Məhkəmə qərarları › İş №2(103)-6114/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6114/2025

14.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6114/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), zından ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-3685/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat

1. İddiaçı "xxxx" QSC Cavabdeh1 və qeyrilərinə qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

2. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsini, ilkin iddia üzrə iddiaçıdan 112.500 məbləğində kompensasiyanın və 441,50 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 3685/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

4. Qərardad belə əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2025-ci ildə daxil olmuş və iddia ərizəsinin surəti cavabdehə qanuna müvafiq qaydada göndərilmişdir. Bundan başqa, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmişdir. Qarşılıqlı iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin qanunla nəzərdə tutulmuş müddətdən sonra verilməsi üçün əsas ola bilməz.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Cavabdeh1 qərardaddan şikayət verərək onun ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə 2 gün prosessual müddətin keçməsinə görə qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə iclaslarının xronoloji ardıcıllığına baxanda görünür ki, məhkəmə bir hazırlıq iclası təyin etdikdən dərhal sonra baxış iclası təyin etmişdir. Belə çıxır ki, məhkəmə işi tez yekunlaşdırmaq niyyətində olmuşdur. Eyni zamanda açıq şəkildə o da görünür ki, əgər 2 günlük müddətin keçməsi əsası olmasa idi, məhkəmə bu dəfə də əsaslandırma aparacaqdı ki, “artıq baxış iclasıdır, qarşılıqlı iddia verilə bilməz”. Çünki bir hazırlıq iclasında əgər məhkəmə tərəfin iştirak etdiyini əsaslandırırsa, bu zaman məhkəmə cavabdehin öz dəlillərini məhkəməyə təqdim edə bilməsi üçün ən azı bir hazırlıq iclası daha təyin edə bilərdi. Qarşılıqlı iddia ərizəsi bu istiqamətdə əsaslandırılmışdır ki, məhkəmə tərəfə özü vaxt verməmiş, bir hazırlıq iclasından sonra baxış iclası təyin etmişdir. Məhkəmə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsi halı, prosessual qənaət prinsipini nəzərə almamışdır. Qərardadın nəticə hissəsində məhkəmə tərəfindən verilmiş izaha əməl olunsa, bu zaman qarşılıqlı iddia ərizəsi üzrə məhkəmənin ərazi aidiyyəti dəyişir (cavabdeh Nəsimi rayon ərazisində qeydiyyatdadır), süründürməçiliyə yol açılır.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

10. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-3685/2025 nömrəli qərardadı ləğv edilməli və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.

12. İşdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş iddia ərizəsi və məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli bildiriş cavabdehlərin iş materiallarında olan ünvanına göndərilmiş, lakin iddia ərizəsinin onlara rəsmi qaydada çatdırılmasına dair hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

13. Bundan sonra keçirilmiş xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi və Cavabdeh1 iştirak etmişlər. İclasdan sonra cavabdeh vəkil ilə müqavilə bağlamış və onun nümayəndəsi və vəkili tərəfindən qarşılıqlı iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

14. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən formal əsasla imtina olunmuş, nəzərə alınmamışdır ki, qarşılıqlı iddia ərizəsinin qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması həmçinin, mülki prosessual qanunvericiliyin mühüm prinsiplərindən biri olan prosessual qənaət prinsipinə riayət olunması üçün çox əhəmiyyətlidir. Bu halda, yeni məhkəmə çəkişməsinə yol verilməmiş olur.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 3685/2025 nömrəli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar