Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-611/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktının etibarsız hesab edilməsi, 11.520 manat borcun silinməsi və öz hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh İB, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğaca Cavabdeh İB-nin nümayəndələri tərəfindən kamera vasitəsilə viziual baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkarlanmış və bununla əlaqədar olaraq xx.xx.2018-ci tarixli, ******* saylı akt tərtib edilmişdir. İddiaçı əhali abonenti olduğu halda, o qazdan əhali abanenti kimi (mənzilində) yox, kommersiya məqsədi ilə sənaye abonenti kimi istifadə etmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən ona məxsus 2 ədəd təndir və 1 ədəd şirniyyat bişirmə sobasından qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, müvafiq akt tərtib edilərək 11.520 manat məbləğində tirilmiş qazın dəyəri hesablanmışdır. Məhkəməyə təqdim edilən foto şəkilləri və şahid qismində dindirilmiş X2 ifadəsini sübut kimi qiymətləndirməmişdir. Məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Qanunun 13.8-ci maddəsinin, Qaydaların 4,9-cu (zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə ki, iddiaların böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh İB-nin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilmədən, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İB, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilərək, fərdi yaşayış evində quraşdırılmış İtron tipli G4 markalı sayğac yenisi ilə əvəz edilmiş, cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktda texniki baxış zamanı sayğacın çıxış plastmas borusunun deşik olmasının aşkar olunduğu qeyd olunmuş, akta əsasən dəymiş ziyanın hesablanması tələb olunmuş, cavabdehin xx.xx.2018-ci il tarixli qərarına əsasən 57600 m3 itirilmiş qazın dəyərinin ödənilməsi müəyyən edilmişdir. Cavabdehin abonent saldosunda 2018-ci ilin avqust ayına 11.520 manat borcun hesablandığı göstərilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.2, 4.8, 5.2, 5.6 və 6.1-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etdiyindən iddia əsaslıdır və təmin edilməlidir. Ali Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan əvvəlki apelyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərkən qərarında vurğulamışdır ki, apelyasiya məhkəməsi 11.520 manatın silinməsini qanuni hesab edərkən yalnız cavabdeh tərəfindən sayğacda olan qüsurların iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edilməməsinə əsaslanmış, iddiaçının məişət abonenti olduğu halda, qazdan əhali abonenti kimi yox, kommersiya məqsədi ilə istifadə etməsinə, 2 ədəd təndir və 1 ədəd şirniyyat bişirmə sobasından istifadə edilməsinə, əhali abonentlərinə quraşdırılmış G-4 İtron tipli qaz sayğacının gücünün abonentin istifadə etdiyi qaz cihazlarının gücünə adekvat olmadığına, itirilmiş qaza görə vurulmuş ziyanın ödənilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilərini araşdırmamış, onlara müvafiq qiymət verməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda, aktda göstərilən və foto şəkillərdə əks olunan sayğaca müdaxilənin kimin təqsirindən baş verməsi, sayğacın yoxlanılması üçün laboratoriyaya göndərilib-göndərilməməsi, bu barədə rəyin mövcud olub-olmaması araşdırılmadan istehlakçının təqsirsiz olması barədə gəlinən qənaət əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası tərəfindən kasassasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan göstərişlərinə uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidnətinin 9 saylı Ərazi İdarəsinə və Cavabdeh İB-yə müvafiq sorğular ünvanlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidnətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il trixli, **********400200 saylı cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 9 saylı X4 vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçı vergi ödəyicisi olmadığı üçün hüquqi baxımdan sahibkarlıq subyekti hesab edilmir. Belə olan halda, yəni cavabdeh onun 2 ədəd təndir və 1 ədəd şirniyyat bişirmə sobasından kommersiya məqsədilə qeyri-qanuni istifadə etməsinə istinad etdiyi halda, sübutetmə yükü baxımından bu halı sübuta yetirmək vəzifəsi onun öz üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh tərəfindən istinad olunan halın təsdiqi ilə bağlı iş materiallarına fotoşəkillərdən başqa hər hansı sübut əlavə edilməmişdir. Qeyd olunan fotoşəkillər isə nə qədər ki, iddiaçının onlardan istifadə edərək mənfəət əldə etməsi şübhəsiz qaydada sübuta yeririlməyib bu halın təsdiqi üçün kifayətedici sübut sayıla bilməz. Eyni zamanda, Cavabdeh İB tərəfindən bununla bağlı ona rəsmi qaydada dəfələrlə sorğular (xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə) edilməsinə baxmayaraq sayğacın yoxlanılması üçün laboratoriyaya göndərilib-göndərilməməsi, göndərildiyi təqdirdə rəyin mövcud olub-olmaması barədə məhkəməyə hər hansı cavab verilməmiş,, həmçinin məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlimatlandıırlmasına baxmayaraq nümayəndəsi iclaslara gəlməmişdir. Kollegiyanın qənaətinə görə, Cavabdeh İB, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiqləyən və buna görə də, aktın tərtiblənməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6774/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-611/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-611/2021
27.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver