Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6106/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında aparılmış özbaşına tikilinin sökülməsi, Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə veriləcək mənzillər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsində tikilən binadan, ümumi sahəsi 116 kv.m olan mənzil-5A blokunda yerləşməklə 3 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 72.5 kv.m olan mənzil -5A blokunda yerləşməklə 2 otaqdan ibarət olması, 2ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 61 kv.m olan mənzil 5A blokunda yerləşməklə 1 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi qaydasında verilməsi, yeni mənzillər inşa edilənədək "xxxx" ASC tərəfindən Cavabdeh hər ay 400 manat kirayə haqqı ödənilməsi, Cavabdeh və onunla birlikdə həmin ünvanda yaşayan şəxslərin 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması, ekspertizanın rəyi alınanadək mülki işin icraatı dayandırılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, mülki işə hərtərəfli, tam və obyektiv baxılması üçün və xüsusi bilik tələb olunan sualları izah etmək üçün təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Cavabdeh tərəfindən qeyd olunan qərardaddan xx.xx.2024-cü il tarixdə şikayət verilmişdir.
5. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2119/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
6. Cavabdeh tərəfindən qeyd olunan qərardadın icraatın dayandırılmasına dair hissəsindən xx.xx.2024-cü il tarixdə yenidən şikayət verilmiş və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadın icraatın dayandırılmasına dair hissəsindən Cavabdeh tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və Cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsi ilə müəyyən edilmiş qaydada münasibət bildirilməsi üçün mülki iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin olunması qərara alınsa da, Cavabdeh şikayətinə Mülki Məcəllənin 269- cu maddəsində göstərilmiş qaydada münasibət bildirilməmiş, qanunvericiliklə müəyyən edilmiş bu tələbə əməl edilmədən iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisələndirilən torpaq sahəsinə dair çıxarışı məhkəməyə təqdim etmiş, lakin iddiaçı bununla bağlı olaraq hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tərəf 4 aylıq müddət ərzində onun təqdim etdiyi çıxarışdan qeydiyyat götürərək mübahisələndirdiyi daşınmaz əmlakın ünvanını müəyyənləşdirərək iddia ərizəsinə düşəliş etməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Məhkəmə isə qeyd olunan reallığa hüquqi qiymət vermədən iş üzrə icraatı dayandırmaqla məhkəmə baxışının əsassız yerə uzanmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iş üzrə icraatın dayandırılması barədə qərardadın ləğv olunmasını və mübahisəyə baxılması üçün növbəti prosesual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadın icraatın dayandırılmasına dair hissəsindən Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
13. Mülki Prosessual Məcəllə Maddə 255.0.5. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Maddə 256.0.2. Bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat müddətdə dayandırılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, hazırda Suraxanı rayon məhkəməsinin mülki işin icraatının dayandırlması barədə qərardadından verilmiş şikayətə baxılır.
16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması, ekspertizanın rəyi alınanadək mülki işin icraatı dayandırılması, onunla əladar icraatın dayandırılması qərara alınmışdır.
17. Qeyd olunmalıdır ki, ekspertizanın təyin edilməsi hissəsindən şikayət nəzərdə tutulmamışdır.
18. Mülki prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər.
19. Göründüyü kimi məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq ekspertiza təyin etməsi ilə əlaqədar icraatı dayandırmışdır.
20. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov