Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6099/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı ödənilmiş artıq məbləğin geri qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: qiyabi qətnamənin ləğvi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı ödənilmiş artıq məbləğin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(005)-60/2024 nömrəli qərardadından Cavabdeh Mənzil – Tikinti Kooperativin verdiyi şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi mağazanın faktiki sahəsi ilə həmin qeyri yaşayış sahəsinə dair bağlanmış 02 avqust 2010cu il tarixli müqavilədə göstərilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi arasında olan fərqə görə artıq ödənilmiş 155700 manat məbləğin və həmin məbləğin qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsas götürülməklə artıq ödəməyə uyğun hər ilə görə 7785 manat, 12 il üçün 93420 manat faiz borcunun, cəmi 249120 manat pulun və 540 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(005)-60/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MTKdan 155700 manat məbləğində pul vəsaiti və 337,50 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Qərardad və qətnamə 20 may 2024-cü il tarixdə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdiriliməklə rəsmi qaydada çatdırılmış, 21 may 2024-cü il tarixdə poçt – rabitə orqanı vasitəsilə Cavabdeh MTK-ya göndərilmiş, 24 may 2024-cü il tarixdə “Zəkizadə Nurlan” adlı şəxs tərəfindən qəbul olunmuşdur.
4. 28 iyun 2024-cü il tarixdə Cavabdeh MTK-nın sədri ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv olunması və işin təzələnərək yenidən baxılmasını xahiş etmişdir. Ərizədə həmçinin qeyd olunmuşdur ki, qətnamə poçt vasitəsilə əvvəlki hüquqi ünvanları yerləşən yerə göndərilmiş və onlara 27 iyun 2024-cü il tarixdə təqdim olunmuşdur.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(005)- 60/2024 nömrəli qərardadına əsasən qiyabi qətnaməsinin ləğv edilməsinə dair Cavabdeh MTK-nın ərizəsi təmin olunmamışdır.
6. Qərardad onunla əsaslandırılmışdır ki, mülki işin materiallarında Cavabdeh MTKnın ünvanı kimi qeydiyyatda olduğu yer olaraq ünvan 2v 1104-cü məhəllə müəyyən edilmiş və işlə bağlı bütün rəsmi sənədlər (həmçinin iş üzrə qəbul olunmuş 30 aprel 2024-cü il tarixli qiyabi qətnamə) qeyd edilən ünvana göndərilmişdir. İş üzrə rəsmi sənədlərin hamısı şəxsin rəsmi qeydiyyatda olduğu məhkəməyə məlum olan yeganə ünvana göndərilmiş, şəxs iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş və yekun məhkəmə aktını əldə etmişdir. Cavabdeh MTK-nin qiyabi qətnaməni almamasına istinad etməsi, prosessual müddətin buraxılması halının aradan qaldırılması məqsədini daşıyır. Belə ki, cavabdehin qətnamədən məlumatlı olmasını göstərən birbaşa sübutlar mövcuddur. Qeyd edilənlərə əlavə olaraq bildirilir ki, mübahisəli işlə bağlı məhkəmə araşdırması zamanı bir neçə dəfə ekspertiza təyin edilmiş, bu səbəbdən də həm ekspertlər, həm də məhkəmə tərəfindən yerli baxış keçirilmiş, həmin yerli baxışın heç birində cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir, lakin bütün bunlara baxmayaraq cavabdeh şirkətin məhkəmədə baxılan mülki işdən məlumatlı olmaması səbəbindən iclaslarda iştirak etməməsi, o cümlədən qiyabi qətnaməni almaması barədə dəlilləri inandırıcı deyil, bu səbəbdən də əsaslı hesab edilə bilməz.
7. Cavabdeh MTK həmin qərardaddan şikayət verərək ləğv edilməsini və qyiabi qətnamənin ləğvi barədə ərizənin təmin olunmasını xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, qiyabi qətnamə poçt vasitəsi ilə MTK-nın əvvəllər yerləşdiyi və hüquqi ünvanı kimi göstərilmiş ünvanda yerləşən plazanın qapısında əyləşən Nurlan adlı mühafizəçi tərəfindən qəbul edilmiş, bu barədə hər hansı məlumat verməmişdir və məktub qətnamə ilə birlikdə MTK-nın sədrinə yalnız 27 iyun 2024-ci ildə təsadüfən həmin ünvanda yerləşən mühafizə rəisi tərəfindən gələn sənədlərin içində aşkar edilərək MTK-nın sədri ilə əlaqə saxlayaraq təqdim edilmişdir. MTK rəsmi fəaliyyətini dayandırıb və sədrdən başqa əlavə əməkdaşı və ofisi yoxdur. Buna əsasən məktublar hüquqi ünvana gedir və orda plazanın girişində yerləşən mühafizəçilər bunu qəbul edir (poçt çatdırılması barədə qəbzlərə baxış keçirilə, iş materiallarında olan qəbzlərin kimlər tərəfindən imzalandığı buna sübutdur). Qiyabi qətnamənin qəbulu zamanı çəkişmə prinsipinə əməl edilmədən bir tərəfin yəni iddiaçının təqdim etdiyi sübutlara əsaslanmışdır, bundan xəbər tutan cavabdeh qiyabi qətnamənin ləğv edilməsində haqlıdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2(005)-60/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 227.2. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. Maddə 227.3. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 249. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Maddə Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. İş materiallarından görünür ki, qətnamə 21 may 2024-cü il tarixdə poçt – rabitə orqanı vasitəsilə Cavabdeh MTK-ya göndərilmiş, 24 may 2024-cü il tarixdə “Zəkizadə Nurlan” adlı şəxs tərəfindən qəbul olunmuş, 28 iyun 2024-cü il tarixdə Cavabdeh MTK-nın sədri ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv olunması və işin təzələnərək yenidən baxılmasını xahiş etmişdir.
12. Həmçinin, birinci instansiya məhkəməsi 30 iyul 2024-cü il tarixli, e-2(005)- 60/2024 nömrəli qərardadında qeyd edir ki, “Cavabdeh MTK-nin qiyabi qətnaməni almamasına istinad etməsi, prosessual müddətin buraxılması halının aradan qaldırılması məqsədini daşıyır.”
13. Əgər məhkəmə qiyabi qətnamənin 24 may 2024-cü il tarixdə cavabdeh tərəfindən alınması qənaətinə gəlirsə, ilkin olaraq qiymət verilməli olan məsələ qiyabi qətnamənin ləğvi barədə ərizənin mümkünlüyü, yəni, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilib – verilməməsinin aydınlaşdırılması olmalı idi. Belə ki, MPM-nin 244cü maddəsində bu ərizənin verilməsi üçün 10 gün müddət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən isə ərizə bu müddət başa çatdıqdan (04 iyun 2024-cü il) 24 gün sonra - 28 iyun 2024-cü il tarixdə verilmişdir.
14. Yəni, birinci instansiya məhkəməsi qiyabi qətnamənin 24 may 2024-cü il tarixdə cavabdeh tərəfindən alınması qənaətinə gəlirdisə, MPM-nin 13.4, 363.1 və 363.1.3-cü maddələrinə əsaslanmaqla həmin ərizəni geri qaytarmalı idi. Lakin bunun əksinə olaraq məhkəmə prosessual müddətin keçməsinə ərizənin rədd olunma əsaslarından biri kimi qiymət verərək ərizənin rədd olunması qənaətinə gəlmişdir.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir.
16. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(005)-60/2024 nömrəli qərardadı ləğv olunmalı, qiyabi qətnamənin ləğvi barədə ərizənin mümkünlüyü məsələsinə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(005)- 60/2024 nömrəli qərardadından Cavabdeh Mənzil – Tikinti Kooperativin verdiyi şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(005)- 60/2024 nömrəli qərardadı ləğv edilsin və iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.