Məhkəmə qərarları › İş №2(103)-6113/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6113/2021

25.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6113/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının vəkili X3 və cavabdeh Sultan-X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 2(011)-6087/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsininə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə SultanƏhmədi Fariz Təbriz oğlu arasında bağlanmış 4291 saylı 20 fevral 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsinə dair 15 aprel 2019-cu il tarixdə SultanƏhmədi Fariz Təbriz oğlunun adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan ünvanda yerləşən 14,4 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi 26 ildir ki, iddiaçının valideynlərinin icarəsində olaraq “Günel” xüsusi firması kimi dükan təyinatı ilə fəaliyyət göstərərək daima onların istifadəsində olmuşdur. İcarə haqlarını da iddiaçının valideynləri vaxtlı-vaxtında aidiyyəti üzrə Dövlət Orqanlarına ödəmişdirlər. İddiaçının valideynləri dünyasını dəyişdikdən sonra və hal-hazırda da qeyri- yaşayış sahəsi iddiaçının faktiki sahibliyində və idarəçiliyindədir. 26 ildir ki, həmin qeyri-yaşayış sahəsinə görə iddiaçı və valideynləri dövlətə icarə haqları ödəmişlər. Onların qeyri-yaşayış sahəsini özəlləşdirməkdə üstünlük hüquqları vardır. İcarə müqaviləsi qüvvədə olaraq onun ləğvi barədə məhkəmə orqanlarına da heç bir müraciət olunmamışdır. Heç bir hərrac təşkilatına rəsmi dəvət olunmamışlar. Başqa şəxsin adına özəlləşdirilərkən də iddiaçının imtinası alınmamışdır. Bu yaxınlarda iddiaçıya və onun həyat yoldaşına zəng edərək Əmlak Komitəsinin əməkdaşları kimi özlərini təqdim etmişlər, onların istifadəsində olan qeyriyaşayış sahəsinin bir vətəndaş tərəfindən alınmasını bildirərək oranı tərk etməyini iddiaçıya təklif etmişlər. İddiaçı buna qəti şəkildə etiraz etmişdir. Daha sonra iddiaçıya zəng edərək dükanın onun tərəfindən qısa müddətə boşaldılmasını tələb etmişlər. İddiaçı hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamışdır. Vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2019cu il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4291 saylı 20 fevral 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinə əsasən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m. olan qeyri-yaşayış sahəsi 15 aprel 2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qeyriyaşayış sahəsi qanuni şəkildə bağlanmış icarə müqavilələri əsasında istifadələrində olaraq onların həmin qeyri-yaşayış sahəsini özəlləşdirməkdə və satın almaqda üstünlük hüquqları olan halda Əmlak Komitəsi hansı bir qanuni əsaslarla həmin qeyri-yaşayış sahəsini tanımadıqları şəxsə satmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 2(011)-6087/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4291 nömrəli 20 fevral 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyriyaşayış sahəsinə dair Cavabdeh2 adına verilmiş 15 aprel 2019cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 7.500 (yeddi min beş yüz) manat tutularaq Cavabdeh2 ödənilməsi və İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh X11 Təbriz oğlu apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, qeyd edilən qətnamə maddi və prossesual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməlidir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, 3 saylı ünvanda yerləşən sahəsi 14.4 kv/m olan qeyri yaşayış sahəsi 26 ildir ki valideyinləri tərəfindən Günel xüsusi farması kimi dükan təyinatlı fəaliyyyət göstərib, valideyinləri tərəfindən bütün icarə haqları ödənilib. Lakin iddiaçı özü təfindən hər hansı kirayə xərclərinin ödənilməsi barədə heç bir sübut təqdim edə bilməyib. Hətda iddiaçı 2014-cü ildə atası öldükdən sonra özü və ya anası tərəfindən kirayə münasibətlərinin davam etdirilməsi üçün heç bir müraciətin olmasını sübuta yetirə bilməyib. Əsas kirayə müqaviləsi bağlanmış şəxs 2014-cü ildə öldükdən sonra onun vərəsəsi müəyyən edilməmiş və əmlakı faktiki qanunsuz istifadə edən şəxslərdə əmlakın qanuni sahibinə kirayə münasibətlərinin davam etdirilməsi üçün heç bir müraciət ünvanlamamışlar. Hətda onlar kirayə münasibətlərinin davam etdirilməsi məqsədi ilə də əmlak sahibinə heç bir kirayə ödənişi etməmişlər. Bundan başqa, iddiaçı tərəf qanunsuz olaraq qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısı açaraq, qanunsuz olaraq ora daxil olmuşlar. İddiaçının atası ilə 2007-ci ildə kirayə müqaviləsi bağlanmışdır, lakin iddiaçı 2014-cü ildən bu günə qədər heç bir hərəkət etməmiş, qanunvericliyinin tələblərinə uyğun olaraq iddiaçının özünün də heç bir hüququ qalmamışdır. Məhkəmə onun hüquqlarını pozaraq qanunsuz olaraq alğı-satqı müqaviləsini və çıxarışı etibarsız hesab etmişdir. Məhkəmənin bu yanaşması bir başa onun mülkiyyət hüququnun pozulmasıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3583/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər X11 Təbriz oğlu və Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3583/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin (103)-3583/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin (103)-3583/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlakın alqısatqısına və dövlət qeydiyyatına əsas olmuş hərrac protokolu iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hazırkı iddia təmin edilə bilməz. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı idi. Ali Məhkəmənin 2(102)-1439/2021saylı, 22.04.2021-ci il tarixli qərarı ilə, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin və Cavabdeh2 kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3583/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya iclasında iştirak edən iddiaçının vəkili V.Məmmədov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdeh F.Sultan-Əhməd apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi, 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 04 may 1997-ci il tarixli, 7 nömrəli icarə müqaviləsinə əsasən X6 icarəsinə verilmişdir. 17 fevral 2014-cü il tarixdə Rüstəm Gözəlovun vəfat etməsi ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamı ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4291 saylı 20 fevral 2019-cu il tarixli müəssisənin alğısatqı müqaviləsinə əsasən, ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi 15 aprel 2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Taisiya Gözəlova ilə Rüstəm Gözəlov arasında 22 aprel 1965-ci il tarixdə rəsmi nikah bağlanmışdır. 30 dekabr 2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair Bakı şəhəri 2 saylı “ASAN Xidmət” mərkəzində notariat kontorunda 20 may 2019-cu il tarixdə vərəsəlik işi açılmışdır. X8 Aleksandrovnanın vərəsələrindən biri kimi qızı İddiaçı müəyyən edilmişdir.(i/v10) İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Natiq Salayev tərəfindən məhkəməyə verilmiş etiraz ərizəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi 02 aprel 2007ci il tarixli icarə müqaviləsinə əsasən X2 müddətli icarəsinə verilmişdir. Həmin müqaviləyə 17 iyul 2014-cü il tarixdə icarəçinin vəfat etməsi səbəbindən 14 iyul 2014-cü il tarixdə xitam verilmişdir. İddiaçı ilə isə ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmamışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi özəlləşdirilərkən icarə müqaviləsinə artıq xitam verildiyindən, Əmlak Məsələləri Dövlət Komitəsi qanunvericiliyə əsasən onu icarəçiyə təklif etmək vəzifəsini daşımamış və qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə özəlləşdirilməsi qərara alınmışdır. İddiaçının həmin qeyri-yaşayış sahəsindən faktiki olaraq istifadə etməsi isə qanunsuz olmuş və bu iddiaçının qeyri-yaşayış sahəsini satın almaqda üstünlük hüququnu yaratmır. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və hazırda özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. Nə hazırda, nə də əvvəllər iddiaçının mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnu təsdiq edən hər hansı əqd və ya digər hüquqi sənəd mövcud olmamışdır. O, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia tələbi hərrac əsasında bağlanmış alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsızlığı ilə bağlıdır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sifarişi əsasında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı 19 fevral 2019-cu il tarixdə hərrac keçirilmişdir. 19 fevral 2019-cu il tarixli hərrac protokolu əsasında qeyd edilən əmlak 20 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə 7500 manata SultanƏhmədi Fariz Təbriz oğluna satılmışdır. Alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüquqları 15 aprel 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu cür tələblərdə iddianın təmin olunması mübahisələndirilən müqavilənin bağlanmasına əsas olmuş hərracın nəticələrinin etibarsızlığından bir başa asılıdır. Yəni müqavilənin bağlanmasına əsas olmuş hərracın nəticələri etibarsız hesab edilmədən müqavilənin özünün və onun əsasında verilmiş çıxarışın etibarsızlığı barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 ilə bağlanılmış 4291 saylı 20 fevral 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsinə dair 15 aprel 2019-cu il tarixdə X11 Təbriz oğlunun adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin həmin alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı heç bir iddia tələbi irəli sürməmişdir. Kollegiya qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi üzrə mülki işə inzibati qaydada baxılmalı olduğundan iddia tələbi rədd edilməli və işə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesаb edir ki, 20 fevral 2019-cu il tarixli, 4291 saylı alqı-satqı müqaviləsinin etibаrsız hesаb edilməsi, 20 fevral 2019-cu il tarixli, 4291 saylı alğı-satqı müqaviləsi etibаrsız hesаb edildiyinə görə həmin müqavilə əsаsındа verilmiş 15 aprel 2019-cu il tarixli Çıxаrışın dа etibаrsız hesаb edilməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmadığından apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. İddiaçı iddia ərizəsində Cavabdeh2 ilə bağlanılmış 4291 saylı 20 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına səbəb olmuş hərracın nəticələrinin etibarsız hesab edilməsini mübahisələndirmədiyindən , alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş hərracın nəticələri etibarsız hesab edilmədən müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi mümkün olmadığından, həmçinin iddia tələbi üzrə mülki işə inzibati qaydada baxılmalı olduğundan iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı deyil, apelyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin ləğvi üçün əsaslar mövcuddur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmamışdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 2(011)-6087/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar