Məhkəmə qərarları › İş №2(103)-6098/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6098/2020

09.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6098/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirak ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında xx.xx.2013-cü il tarixli, 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli, 112918-6735/2 saylı “Kommersiya krediti müqavilələri” və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli, 02 saylı razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə aralarında xx.xx.2013-cü il tarixli, 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli, 112918- 6735\2 saylı “Kommersiya Krediti müqavilələri” və onun tərkib hissəsi olan 1 saylı Razılaşmaya dəyişiliklər və əlavələr edilməsi barədə xx xxx 2016-cı il tarixli, 02 saylı Razılaşma bağlanmışdır. xx xxx 2016-cı il tarixli, 02 saylı Razılaşmaya əsasən “Kredit Alanın” Banka xx xxx 2016-cı il tarixə mövcud olan borcu kapilallaşdırılaraq, 24 ay müddət ərzində aylıq 16%, 81.745 ABŞ dolları həcmində müəyyənləşdirilmişdir. Bankın təqdim etdiyi arayışa əsasən xx.xx.2013-cü il tarixdə - 127.000 ABŞ dolları, xx.xx.2013- cü il tarixdə - 105.000 ABŞ dolları məbləğində, cəmi 232.000 kredit verilmişdir. Sonradan Bank xx.xx.2015-ci il tarixdə qrafiki dəyişib - 107.433 USD və xx.xx.2016-cı il tarixdə 82.745 USD müəyyən edərkən ona bildirmişlər ki, “bu Respublikada baş vermiş devalvasiya ilə bağlıdır, o, narahat olmasın, köhnə məzənnə ilə borcunu bağlasın”. O, həmin sənədləri imzalayandan sonra ona məlum olmuşdur ki, əslində Bank sözünün üstündə durmur və o, yeni məzənnə ilə pulları ödəməlidir. Hətta söz vermişlər ki, borcunu aşağı məzənnə ilə ya manatla, ya rublla əvəzləşdirəcəklər və təxminən 260.000 ABŞ dollarını tamamlayanda borcu ödənilmiş sayılacaq. O, yenə də borcun qaytarılmasından yayınmamışdır, necə deyərlər dəridən-qabıqdan çıxıb bu günə kimi cəmi 261.765 ABŞ dolları məbləğində krediti qaytarmışdır. Lakin nəzərə alınmalıdır ki, 2015-ci ilin fevral ayında dolların kursunun 78-79 qəpik olduğu müddətdən sonra, 35% bahalanma, həmin ilin dekabr ayında 2-ci devalvasiyadan sonra isə əlavə 45-50 % bahalanma olandan sonra o, borcun qalan hissəsini qaytarmışdır. Qeyd etmək istəyir ki, “xxxxxxxx” (Azərbaycan) ASC tərəfindən onun istəyi nəzərə alınmadan kredit ABŞ dolları ilə verilmişdir. Halbuki, o, “xxxxxxxx” (Azərbaycan) ASC-dən manatla pul istəmişdir. Ona ayrılan pulu bankda Azərbaycan manatı ilə vermişlər. Lakin onu aldadaraq və hüquqi savadsızlığından istifadə edərək dollarla olan müqaviləyə qol çəkdirmışlər. İndi isə Bank ondan əsas borc kimi 37.077 ABŞ dolları, gecikdirilmiş əsasən borc kimi 28.420 ABŞ dolları tələb edir. Hesab edir ki, xarici valyutada kreditin verilməsi qanunsuzdur və belə kredit manatla kreditin alındığı günə olan məzənnə ilə qaytarılmalıdır. Belə ki, gəlirlərin və xərclərin milli valyutada olduğu şəraitdə pul öhdəliklərinin xarici valyutada olması düzgün deyil. Düşünür ki, manatın kəskin devalvasiyası nəticəsində xarici valyutada olan pul öhdəliyi üzrə bank əhəmiyyətli dərəcədə faydalanmış, o isə çox ciddi zərərə məruz qalmışdır. Bundan başqa, onu da qeyd etmək istəyir ki, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrini rəhbər tutaraq Cavabdeh ASC ilə aralarında xx.xx.2013-cü il tarixli, 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli, 112918-6735/2 saylı “Kommersiya krediti müqavilələri” və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli, 02 saylı razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələrinin və razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəkli iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə izahatında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə tam, hərtərəfli və obyektiv araşdırılmış, işin hüquqi və faktiki halları aydınlaşdırmış və düzgün nəticəyə gəlinmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli,112918-1-6735 saylı Baş Kredit Razılaşmasına uyğun olaraq xx.xx.2013-cü il tarixli, 112918-1-6735/1 nömrəli “Kommersiya krediti müqaviləsi”nə əsasən bank kredit alana 127.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ASC ilə kredit alan İddiaçı arasında bağlanmış “xx.xx.2013-cü il tarixli, 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli, 112918-1- 6735/2 nömrəli “Kommersiya krediti müqavilələri”nə və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 02 saylı, xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən kredit alanın banka xx xxx 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 81.745 (səksən bir min yeddi yüz qırx beş) ABŞ dolları məbləğdə (bundan sonra “kredit məbləği”) müəyyən edilir. Hazırkı “Razılaşma”nın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 24 (iyirmi dörd) ay müddət ərzində (bundan sonra “kredit müddəti” adlanacaq) istifadə etməyi və xx xxx 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 16 (on altı) faiz (bundan sonra “Faizlər” adlanacaq) ödəməyi öhdəsinə götürür. Kredit alan xx xxx 2016-cı il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 4949 (dörd min doqquz yüz qırx doqquz) ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. Bu Razılaşmanın tərkib hissəsi sayılan Əlavələr (ödəniş qrafikləri) imzalandığı tarixdən, xx.xx.2013-cü il tarixli, 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli, 112918-1-6735/2 nömrəli “Kommersiya krediti müqavilələri”nin tərkib hissəsi olan 1 saylı razılaşma üzrə imzalanmış Əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin “Kommersiya krediti müqavilələri”nin mətni üzrə Əlavə yeni Əlavə ilə əvəz olunmuşdur. xx.xx.2013-cü il tarixli, 112918-1- 6735/1, xx/xx/2013-cü il tarixli, 112918-1-6735/2 nömrəli “Kommersiya krediti müqavilələri”nin tərkib hissəsi olan 1 saylı razılaşma qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 112918-1-6735/2 nömrəli müqaviləyə əlavə edilmiş xx.xx.2016-cı il tarixli ödəniş cədvəlinə əsasən “xxxxxxxx” (Azərbaycan) ASC xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı faiz borcu 14.303,84 ABŞ dolları, əsas borc 81.745 ABŞ dolları, ödəniş məbləği 96.048,84 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 112918-1-6735/2 saylı kredit müqaviləsinə əlavə edilmiş 1 nömrəli ödəniş cədvəlinə əsasən “xxxxxxxx” (Azərbaycan) ASC xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı faiz borcu 33.359,31 ABŞ dolları, əsas borc 105.000 ABŞ dolları, ödəniş məbləği 138.359,31 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-484/2018 nömrəli qətnaməsi ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələrinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməmiş, “borcun tutulması və s.” tələbinə dair qarşılıqlı iddia qismən təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4821/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-484/2018 nömrəli qətnaməsinin deyişdirilmədən saxlanması qət edilmişdir. İlk İddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4821/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda iddiaçı iddia tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə istinad etməklə Cavabdeh ASC ilə aralarında xx.xx.2013-cü il tarixli, 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli, 112918- 6735/2 saylı “Kommersiya krediti müqavilələri” və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli, 02 saylı razılaşmanın etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında da göstərilir: “Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.» İş materiallarından göründüyü kimi, iddiaçı kredit müqaviləsinin və ona əlavələrin aldatma yolu ilə bağlandığını iddia etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia ərizəsinin məzmununa diqqət yetirilsə isə aydın olar ki, iddia tələbinin əsas mahiyyəti manatın ABŞ dollarına qarşı məzənnəsinin aşağı düşməsi təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2015-ci il tarixli Qərarında qeyd edilir: “... bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafıq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər... manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1-ci maddəsi); xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri). Kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir (Mülki Məcəllənin 739.1-ci maddəsi) Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Beləliklə, kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində istənilən valyutada ola bildiyindən və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən, hazırki müqavilə üzrə borcluya (iddiaçıya) verilmiş pulun ABŞ dolları valyutasında olması bu müqavilənin etibarsızılığına dəlalət etmir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı manatın ABŞ dollarına qarşı məzənnəsinin aşağı düşməsini əsas gətirməklə kredit müqaviləsinin ləğv edilməsi (dəyişməsi) tələbi ilə artıq məhkəməyə müraciət etmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-484/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələrinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” barədə iddiası rədd edilmişdir. Məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən kredit müqaviləsinin və ona əsasən bağlanmış razılaşmanın Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Məhkəmə Cavabdeh ASC tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub- pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda sadalanan mülki qanunvericiliyin normalarından və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələrinin və razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar