Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-610/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(006)-1722/2021 saylı qətnaməsindən Cavabdeh BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı “girov predmetinin və ya onun dəyərinin qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT MMC-dən 04 ədəd 8742,50 manat olan sepin, 1 ədəd dəyəri 1619,76 manat olan 01 ədəd sepin, 01 ədəd dəyəri 1374,10 manat olan yolka qolbağının olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 11737,36 manat məbləğində pul alınıb İddiaçı qaytarılması, Cavabdeh BOKT MMC-dən 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 04 mart 2019-cu ildə Cavabdeh BOKT MMC ilə kredit müqaviləsi bağlayıb 6740 manat istehlak krediti götürmüşdür. Kreditin təminatı kimi ona məxsus 3 adda dəyəri 11737,36 manat dəyərində qızıl əşyaları girov qoyulmuşdur. Qızıl əşyalar girov müqaviləsinə edilmiş 2 saylı əlavədə göstərilən əşyalardır. 04 ədəd 8742,50 manat olan sepin, 1 ədəd dəyəri 1619,76 manat olan 01 ədəd sepin, 01 ədəd dəyəri 1374,10 manat olan yolka qolbağının olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 11737,36 manat məbləğində pul vəsaitidir. Krediti tam ödədiyi qızılını götürmək istəsə də ona məlum olmuşdur ki, qızıl əşyaları Goranboy filialının rəhbəri X3 ona məxsus filiala girov qoyduğu qızılları mənimsəmişdir. Ona görə də o, məhkəməyə müraciət edib filiala girov qoyduğu qızıl əşyaları məhkəmə qaydası ilə tələb etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(006)-1722/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh BOKT MMC-dən 04 ədəd 8742,50 manat olan sepin, 1 ədəd dəyəri 1619,76 manat olan 01 ədəd sepin, 01 ədəd dəyəri 1374,10 manat olan yolka qolbağının olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 11737,36 manat məbləğində pulun alınıb, İddiaçı qaytarılması, Cavabdeh BOKT MMC-dən 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh BOKT MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(006)-1722/2021 saylı qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş arayışdan və təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı kredit borcunu vaxtından əvvəl yox, müqavilənin vaxtı bitəndən sonra ödəmişdir və qızıl-zinət əşyalarını özü götürmüşdür. Buna görə də, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil, maddi norma pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh BOKT MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, ekspert rəyi onlar üçün təəccüb doğurmuşdur. Bununla bağlı özləri də öz işçiləri ilə bağlı araşdırma aparacaqlar. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndəsi səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin səhhəti ilə bağlı heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(006)-1722/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan sübutlara əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh BOKT MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 12 ay müddətinə 169 AZN komissiya ilə 6740 manat məbləğində istehlak krediti verilmiş, 04 mart 2019-cu il tarixli girov müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus olan 04 ədəd, əyyarı 583, dəyəri 8743,50 manat olan sepləri, 01 ədəd, əyyarı 585, dəyəri 1619,76 manat olan 01 ədəd sepi, 01 ədəd, əyyarı Q/s-583, dəyəri 1374,10 manat olan yolka qolbağı olan qızılzinət əşyaları girov qoymuşdur. İş materiallarından 04 mart 2019-cu il tarixli qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, qeyd olunan qızıl-zinət əşyaları İddiaçı tərəfindən Cavabdeh BOKT MMC-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh BOKT MMC tərəfindən 30 iyul 2020-ci il tarixdə verilmiş 37/20 saylı arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh BOKT MMC arasında bağlanmış 04.03.2019-cu il tarixli 86/0319-995BR saylı kredit müqaviləsinə əsasən ayrılmış 6740 manat kredit vəsaiti 02.08.2019-cu il tarixdə ödənilib və bu günə heç bir borc qalmamışdır. Kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi müqavilə müddəti başa çatmamış tam olaraq icra etdiyi üçün, girovluqda olan qızıl-zinət əşyalarının qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 181.4, 157.2-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Cavabdeh tərəf qızıl-zinət əşyalarının 04 mart 2019-cu il tarixli qiymətləndirmə və təhvil-təslim aktına istinad edərək, iddiaçıya qaytarıldığını bildirmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.12.2021-ci il tarixli, 4/1833 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 120-ci vərəqəsində olan 4 mart 2019-cu il tarixli qiymətləndirmə və təhvil-təslim aktında “Qiymətləndirmə ilə razıyam Təhvil verdim, Girov qoyan İddiaçı” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 120-ci vərəqəsində olan 04 mart 2019-cu il tarixli qiymətləndirmə və təhviltəslim aktında “Təhvil aldım, İddiaçı” qrafasındakı imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi cavabdeh tərəfindən əsli təqdim olunmuş sənədlər əsasında aparılmış, rəy mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdehin qeyd etdiyi qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması halı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sübut olunmamışdır. Əksinə, iddiaçı tərəfindən girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl tam icrası nəticəsində, cavabdeh tərəfindən iddiaçının qızıl-zinət əşyaları qaytarılmamaqla, həmin əşyalar cavabdehin qanunsuz sahibliyində qalmışdır. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun kredit müqaviləsi üzrə öhdəliyini vaxtından əvvəl deyil, müqavilə müddəti bitəndən sonra icra etməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, bu hal Cavabdeh BOKT MMC tərəfindən 30 iyul 2020-ci il tarixdə verilmiş 37/20 saylı arayışla öz təsdiqini tapmır. Həmçinin kollegiya apellyatorun qızıl-zinət əşyalarını iddiaçının özü götürməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, bu dəlil məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatı dəyəri olan 126 manat cavabdehdən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(006)- 1722/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatı dəyəri olan 126 (yüz iyirmi altı) manat Cavabdeh BOKT MMC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-610/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-610/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver