Məhkəmə qərarları › İş №2(103)-6100/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6100/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6100/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X4 və X6 (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin təhvil verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X4 və X6 (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1333/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Vilayət Cəfərovla ilə Cavabdeh MMC arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış və Cəmiyyət ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili (bundan sonra – Mənzil) Vilayət Cəfərovun mülkiyyətinə verməyi, Vilayət Cəfərov isə Mənzilin dəyərini tam olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 60900 manat pulun Vilayət Cəfərov tərəfindən ödənilməsi və Vilayət Cəfərovun cavabdehə borcunun olmaması barədə maliyə arayışı verilmişdir. Mənzilə dair Vilayət Cəfərovun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi: **********) verilmişdir.

2. Vilayət Cəfərovla ilə digər cavabdeh Tahir Hüseynov arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Mənzil Tahir Hüseynova satılmış və sonuncunun da Mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi: **********) verilmişdir. Mənzil hazırda Tahir Hüseynovun mülkiyyətindədir.

3. Həmçinin, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixdə 212 nömrəli müqavilə bağlanmış, cavabdeh mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzilin dəyərini tam olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə Mənzilin dəyəri razılaşdırılmış 81200 manat pulun iddiaçı tərəfindən ödənilməsi və iddiaçının cavabdehə borcunun olmaması barədə xx.xx.2008-ci il tarixdə maliyə arayışı verilmişdir. Mənzilə dair iddiaçının mülkiyyəti hüquqları dövlət qeydiyyatına alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X4 və X6 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış mənzilin alqı-satqısına dair 12 sentyabr 2007-ci il tarixli nömrəsiz müqavilənin etibarsız sayılması, həmin müqavilə əsasında Vilayət Cəfərovun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunması, X14 arasında bağlanmış mənzilə dair AN-1 № ******* saylı, 30 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, Tahir Hüseynovun adına mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında (təsisçi X3 şəxsində) bağlanmış 08 aprel 2008-ci il tarixli müqaviləyə əsasən mənzilin hər kv.m üçün 800 manat olmaqla, cəmi 81.200 manata iddiaçıya satılmışdır. Göstərilən məbləğ iddiaçı tərəfindən həmin tarixdə nağd şəkildə MMC-yə ödənilmiş və bu barədə müvafiq maliyyə arayışı verilmişdir. İddiaçı uzun müddətdir Kanadada yaşayır. 2008-ci ildə Bakı şəhərində tikinti işləri aparan "xxxx" Şirkətinə məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində 101.5 kv.m-dən ibarət 2 otaqlı mənzil alınması üçün müraciət etmiş və "xxxx" Şirkətinin sahibi kimi özünü təqdim edən İlham Qasımovla mənzilin hər kv.m-i üçün 1.000 ABŞ dolları ödəməyə razılaşıb, tam ödəniş edərək müqavilə bağlanmışdır. Bir müddət sonra binanın tikintisinin hansı mərhələdə olduğu ilə maraqlandıqda İlham Qasımov digər şəriki ilə ayrıldığını, bu səbəbdən binanın tikintisinin hələlik dayandığını bildirmişdir. 2012-ci ildə yenidən tikintinin gedişi ilə maraqlandıqda İlham Qasımov onda olan mənzil-alqı satqısına dair "xxxx" şirkəti ilə bağlanmış müqaviləni götürərək Cavabdeh MMC-dən mənzil alınmasına dair 08 aprel 2008-ci il tarixli 211 saylı müqaviləni tərtib edərək ona vermişdir. Əlavə olaraq 2012-ci ildə qaraj sahəsinin alınması üçün Cavabdeh MMC-nin təsisçisi İlham Qasımovla qiymət razılaşdırılımış və müqavilə bağlanmışdır. 2015-ci ildə növbəti dəfə Bakıya gəlib mənzillə maraqlandıqda İlham Qasımov şəxsən mənzilin giriş qapısının qoyulmasına icazə vermiş və mənzilin giriş qapısı iddiaçı tərəfindən qoyularaq qıfılla bağlanmışdır. Bir müddətdən sonra Cavabdeh MMC tərəfindən mənzilə qaz xətti çəkilməsi üçün icazə istənilmiş, lakin iddiaçı ölkə xaricində olduğu, mənzilin qapısının aşılmasında heç kimin iştirak edə bilməyəcəyi üçün iddiaçının şifahi razılığı ilə mənzilin qıfılı sındırılaraq qaz xətti çəkmişlər. Hər dəfə mənzillə maraqlandıqda və mənzilə baxış keçirilən zaman Cavabdeh MMC şirkətindən icazə alınmış, bu səbəbdən 2016-cı ildə İlham Qasımov ilə görüşüb mənzilin təmiri üçün müraciət edilmişdir. İddiaçını mənzilin sahibi kimi tanıdıqları üçün mənzilə daxil olmağa icazə vermişlər. Bundan əlavə mənzilin qapısının qıfılı qaz xətti çəkildiyi zaman sındırıldığı üçün 2016-ci ildə qapının qıfılı iddiaçı tərəfindən yenisi ilə əvəz olunmuşdur. İddiaçı ölkə xaricində yaşadığı üçün mənzilin tikintisinin hansı mərhələdə olduğu ilə mütamadi olaraq maraqlana bilməmiş, 2021-ci il sentyabr ayında mənzil ilə maraqlandıqda mənzildə artıq başqa şəxs tərəfindən təmir işləri aparıldığını, mənzilə guya çıxarış da alındığını öyrənmişdir. İlham Qasımov iddiaçı ilə şəxsən danışıqlar aparıb və onu mənzil sahibi kimi tanıyıb, lakin uzun müddət və dəfələrlə müraciətlər edilməsinə baxmayaraq Cavabdeh MMC-nin məsul şəxsləri müqavilədə nəzərdə tutulmuş qanuni, etibarlı və məcburi öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, bu günə qədər müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, qarşı tərəflə söhbət zamanı hər dəfə mənzil veriləcəyini bildirilsə də, heç bir nəticə əldə olunmamış, müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməsindən boyun qaçırılmışdir. Eyni iddia ilə Xətai rayon məhkəməsinə müraciət olunmuş, lakin cavabdehlə əldə olunmuş razılığa əsasən iddia baxılmamış saxlanılmış, lakin hazırda iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qalxdığı üçün yenidən iddia ərizəsiylə məhkəməyə müraciət olunmalıdır. Hazırki müqavilə 08 aprel 2008-ci ilə bağlandığı üçün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15 dekabr 2017- ci ilə qədər qüvvədə olmuş 178.8-ci maddəsində göstərilir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj, və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

6. Cavabdeh Vilayət Cəfərov iddia ərizəsinə yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, "xxxx" Şirkəti Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə hər hansı bir tikinti aparmamış, "xxxx" şirkətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ünvanda bina tikməyə razılıq sərəncamı verilməmişdir. "xxxx" şirkətinin Cavabdeh MMC-nin tikdiyi binada mənzil satmaq səlahiyyəti olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə İSR Holdinq Şirkətlər qrupunun xx.xx.2005-ci il tarixli 05 saylı məktubu nəzərə alınmaqla Xətai rayon F.Bayramov küçəsi 1156-cı məhəllədə həmin şirkətlər qrupunun Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsi İSR holdinq şirkətlər qurupunun istifadəsinə verilmişdir. İSR holdinq MMC ilə Cavabdeh MMC arasında 2007-ci ilin fevral ayında bağlanmış birgə fəaliyyət barədə müqavilədən müəyyən olunur ki, Xətai rayonu F.Bayramov küçəsindəki 1156-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı sərəncamı ilə Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi məqsədi ilə İSR holdinq şirkətlər qrupunun istifadəsinə verilmiş və ayrılmmış ərazidə yaşayış binasının layihələndirilməsi və inşası "xxxx" MMC-nin vəsaitləri hesabına həyata keçirilir. Göründüyü kimi, 2007-ci ilin fevral ayından etibarən qeyd olunan ərazidə yaşayış binası Cavabdeh MMC tərəfindən və onun vəsaiti hesabına layihələndirilmiş, tikilmiş və vətəndaşlara satılmışdır. Birgə fəaliyyət haqqında müqavilədən və BŞİH-nin sərəncamından da müəyyən olur ki, həmin binanın ərazisi “İSR” Holdinqə məxsusdur və orada binaların tikilməsi və mənzillərin satılması hüququ yalnız "xxxx" MMC-yə məxsusdur. iddiaçı Audit yoxlamasına dair aktda sözügedən mənzilin xx.xx.2008-ci ildə İddiaçı Kamil qızına satıldığına istinad etsə də, əslində 2012-ci ildə sözügedən mənzilə dair müqavilənin 2008-ci ilə arxa tarixlə yazıldığını iddiaçı özü öz iddia ərizəsində etiraf etmişdir. Buradan da görünür ki, həmin Audit yoxlamasına dair aktın mötəbərliyindən söhbət belə gedə bilməz. Bundan əlavə, nə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daşınmaz əmlaka dair mülkiyyətin reyestrini aparan orqan deyil, nə də ki Audit yoxlamasına dair akt daşınmaz əmlaka dair mülkiyyəti təsdiq edən sənəd deyildir. Bununla belə, Cavabdeh MMC-yə qarşı olan oxşar işlər üzrə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən götürülmüş 30 yanvar 2013-cü il tarixli Cavabdeh MMC-də aparılmış Audit yoxlamasına dair akt mötəbər sübut kimi qəbul edilməmiş, mülkiyyətçinin mülkiyyət hüququnu təsdiq edən çıxarış əsas götürülmüşdür. xx.xx.2007-ci il tarixli müqavilə üzrə Vilayət Cəfərov Cavabdeh MMC-dən Mənzili almışdır. Pay dəyərinin tam ödənilməsinə dair Vilayət Cəfərova maliyyə arayışı da verilmiş, xx.xx.2020-ci il tarixdə isə ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Vilayət Cəfərov Mənzili alıcı X1. Mübahisəli mənzilə dair Vilayət Cəfərovun və Tahir Hüseynov arasında alqı-satqı müqaviləsi bağlandığı vaxt mənzil üzərində sonuncunun xeyrinə reyestrdəki qeyd həqiqi olmuş, üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Tahir Hüseynova AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmiş və Texniki pasport tərtib edilmişdir. X11 hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Lakin mənzil alındığı vaxtdan bu günədək iddiaçı və ya hər hansı başqa şəxslər mənzillə bağlı onu və ailə üzvlərini narahat etməmiş, mənzilə iddia etməmişlər. Göründüyü kimi, Cəfərov Vilayət vicdanlı alıcıdır. V.Cəfərov sözügedən mənzili alarkən müqavilənin legitimsizliyi barədə onda şübhə yarana bilməzdi. V.Cəfərov vicdanlı alıcı olduğundan, onun əmlak hüquqları qorunmalıdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1333/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim X8).

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1333/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X4 və X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin təhvil verilməsi” barədə iddia ərizəsi üzrə 2(011)-1333/2023 saylı mülki işə məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, İddiaçı Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış müqavilənin sonradan əvvəlki tarixlə bağlanmasına, yəni müqavilənin saxtalaşdırılmaqla onun məzmunua dair tələblərin pozulmasına istinad edərək etibarsızlığını tələb etsə də, məhkəmə araşdırması həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf də həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh MMC ilə iddiaçı və Vilayət Cəfərov arasında bağlanmış həm podrat müqaviləsi olduğundan, həm də Mənzil fərdi-müəyyən edilən əşya olduğundan onun daha əvvəl kimə təhvil verilməsinin xüsusi önəmi vardır. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə kreditorun fərdi-müəyyən əşyanı borclunun əlindən alınmasına o halda ixtiyarı çatır ki, əmlak mülkiyyət hüququ ilə üçüncü şəxsdə olmasın.,

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 140-cı, 152.1-ci, 178.1-ci, 337-ci, 452-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 217.2-ci və 217.4-cü maddələrinə. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyadsiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qətnamədə yanlışlıqa yol verilmiş, 30 yanvar 2013-cü il tarixli Audit aktında qeyd olunan mənzilin sahibi kimi Cəfərov Vilayət deyil, İddiaçı göstərilmişdir. V.Cəfərov 2007-ci ildə qeyd olunan mənzilin alınmasına dairCavabdeh MMC ilə müqavilə bağlasaydı onun adı birmənalı olaraq həmin aktda öz əksini tapmış olardı. Göründüyü kimi, mənzilin ilk sahibi İddiaçıdır. Bundan əlavə müqavilədə "xxxx"şirkəti qeyd olunsa da, müqavilə eyni adamla yəni İham Qasımovla bağlanmışdır və "xxxx"-yə də müqaviləni İlham Qasımov dəyişmişdir. Onu da qeyd edir ki, ilk iddiaları üzrə məhkəmə prosesində iştirak edən İlham Qasımovun xahişi ilə iddia tələbi baxılmamış saxlanılması barədə razılığa gəlinmişdir. Belə ki, X22 Əliyevanı mənzillə təmin edəcəyinə məhkəmə iclasında söz vermişdir. Mənzilin alınmasına dair danışıqlar ancaq və ancaq hər iki şirkətin sahibi olan İlham Qasımovla aparılmış və müqavilələr onun göstərişi ilə həm yazılmış və həm də dəyişdirilmişdir. Qətnamədə göstərilənlərin əksinə olaraq məhkəməyə yazılı müraciət təqdim edilərək Vilayət Cəfərovun adına olan müqavilənin onlar tərəfindən əldə edilməsinin mümkünsüzlüyü nəzərə alınmaqala həmin sənədin müvafiq təşkilatlardan götürülməsi xahiş edilmişdir. Lakin heç bir təşkilat sənədi vermək istəməmiş və Vilayət Cəfərov da həmin sənədi təqdim etməmişdir. Mübahisələndirilən Çıxarışların alınmasına əsas verən Vilayət Cəfərovla "xxxx" arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin təqdim edilməməsi və götürülməməsi onun həqiqiliyinə ciddi şübhələr yaratmış və buna görə də həmin müqavilə əldə olunduğu təqdirdə saxtalığı üzə çıxmaqla etibarsız əqd olduğu müəyyən olacaqdır. Bunları sübut etməkdə məhkəmə kifayət qədər kömək etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh Vilayət Cəfərov apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, onunla əsaslandırmışdır ki, "xxxx" Şirkəti Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə hər hansı bir tikinti aparmamış, "xxxx" şirkətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ünvanda bina tikməyə razılıq sərəncamı verilməmişdir. "xxxx" şirkətinin Cavabdeh MMC-nin tikdiyi binada mənzil satmaq səlahiyyəti olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə İSR Holdinq Şirkətlər qrupunun xx.xx.2005-ci il tarixli 05 saylı məktubu nəzərə alınmaqla Xətai rayon F.Bayramov küçəsi 1156-cı məhəllədə həmin şirkətlər qrupunun Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsi İSR holdinq şirkətlər qurupunun istifadəsinə verilmişdir. İSR holdinq MMC ilə Cavabdeh MMC arasında 2007-ci ilin fevral ayında bağlanmış birgə fəaliyyət barədə müqavilədən müəyyən olunur ki, Xətai rayonu F.Bayramov küçəsindəki 1156-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004- cü il tarixli, 115 saylı sərəncamı ilə Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi məqsədi ilə İSR holdinq şirkətlər qrupunun istifadəsinə verilmiş və ayrılmmış ərazidə yaşayış binasının layihələndirilməsi və inşası "xxxx" MMC-nin vəsaitləri hesabına həyata keçirilir. Göründüyü kimi, 2007-ci ilin fevral ayından etibarən qeyd olunan ərazidə yaşayış binası Cavabdeh MMC tərəfindən və onun vəsaiti hesabına layihələndirilmiş, tikilmiş və vətəndaşlara satılmışdır. Birgə fəaliyyət haqqında müqavilədən və BŞİH-nin sərəncamından da müəyyən olur ki, həmin binanın ərazisi “İSR” Holdinqə məxsusdur və orada binaların tikilməsi və mənzillərin satılması hüququ yalnız "xxxx" MMC- yə məxsusdur. İddiaçı tərəf Audit yoxlamasına dair aktda sözügedən mənzilin xx.xx.2008-ci ildə İddiaçı satıldığına istinad etmişdir Bununla bağlı ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfin istinad etdiyi xx.xx.2013-cü il tarixli akt (siyahı) Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Cavabdeh MMC- nin təsisçilərdən biri (hal-hazırda çəza çəkir) Sahib İbrahimov və həmin vaxt onun göstərişi ilə hərəkət edən MMC-nin direktoru Məzahir Cəfərov (bu kimi əməllərə görə cəzaçəkmə müəsissəsində intihar etmişdir) təqdim etmişlər. Bundan başqa istinad olunan auditor aktı və MMC-nin təsisiçisi X12 Cəfərovun təqdim etdiyi siyahının heç bir hüquqi qüvvəsi yoxdur. Bu fakt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda qeyd edilən akta hüquqi qiymət verilmədiyi göstərilmişdir. Digər tərəfdən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq orqanının və ya məhkəmənin hər hansı yekun qərarı yoxdur. Bunlardan başqa, İddiaçı özünün iddia ərizəsində, habelə nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 2012-ci ildə sözügedən mənzilə dair müqavilənin 2008-ci ilə arxa tarixlə yazıldığını etiraf etmişlər. Buradan da görünür ki, həmin Audit yoxlamasına dair aktın mötəbərliyindən söhbət belə gedə bilməz. Bundan əlavə, nə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daşınmaz əmlaka dair mülkiyyətin reyestrini aparan orqan deyil, nə də ki Audit yoxlamasına dair akt daşınmaz əmlaka dair mülkiyyəti təsdiq edən sənəd deyildir. Bununla belə, Cavabdeh MMC-yə qarşı olan oxşar işlər üzrə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən götürülmüş 30 yanvar 2013-cü il tarixli Cavabdeh MMC-də aparılmış Audit yoxlamasına dair akt mötəbər sübut kimi qəbul edilməmiş, mülkiyyətçinin mülkiyyət hüququnu təsdiq edən çıxarış əsas götürülmüşdür. X9 "xxxx" MMC arasında bağlanmış müqavilə mahiyyətcə podrat müqavilələsidir. İşdə olan sənədlərdən və tərəflərin məhkəməyə bildirdiklərindən müəyyən edilir ki, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə üzrə Vilayət Cəfərov öhdəliyini icra edərək mənzilin dəyərini ödəmiş, Cavabdeh MMC isə öhdəliyini yerinə yetirirək 2018-ci il tarixdə mənzili ona təhvil vermiş, Vilayət Cəfərov isə xx.xx.2020-ci il tarixdə mənzilə dair Çıxarış əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ct maddəsinə görə, kreditorun fərdimüəyyən əşyanı borclunun əlindən alınmasına o halda ixtiyarı çatır ki, əmlak mülkiyyət hüququ ilə üçüncü şəxsdə olmasın. İş materialları ilə də təsdiq olunur ki, Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında müqavilə daha əvvəl bağlanməş və mənzil ona daha əvvəl təhvil verilmişdir. İddiaçı ilə mənzilə dair müqavilə əvvəl "xxxx" Şirkəti ilə bağlansa da, habelə tarixi xx.xx.2008-ci İl göstərilsə də, onunla Cavabdeh MMC arasında mənzilə dair müqavilənin əslində 2012-ci ildə bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan halda, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, habelə onun adına verilmiş çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Vilayət Cəfərov mənzili Tahir Hüseynova satmışdır. Mübahisəli mənzilə dair Vilayət Cəfərov və Tahir Hüseynov arasında alqı-satqı müqaviləsi bağlandığı vaxt mənzil üzərində sonuncunun xeyrinə reyestrdəki qeyd həqiqi olmuş, üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Tahir Hüseynova DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmiş və Texniki pasport tərtib edilmişdir. Tahir Hüseynov hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Lakin mənzil alındığı vaxtdan bu günədək iddiaçı və ya hər hansı başqa şəxslər mənzillə bağlı onu və ailə üzvlərini narahat etməmiş, mənzilə iddia etməmişlər. Göründüyü kimi, Vilayət Cəfərov vicdanlı alıcıdır. Vilayət Cəfərov sözügedən mənzili alarkən müqavilənin legitimsizliyi barədə onda şübhə yarana bilməzdi. Vilayət Cəfərov vicdanlı alıcı olduğundan, onun əmlak hüquqları da qanunla qorunmalıdır. Hesab edir ki, İddiaçı hazrrki iş üzrə Vilayət Cəfərov və Cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarlılığım mübahisələndirmək üçün kəsici müddəti buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.). Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiyası məhkəməsinin qətnaməsi isə əsaslı və qanunidir. Həmin qətnamənin ləğv edilməsi üçün hər hansı əsas mövcud deyildir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X18, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdilər.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, "xxxx" Şirkəti ilə bağlı saxta müqavilə kifayət qədər çoxdur. Auditor Xidmətinin aktına indiyə kimi hüquqi qiymət verilməmişdir. Həmin aktda o vaxtkı direktorun imzası yoxdur. O, həmin aktı qəbul etməmişdir. 74 belə saxta müqavilə vardır. Nə İddiaçı, nə də ki, hazırki nümayəndəsi ona müraciət etməyib. İddiaçı heç xəzinəyə də pul ödəməmişdir. Sahil-D Kompani onlarla əlaqəsi yoxdur. Qohumluq əlaqələrindən istifadə edərək müqavilə hazırlanmışdır. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İştirak etdiyi məhkəmə iclasında Vilayət Cəfərov, onun nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Cavabdeh V.Cəfərov izahatında bildirmişdir ki, o, 2007-ci ildə mənzili almışdır. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən dəlillər heç biri sübutlarla öz təsdiqini tapmır. 2008-ci il tarixli müqaviləni 2012-ci ildə bağladıqlarını özü bildirir. 2015-ci ildə qapını qoydurduğu da öz təsdiqini tapmır. Qaz və işıq mənzilə 2022-ci ildə çəkilmişdir. Audit aktının isə hüquqi qüvvəsi yoxdur. 2 dəfə həmin evdə təmir işləri aparmışdır. Əgər problem olsa idi, yaxınlaşardılar. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

17. İştirak etdiyi məhkəmə iclasında Vilayət Cəfərovun nümayəndəsi Vəkil2 əlavə olaraq bildirmişdir ki, iddiaçı özü də iddiasında 2012-ci ildə yenidən tikintinin gedişi ilə maraqlandıqda İlham Qasımov onda olan mənzil-alqı satqısına dair "xxxx" şirkəti ilə bağlanmış müqaviləni götürərək Cavabdeh MMC-dən mənzil alınmasına dair 08 aprel 2008-ci il tarixli 211 saylı müqaviləni tərtib edərək ona verdiyini qeyd etmişdir. Yəni müqaxilənin əslində arxa tarixə aldığı aşkar görünür. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi öz nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin etməmişdir. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

26. Tərəflər arasındakı hazırkı mübahisə isə mənzilə dair müqavilənin həm Vilayət Cəfərovla Cavabdeh MMC arasında, həm də Vilayət X14 arasında bağlanmışdır. Belə olduğu təqdirdə isə iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsızlığını, həmçinin sonuncuların mənzilə dair çıxarışlarının ləğvini tələb edir.

27. İddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun təhlil aparılmalıdır.

28. Belə ki, Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış xx.xx.2007-ci tarixli müqavilə mənzilin tikilib Vilayət Cəfərova təhvil verilməsi barədə podrat müqaviləsidir. İddiaçı istinad edilən müqaviləyə əsaslanaraq hazırkı iş üzrə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Etibarsızlığın əsas səbəbi olaraq iddiaçı ona istinad etmişdir ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş bina üzrə dələduzluq edilmə faktları mövcud olmuş və bu faktların üzə çıxarılması üçün Azərbaycan Repsublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılmışdır. Hazırkı məsələlərin araşdırması zamanı istintaq orqanında ünvan 4 ünvanında inşa edilən binada yerləşən mənzillərin kimə məxsus olması ilə bağlı siyahı tərtib edilmişdir. 30 yanvar 2013-cü il tarixli akta əlavə edilmiş siyahıda 1 saylı yaşayış binasının 101,5 kv.m olan 21 saylı mənzilin Cəfərov Vilayətin adına rəsmiləşdirilməsi qeyd olunmuşdur. İddiaçı hazırkı siyahının 2013-cü il tarixdə tərtib olunmasına və bu siyahıda mübahisəsi gedən mənzilin V.Cəfərovun adına deyil, onun adına olmasını əsas gətirərək Vilayət Cəfərovla müqavilənin sonradan geri tarixlə bağlanmış müqavilə olmasına istinad etmişdir.

29. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.

30. İddiaçı Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış müqavilənin sonradan əvvəlki tarixlə bağlanmasına, yəni müqavilənin saxtalaşdırılmaqla onun məzmununa dair tələblərin pozulmasına istinad edərək etibarsızlığını tələb etsə də, məhkəmə araşdırması həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf də həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir.

31. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış müqavilədən əvvəl iddiaçı ilə "xxxx" Şirkəti arasında mübahisəli mənzilə dair müqavilə bağlanmış və iş materiallarına əlavə edilmiş "xxxx" Şirkəti tərəfindən xx.xx.2008-ci il tarixli arayışda da qeyd edilmişdir ki, iddiaçının ünvan 4 ünvanında yerləşən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində 101,5 kv.m.-dən ibarət 2 otaqlı yaşayış sahəsinə görə borcu yoxdur. İşin bu halı iddiaçının nümayəndəsi (qardaşı) İlqar Əliyev tərəfindən də məhkəmə baxışında təsdiq edilmiş, həmçinin nümayəndə bildirmişdir ki, mübahisəli mənzilə görə pulu “Avesta” şirkətinin ofisində sayaraq İlham Qasımova (onun göstərişi ilə kassaya) vermiş, sonradan İlham Qasimov "xxxx" Şirkətinin təsisçiliyindən çıxdığından həmin şirkətlə bağlanmış müqavilə 2012-ci ildə Cavabdeh MMC ilə bağlanmış müqavilə ilə əvəzləşdirilmiş, lakin sonuncu müqavilədəki tarix də əvvəlki - "xxxx" Şirkəti ilə bağlanmış müqavilənin tarixinə uyğunlaşdırılaraq xx.xx.2008-ci il yazılmışdır. Buna görə də, Cavabdeh MMC iddiaçıya maliyyə arayışı vermişdir.

32. Göründüyü kimi iddiaçı ilə bağlanmış müqavilədən daha əvvəl Vilayət Cəfərovla Cavabdeh MMC arasında müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, istər Vilayət Cəfərovla, istərsə də iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə mahiyyətcə podrat müqavilələridir. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqavilləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin həcmi və buna uyğun muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır. İş materialları ilə də müəyyən edilir ki, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007ci il tarixli müqavilə üzrə Vilayət Cəfərov öhdəliyini icra edərək mənzilin dəyərini ödəmiş, Cavabdeh MMC isə öhdəliyini yerinə yetirirək 2018-ci il tarixdə mənzili ona təhvil vermiş, Vilayət Cəfərov isə xx.xx.2020-ci il tarixdə mənzilə dair Çıxarış əldə etmişdir. İddiaçı isə mənzilin 2015-ci il tarixdə mənzilə giriş qapısı qoyduğunu, həmçinin 2016-cı il tarixdə qaz xəttinin çəkilişi üçün icazə verdiyini iddia etsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

33. Cavabdeh MMC ilə iddiaçı və Vilayət Cəfərov arasında bağlanmış həm podrat müqaviləsi olduğundan, həm də mənzil fərdi-müəyyən edilən əşya olduğundan onun daha əvvəl kimə təhvil verilməsinin xüsusi önəmi vardır. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə kreditorun fərdi-müəyyən əşyanı borclunun əlindən alınmasına o halda ixtiyarı çatır ki, əmlak mülkiyyət hüququ ilə üçüncü şəxsdə olmasın. İşin mübahisəsiz halları ilə isə müəyyən edilir ki, mənzil Vilayət Cəfərovla bağlanmış müqavilə əsasında hazırda digər cavabdeh Tahir Hüseynovun mülkiyyətindədir. Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında müqavilə daha əvvəl bağlanmış və mənzil ona daha əvvəl təhvil verilmişdir. İddiaçı ilə Mənzilə dair müqavilə əvvəl "xxxx" Şirkəti ilə bağlansa da, habelə tarixi xx.xx.2008-ci il göstərilsə də, onunla Cavabdeh MMC arasında Mənzilə dair müqavilənin, əslində 2012-ci ildə bağlanması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə ki, iddiaçl özü iddia ərizəsində 2012-ci ildə yenidən tikintinin gedişi ilə maraqlandıqda İlham Qasımov onda olan mənzil-alqı satqısına dair "xxxx" şirkəti ilə bağlanmış müqaviləni götürərək Cavabdeh MMC-dən mənzil alınmasına dair 08 aprel 2008-ci il tarixli 211 saylı müqaviləni tərtib edərək ona verdiyini, əlavə olaraq 2012-ci ildə qaraj sahəsinin alınması üçün Cavabdeh MMC-nin təsisçisi İlham Qasımovla qiymət razılaşdırıldığınlı və müqavilə bağladığını qeyd etmişdir.

34. Bu halda, kollegiya belə qənaətə gəlir ki, Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında Mənzilə dair xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia həmin hissədə, yəni xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və V.Cəfərova Mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Vilayət Cəfərovla və Tahir Hüseynov arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə qiymət verərək hesab edir ki, iddiaçı məhz Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış olan müqavilənin etibarsız olduğu üçün sonradan Vilayət X14 arasında bağlanmış müqavilənin də etibarsız hesab olunmasını xahiş etmişdir. Nə qədər ki, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir, iddia tələbi Vilayət X14 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, Tahir Hüseynov vicdanlı alıcı olmaqla mənzili reyestrin həqiqiliyi prezumpsiyasına istinadən əldə etmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilməmişdir, iddia tələbi Vilayət X14 arasında bağlanmış müqavilənin də etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Tahir Hüseynov vicdanlı alıcı olmaqla mənzili reyestrin həqiqiliyi prezumpsiyasına istinadən əldə etmişdir.

36. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

37. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı).

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1333/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1333/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar