. Lakin, məhkəmə sözügedən rəyi nəzərə almamışdır. Bundan əlavə, cavabdehə ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz tikintilər aparılmış torpaq sahəsi ilə naturada üst-üstə düşməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Eyni zamanda həmin torpaq sahəsinin bələdiyyə və dövlət mülkiyyətində olub-olmaması da aydınlaşdırılmamışdır. Yəni, torpaq sahəsi ayrılarkən, həmin torpaq sahəsinin X2 ərazi hüdudlarında yerləşibyerləşməməsi müəyyənləşdirilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi məlum neft kəmərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir. Göstərilənlərə əsasən hesab edirik ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-831/2023 nömrəli qətnaməsi ləğv edilməli və İdarənin iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

11. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

12. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır.

14. 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 14.3 əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

18. Maddə 139.1 mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

19. Maddə 146.1 daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)

20. Maddə 146.2 daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

21. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Maddə 158.4 mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

23. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.2 özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

25. Maddə 180.3 özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

26. Maddə 180.4 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

27. Maddə 4.3- torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

28. Maddə 22.2 əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

29. Maddə 49.1 hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

30. Maddə 50 dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

31. Maddə 55 hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

32. Maddə 66.1 müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-831/2023 saylı 27 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

42. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi müvafiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikili 2009-cu ildən sonra inşa edilmiş, tikili müvafiq icazələr alınmadan inşa edilsə də, cavabdehə məxsus olan torpaq sahəsində yerləşir və 2009-cu ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

45. Belə ki, iş materiallarında olan X2 xx.xx.2009-cu il tarixli, 61 nömrəli Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş Cavabdeh adına və istifadəsinə verilməsi haqqında qərarla X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X4 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m. torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının Cavabdeh adına keçirilməsi müəyyən edilmişdir.

46. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Cavabdeh tərəfindən yuxarıda qeyd olunan torpaq sahəsinin alınması üçün 17600 manat məbləğində pul ödənilmişdir.

47. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, fərdi yaşayış evinin özbaşına tikili olması və mühafizə zolağı hüdudlarında yerləşməsi əsası ilə iddianın təmin edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə fərdi yaşayış evi tikmək üçün icazə xx.xx.2009-cu il tarixdə verilmiş, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 14 ildən çox müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır.

48. İş materiallarından göründüyü kimi 300 kv.metr torpaq sahəsi üzərində cavabdehin inşa etdiyi tikilidən onun istifadə etməsinin legitimliyi tanınıb. Bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi cavabdehin mülkiyyətinə verilib.

49. Kollegiya həmçinin qeyd edir ki, bələdiyyə tərəfindən verilmiş yuxarıda qeyd edilən sərəncam qüvvədə olduğu halda, mübahisəli tikilinin sökülməsi barədə tələbin qanuni əsası yoxdur.

50. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

51. Kollegiya həmçinin bildirir ki, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir.

52. Bununla belə işdən göründüyü kimi cavabdeh ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparmamışdır. Qanunun göstərilən norması şəxsin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması imkanını nəzərdə tutduğundan məhkəmə hesab edir ki, belə vəziyyətdə həmin tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsi şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.

53. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə neft kəmərinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və həmin sahədə onun özü üçün fərdi yaşayış evi inşa etməsi onun təqsiri üzündən baş vermədiyindən və əslində cavabdehin müvafiq dövlət qurumlarının hərəkətləri nəticəsində hüquq və azadlıqları pozulduğundan, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi ədalətli, qanuni və əsaslı olmaz.

54. Məhkəmə kollegiyası apelyasiya şikayətinin ekspert rəyinin nəzərə alınmamasına dair dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

55. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1779 saylı ekspert rəyi yalnız digər subutlarla təsdiq olunduğu halda iş üçün əhəmiyyətli sübut hesab edilə bilər. Hazırki mülki işin xarakteri baxımından isə yalnız ekspert rəyinə istinad edilməklə yekun nəticəyə gəlinə bilməzdi.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyindən iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-831/2023 saylı 27 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar