Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6105/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4230/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 23 saylı evə dair "xxxx"ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4230/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərardadı ilə ərizənin qəbul olunmasından imtina edilmiş, həmçinin iş üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: **********) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı etibarlılığını mübahisələndirdiyi ipoteka müqaviləsinə əsaslanan Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” qərardadını, həmçinin Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsini rəhbər tututaraq iddia ərizəsinin qəbulundan imtina etmişdir. Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini, işin məhkəmə icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəlmiş olduğu bu nəticə tam əsassızdır, belə ki, onun belə bir iddiası məhkəmə qaydasında mübahisələndirilməmiş və həmin iddia tələbində qoyulmuş xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır və o, bu iddianı birinci dəfədir ki, qaldırır. Əgər bundan qabaq tərəfindən belə bir iddia qaldırılsaydı və həmin əqd mübahisələndirilsəydi, məhkəmənin bu qərardadını anlamaq olardı, lakin o, konkret halda ipoteka müqaviləsinin etibarsızlığı barədə iddia vermiş və həmin iddia da məhkəmə tərəfindən icraata qəbul olunaraq baxılmalı idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4230/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-479/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdehlər "xxxx"ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə verilmiş kreditin qaytarılmasının təminatı olaraq eyni cavabdehlər arasında Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən vahid əmlak (torpaq sahəsi və üzərində yerləşən 23 saylı ev) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 krediti qaytarmadığından bank ona və digər cavabdehlər (evdə qeydiyyatda olan şəxslər) X6, X5 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-123/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin edilmiş, Cavabdeh2 iddiaçının xeyrinə əsas borc üzrə 15.065,21 manat, faiz borcu 10.988,72 manat, cərimə borcu 150 manat, müqavilə müddətindən sonrakı dövrü üçün 5%-lə 862,4 manat, cəmi 27.066,33 manat, 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləğinin tutulması; tələbin Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsində 0.0652 ha torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı 59,6 kv.m. ümumi, 34,1 kv.m. yaşayış, 25,5 kv.m. yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması, əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan Abşeron rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsində 0.0652 ha torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı 59,6 kv.m. ümumi 34,1 kv.m. yaşayış, 25,5 kv.m. yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin likvid dəyəri - ilkin satış qiymətinin 46.000 manat müəyyən edilməsi; əmlak satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən çıxarılması; cavabdehlərin Abşeron rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi; iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1549/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-479/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1549/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh X2 aid hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” qərardadını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetnə yönəldilməsi” tələbinə baxarkən onlar arasında bağlanmış ipoteka müqaviləsinin etibarlılığı həmin işə baxan məhkəmə tərəfindən yoxlanılmışdır və bu səbəbdən eyni ipoteka müqaviləsinin etibarlılığının yenidən araşdırılmasına yol verilə bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyünü araşdırarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının sözügedən qərardadını tətbiq etməsinə baxmayaraq, həmin qərardadın 54-56-cı bəndlərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” qərardadının həmin bəndlərində göstərilir ki, “əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.” Eyni zamanda, məhkəmə kollegiyası iddanı qəbul etməkdən imtina edən məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinin də düzgün tətbiq edilmədiyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin tərəfləri ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2,X6, İddiaçı və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin boşaldılması” tələbinə dair mülki iş üzrə tərəflər eynilik təşkil etmədiyindən yuxarıda göstərilən maddəyə əsaslanaraq, hazırki iddianın qəbulundan imtinanı düzgün və qanuni nəticə hesab etmək olmaz. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi araşdırılarkən qeyd olunan məsələlər nəzərə alınmadığından iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4230/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6105/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6105/2023
27.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver