Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6099/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(011)- 3672/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən 51 saylı mənzil (Bundan sonra – Mənzil) xx.xx.1996-cı il tarixdən iddiaçının əri və cavabdehin atası Səyyad Həsənova məxsus olmuş, sonradan xx.xx.2007-ci il tarixdə vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmişdir.
2. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Mənzil cavabdeh tərəfindən iddiaçıya bağışlanmış və Mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir.
3. Cavabdeh iddiaçının oğludur, hal-hazırda cavabdeh və yetkinlik yaşına çatmayan övladları – X2 və X4 mübahisəli mənzildə qeydiyyatdadırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehin Mənzildən istifadə hüquqlarına 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X4 ilə birlikdə 10.000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və onların Mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində cavabdehin yetkinlik yaşına çatmayan övladları ilə birlikdə 12 000 manat kompensasiya ödənilməklə Mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişdir ki, Mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin bu hüquqlarını tam mənada realizə edə bilmir. Faktiki olaraq özünə məxsus evə daxil ola bilmir və bu onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh onun mülkiyyətində qeydiyyatda olmaqla və uzun müddət yaşamaqla, evin yaşayış sahəsindən istifadə hüquqları vardır. Cavabdehlə yanaşı Mənzildə onun yetkinlik yaşına çatmayan övladları da yaşamaqdadırlar.
8. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, onun boşandığını, iki azyaşlı uşaqlarının olmasını və başqa yaşayış yerinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mənzil əvvəl atasının olub, 14 il isə onun mülkiyyətində olub. Onun gəncliyi o mənzildə keçib, övladları da həmin mənzildə yaşayıblar. İddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razı deyil, 40 000 manat məbləğində kompensasiyanın verilməsi onu qane edir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(011)- 3672/2023 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, 200 manat məbləğində Mənzilin qiymətləndirmə xərcinin İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 01dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1, 53.3, 60, 87.1, 123.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin qətnaməsində məhkəmə işin bir sıra faktiki hallarını tam araşdırmamış və nəzərə almamışdır. Belə ki, ünvan 2 ünvanında yerləşən 51 nömrəli mənzil xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən və mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla iddiaçıya məxsusdur. Lakin, bu hüquqları tam mənada realizə edə bilmir. Birgə yaşadıqları dövrdə cavabdeh iddiaçını nalayiq sözlərlə təhqir etmiş, qonşuların yanında onu alçaltmışdır. Hazırda iddiaçı mülkiyyətində olan mənzilə daxil ola bilmir, cavabdeh iddiaçını mənzilə buraxmır. Məhkəmə işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallara uyğunluq təşkil etməmişdir. Ona görə qətnamə ləğv olunmalıdır. Məhkəmə MM-nin 53-cü maddəsinə istinad edərək qeyd edir ki, icarədarın ailə üzvü hesab olunan şəxslərin əhatə dairəsi göstərilmişdir, cavabdehin də ailə üzvü olmaqla mənzildən istifadə hüququ vardır. Məhkəmə iddiaçı tərəfindən təklif olunan 12000 (on iki min) manat məbləğin az olmasını əsas götürmüşdür. Lakin, məhkəmə qətnamədə təklif edilən kompensasiyanın məbləği ilə cavabdehin razı olmadığını qeyd edərək iddia tələbini təmin etməmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş qiymətləndirmə obyekti olan mənzilin xx.xx.2023-cü il tarixə aylıq kirayə haqqı 350 manat təşkil edir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». İddiaçı da cavabdehə son olaraq 12000 (on iki min) manat məbləğində kompensasiya təklif etmişdir. Hesab edirik ki, bu məbləğ mülkiyyətçinin ailə üzvü kimi Cavabdeh həmin ərazidə müəyyən müddət ərzində mübahisəli mənzilə oxşar şəraitdə yaşamağa imkan verir. Tərəflər arasındakı qarşılıqlı münasibətlər tam araşdırılmamış, işdəki sübutların ardıcıllıqla qiymətləndirilməsinin vahidliyi pozulmuşdur. Belə ki, hakim sübutların araşdırılması istiqamətində heç bir addım atmamış, kompensasiyanın miqdarının az olmasını, cavabdehin isə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmadığını himayəsində iki yetkinlik yaşına çatmayan usaqlarının olmasını əsas götürərək iddianı rədd etmişdir. Məhkəmə cavabdehin mülkiyyətçiyə verdiyi işgəncələri, mənzilində yaşamasına imkan vermədiyini və sair halları nəzərə almamış, yalnız cavabdeh ödəniləcək kompensasiyaya razı olmadığını başqa yaşayış sahəsinin olmamasını qeyd etmişdir. Beləliklə də işə baxan hakim iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir. Məhkəmə yuxarıda göstərilən hüquq normalarına məhəl qoymayaraq öz mülahizələrini əsas götürərək bizim üçün vacib olan mübahisəni özünə məxsus tərzdə həll etmişdir. Hesab edirəm ki, apellyasiya şikayəti əsaslıdır, buna görə də təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, 15.000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
19. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
23. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına əsasən, ənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(011)-3672/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildən istifadə hüququna 15000 (on beş min) manat kompensasiya verməklə xitam verilməlidir.
33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Belə ki, işin hallarından aydın olur ki, iddianın əsasını kompensasiya ödənilməklə cavabdehin Mənzilə dair istifadə hüququna xitam verilməsi təşkil edir.
35. Kollegiya qeyd edir ki, birinci növbədə məhkəmə tərəfindən cavabdehin Mənzildən istifadə hüququnun yaranması müəyyənləşdirilməlidir. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, mübahisəli Mənzil xx.xx.1996-cı il tarixdə order əsasında cavabdehin atası Səyyad Həsənovun sahibliyində olmuş və övladı olan cavabdeh də daimi qeydiyyata alınmaqla, orada yaşamışdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
37. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o zaman xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda iddiaçı, mənzildən istifadə hüquqlarına görə cavabdehə ümumilikdə 15 000 manat kompensasiya təklif edir. Cavabdeh isə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır.
38. Kollegiya təklif olunan kompensasiya məbləğinin yetərli hesab edir və qeyd edir ki, iş üzrə təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 09-243/23 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan Mənzilin xx.xx.2023-cü il tarixə aylıq kirayə haqqı 350 manat təşkil edir. İddiaçı tərəfindən təklif olunan 15.000 manat məbləğində kompensasiya cavabdehin mübahisə predmeti olan mənzilin yerləşdiyi ərazidə və həmin şəraitdə təxminən 3 ildən daha çox müddətdə kirayə mənzildə yaşamasına imkan verir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.
40. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir.
41. Göstərilənlərə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətçi kimi cavabdehə kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi Mülki Məcəllənin 228.2-ci maddəsinə görə əsaslıdır və təmin olunmalıdır.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Beləliklə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.
43. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə kompensasiya məbləği mütləq şəkildə müəyyən edilməlidir. Belə ki, iddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.
44. Kollegiya qeyd edir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməməklə yalnız mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Mülkiyyət hüququ qanunvericiliklə toxunulmazdır və mülkiyyətçiyə öz mənzilindən istifadə üçün hər hansı bir maneənin yaradılması yolverilməzdir.
45. Bundan əlavə, yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla kollegiya belə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 12000 manat kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilməlidir. Belə ki, mübahisəli mənzil 2 otaqlı olmaqla aylıq kirayə haqqı 350 manat təşkil etməsi iş materialları ilə sübut olunur.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin, apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, habelə qiymətləndirmə xərci olan 200 (iki yüz) manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
49. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(011)- 3672/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan övladları ilə ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildən istifadə hüququna 15000 (on beş min) manat kompensasiya verməklə xitam verilməli və mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(011)- 3672/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan övladları (xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X4) ilə birlikdə 15 000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin və mənzildən əşyaları ilə birlikdə çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qiymətləndirmə xərci olan 200 (iki yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.