Məhkəmə qərarları › İş №2(103)-6115/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6115/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6115/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 11 fevral 2019-cu il tarixli MAS-688 saylı “X4” ləğv edilməsi, Cavabdeh həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 may 2019-cu il tarixə 511.3 manat əsas, 319.24 manat mükafat və həmin günə hesablanmış 42.79 manat dəbbə pulu, 7275 manat avtomobilə dəymiş zərər, ümumilikdə 8148.33 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, "Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2019-cu il tarixli MAS-688 saylı "X4”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, "Khazar SD minik" markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160305 ban nömrəli, qara rəngli avtomobil 11650 manat məbləğinə "Azərmaş” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X4nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 415.35 manat, ümumilikdə isə 14953.00 manatı "Azərmaş” MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 13 mart 2019-cu il tarixdə 417 manat məbləğində olmuşdur. "Daxili lizinq" müqaviləsi və “Ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. "Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. X4nin 4.4.1 -ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. X4nin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. X4nin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. X4nin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2019cu il tarixli MAS-688 saylı X4nin ləğv edilməsi, Cavabdeh 11 fevral 2019-cu il tarixli MAS-688 “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 may 2019-cu il tarixə 511.3 manat əsas, 319.24 manat mükafat və həmin günə hesablanmış 42.79 manat dəbbə pulu, 7275 manat avtomobilə dəymiş zərər, ümumilikdə 8148.33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi manat) manat Cavabdeh “SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab 34CTRE********************” hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin mövcudluğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair digər bir iş üzrə keçirilmiş məhkəmə iclasında məlumatlı olmuşdur. İddiaçının iddia tələbi və keçirilmiş məhkəmə iclasının vaxtı barədə cavabdeh məlumatlı olsaydı, qarşılıqlı iddia ilə məhkəməyə müraciət edə bilərdi. Cavabdeh ilə İddiaçı MMC arasında 11.02.2019-cu il tarixli MAS68S saylı X4 bağlanmış, həmin müqaviləyə əsasən 99-AN- 655 qeydiyyat nişanlı KHZAR SD markalı avtomobil cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. Həmin müqavilənin 6.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, lizinq alanın avtomobili sığortalamaq öhdəliyi Lizinq müqaviləsi bağlandıqdan 1 il sonra yaranır. Eyni müddəa tərəflər arasında imzalanmış 11.02.2019-cu il tarixli razılaşmada da öz əksini tapmışdır. Tərəflər arası imzalanmış müqavilə və razılaşma şərtlərindən də göründüyü kimi avtomobilin sığortalanması öhdəliyi birinci il üçün Lizinq verənin və sonrakı illər üçün Lizinq alanın üzərinə düşür. Həmçinin, avtomobil alınarkən cavabdeh tərəfindən 5300 AZN ilkin ödəniş ödənilmişdir ki, həmin ödənişin də hamısı avtomobilin dəyərindən çıxılmamış, 1000 AZN-dən çox məbləğ sığorta haqqı üçün çıxılmışdır. Bundan əlavə, avtomobilin satıcısı kimi də "xxxx" MMC çıxış edir. Cavabdehə lizinqə verilmiş atomobil ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla əlaqədar sığorta ödənişi almaq zərurəti yaranmışdır. Belə ki, Binəqədi RPİ-in 4-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X3 "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 06 may 2019cu il tarixli qərarından da görünür ki, "AZƏRMAŞ” MMC-yə məxsus olan "Khazar SD" markalı **- AN-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh tərəfindən idarə edilən zaman 31.03.2019-cu il tarixdə saat 13:40 radələrində Binəqədi rayonu Azadlıq prospekti ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkət edərkən Davudoğlu dairəsindən Azadlıq prospektinə köməkçi yol ayrıcında olan "Toyota Prado" markalı **-GF-*** dövlət nömrə nişanlı avtomaşını sağ qabaq və arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin qərara əsasən hadisə üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Hadisə nəticəsində avtomobilə dəyən zərər "xxxx" MMC (Azərmaş Servis) tərəfindən 23.05.2019-cu il tarixli Qüsur aktı ilə qiymətləndirilmiş və dəymiş zərər ümumilikdə 7275 (yeddi min iki yüz yetmiş beş) manat müəyyən edilmişdir. Cavabdehin vəkili tərəfindən 17 sentyabr 2019-cu il tarixli məktubla iddiaçıya müraciət edilərək, **-AN-*** qeydiyyat nişanlı KHAZAR SD markalı avtomobilin sığortalanıbsığortalanmaması barədə, sığortalandığı halda, sığorta müqaviləsinin hansı sığorta şirkəti ilə bağlandığı barədə məlumat verilməsi xahiş edilmişdi. Həmin məktuba iddiaçının 27.09.2019-cu il tarixli, 872 saylı məktubu ilə cavab verilsə də, tələb olunan məlumatlar təqdim edilməmiş, X4nin 5.3-cü bəndinə istinad edilərək, bildirilmişdir ki, "avtomobilin birinci il üçün sığortalanması yox, təmir olunması şərtləri müqavilədə öz əksini tapmışdır. " İddiaçının bu dəlili tamamilə əsassız olmaqla, müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyinə, həmçinin sığorta üçün alınmış pul vəsaiti müqabilində avtomobilin sığortalanmasını təmin etmədiyinə dəlalət edir. İddiaçının istinad etdiyi 5.3-cü maddəyə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddə avtomobilin onun tərəfindən 1-ci il üçün sığortalanması şərtini ləğv etmir. Bundan əlavə, müqavilənin 6.1-ci bəndində müəyyən olunan şərt Mülki Məcəllənin 748-6.1-ci maddəsi ilə birlikdə təfsir edilməklə, sığortanın iddiaçı tərəfindən həyata keçirilməli olduğunu təsdiq edir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün, avtomobilə dəymiş zərərə görə sığorta ödənişi alınması mümkün olmamışdır. Bundan əlavə, lizinq obyekti olan avtomobillə baş vermiş YNH zamanı həmçinin onun hava yastıqları da açılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 749.1-ci maddəsinə əsasən, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Qeyd: Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı tərəfindən 15.10.2019-cu il tarixdə sözügedən məsələ ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilərək: Cavabdeh 11.02.2019-cu il tarixli MAS688 saylı X4 ilə verilmiş “KHAZAR SD” markalı avtomobilin dəyişdirilərək, Cavabdeh həmin markalı yeni avtomobil verilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasına və 1 aprel 2019-cu il tarixdən yeni avtomobilin Cavabdeh verilməsi tarixinədək 11.02.2019-cu i tarixli MAS688 saylı X4 üzrə lizinq ödənişlərinin tələb edilməsinin İddiaçı MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6666/19 saylı, 20.12.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı səhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6666/19 saylı. 20.12.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 748-6.1-ci maddəsində lizinq obyektini sıgortalamaq vəzifəsi satıcının üzərinə qoyulur və həmin maddənin 3-cü bəndinə əsasən sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir... Belə olan halda, müqavilənin 2.1-ci maddəsinə əsasən əmlakın mülkiyyətçisi olaraq əmlakın sıgortalanmaması nəticələrinin riskini lizinq verənin özü daşıyır. Göründüyü kimi, hazırki isdə avtomobilin satıcısı kimi lizinq verən - "xxxx" MMC çıxış etdiyinə görə, həm qanunvericinin tələbinə, həm də qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallara əsasən lizinq obyektini sığortalamaq vəzifəsi iddiaçının üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-6.1-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək liziıq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Görüdüyü kimi, Bakı səhəri Yasamal Ravon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hal və qanunvericinin müvafiq normasının tələbi ilə hazırki iş üzrə lizinq obyektini sığortalamaq vəzifəsinin iş üzrə cavabdehin üzərinə qoyulduğu sübuta yetirilir və lizinq obyektinin sığortalanmamağı nəticələrinin riskini cavabdeh daşıyır. Odur ki, avtomobilə dəymiş ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(005)-76/2021 savlı qətnaməsinin əsaslandırılmasında Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə istinad edilməsinə münasibədə: Həmin qətnamədə qeyd edilmişdir ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, həmin maddədə göstərilmiş lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi halı lizinq alanın lizinq obyektindən istifadə etməsi ilə şərtləndirilmişdir, yəni cavabdehin lizinq obyektindən istifadə etdiyi dövrdə lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyi halında həmin maddəyə istinad edilə bilərdi. Halbuki, 31.03.2019-cu il tarixdə "AZƏRMAŞ” MMC-yə məxsus olan "Khazar SD" markalı **-AN-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh tərəfindən idarə edilən zaman baş vermiş YNH-dən bugünədək iddiaçının təqsiri üzündən avtomaşının cavabdeh tərəfindən istifadə edilməsi mümkünsüz olmuşdur. Göründüyü kimi, cavabdehin lizinq obyektindən iddiaçının təqsiri üzündən istifadə edə bilmədiyinə görə lizinq ödənişlərinin verilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, avtomobili aldı, 1 ay sonra ona iddiaçıdan zəng gəldi ki, ödəniş etməlidir. O, rayonda olduğu üçün dedi ki, ödənişi qohumu gəlib edəcək, yol vərəqəsini də ona təqdim edilsin. Ona şirkətdən bildirdilər ki, problem yoxdur. Qohumu ödənişi etdi, amma ona yol vərəqəsini verməyiblər. 1 ay sonra mart ayında o, qəza törətdi. Qayda belə idi ki, lizinq şirkəti hər ay ödəniş edəndə, hər ay ona etibarnamə verəcəydi. Hazırda onun tələbi budur ki, iddiaçı onun avtomobilini düzəldib ona versin. İlkin ödəniş olaraq 5300 manat ödəniş etmişdir. Qalan məbləğin də ödənilməsi üçün qrafik tərtib ediblər. 5300 manatdan 1000 manatı sığorta üçün çıxılmışdı. Avtomobilin kasko sığortası vardı. Ekspertizanın rəyində müəyyənləşdirilən məbləğdən 800 manatın ödəməyə razıdır. Müqavilə şərtlərini şirkətin işçisi ona şifahi şəkildə deyib. Müqaviləni imzalayanda oxumamışdı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 bildirdi ki, cavabdeh avtomobili idarə edərkən etibarnaməsi olmayıb. Hüququ olmadığı halda avtomobili sürüb. Həmçinin ödənişlərdə də gecikmələr olub. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, cavabdehin tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi və iddiaçıya məxsus lizinq obyektinə zərər vurması mülki iş üzrə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, 11 fevral 2019-cu il tarixli MAS- 688 saylı “X4” ləğv edilməli, Cavabdeh 11 fevral 2019-cu il tarixli MAS-688 “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 may 2019-cu il tarixə 511.3 manat əsas, 319.24 manat mükafat və həmin günə hesablanmış 42.79 manat dəbbə pulu, 7275 manat avtomobilə dəymiş zərər, ümumilikdə 8148.33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Azərmaş” MMC-nin xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin zərərin məbləği hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin tam, yəni iddianın təmin edilmiş hissədə ləğv edilməsi və tam şəkildə rədd edilməsi göstərilmiş, demək şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin avtomobilə dəymiş zərərin ödənilməsi hissəsinin faktiki əsası(faktiki hallar) həmin hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin həmin hissədə iddanın tam təmin etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin rəsmi qeydə alındığı və yaşadığı ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin hər dəfə “bu ünvanda belə şəxs yoxdur” qeydi yazılmaqla məhkəmə bildirişləri geri qaytarılmışdır. Cavabdehin qeydə alındığı və yaşadığı ünvanda olmaması səbəbindən məhkəmə bildirişlərinin ona çatdırılmaması onun prosessual hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz və qətnamənin də bu əsasla ləğv edilməsi üçün əsas deyildir. İkincisi, işdən görünür ki, tərəflər arasında bundan əvvəl də mübahisə predmeti olan avtomobillə bağlı məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6666/2019 saylı, 20.12.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 11.02.2019-cu il tarixli MAS688 saylı X4 ilə verilmiş "Khazar SD" markalı avtomobilin dəyişdirilərək həmin markalı yeni avtomobil verilməsi vəzifəsinin "xxxx" MMCnin üzərinə qoyulması və 1 aprel 2019-cu il tarixdən yeni avtomobilin Cavabdeh verilməsi tarixinədək, lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin tələb edilməsinin "xxxx" MMC-yə qadağan edilməsi barədə Cavabdeh iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 748-6.1-ci maddəsində lizinq obyektini sıgortalamaq vəzifəsi satıcının üzərinə qoyulur və həmin maddənin 3cü bəndinə əsasən sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. Müqaviləyə əsasən əmlakın sığortalanması vəzifəsi müqavilə imzalandıqdan bir il sonra lizinq alanın üzərinə qoyulmuşdur. Müqaviləyə əsasən bir ilə qədər avtomobilin kim tərəfindən sığortalanması müqavilədə qeyd olunmamış və razılaşdırılmamışdır. Belə olan halda, müqavilənin 2.1-ci maddəsinə əsasən əmlakın mülkiyyətçisi olaraq əmlakın sıgortalanmaması nəticələrinin riskini lizinq verənin özü daşıyır və qeyd olunanlara əsasən lizinq alanın tələbdə göstərilən əsaslara dayanaraq lizinq obyektinin yenisi ilə əvəzlənməsini və lizinq ödənişlərinin ödənilməsinin dayandırılmasını tələb etməsi qanunsuzdur. Tam eyni yanaşma həmin qətnaməni dəyişdirilmədən qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-3335/20120 saylı, 12.03.2020-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5722/2020 saylı, 25.11.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-3335/20120 saylı, 12.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 748-6.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa əmlak sığortalanmalıdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.3-cü bəndində məhz lizinq müqaviləsi imzalandıqdan bir il ərzində lizinq obyektinə dəymiş zərərin aradan qaldırılmasının başqa qaydası nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.3-cü bəndində qeyd olunur ki, tərəflər razılaşırlar ki, “Daxili Lizinq” müqaviləsi imzalandıqdan bir il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə, avtomobilin tam məhv olması və bərpa olması üçün çəkilən xərc avtomobilin dəyərinin 70 faizindən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800(səkkiz yüz) manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Baş verən hadisə zamanı lizinq obyekti olan avtomobil müddəti keçmiş etibarnamə ilə və ya heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilərsə, həmçinin lizinq alan avtomobilin bərpa edilməsi üçün 800(səkkiz yüz) manatı ödəməzsə və bundan başqa X4nin imzalanmasından bir il keçərsə, lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır. Lizinq obyektinin zədələnməsi bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir. Göründüyü kimi, iddiaçı avtomobilə dəymiş zərərə görə cavabdehdən 7275 manat tələb edərkən lizinq müqaviləsinin 5.3-cü bəndinin tələblərini nəzərə almalıydı. Belə ki, həmin şərtlərə əsasən avtomobilin bərpa olması üçün çəkilən xərcin avtomobilin dəyərinin 70 faizindən çox olmaması həm qüsur aktı, həm də ekspert rəyi ilə təsdiq olunmuşdur. Avtomobilin heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməməsi də bəllidir. Başqa sözlə bunlar işin mübahisələndirilməyən halıdır. Tərəflər bu faktı mübahisələndirmirlər. Mübahisələndirilən hal dəymiş zərərin 800(səkkiz yüz) manat məbləğinin lizinq alan tərəfindən lizinq verənə ödəməməsi və baş verən hadisə zamanı lizinq obyekti olan avtomobil müddəti keçmiş etibarnamə ilə idarə edilməsi ilə bağlıdır. Həqiqətən dəymiş zərərin 800(səkkiz yüz) manat məbləğinin lizinq alan tərəfindən lizinq verənə ödəməməsi təsdiq olunur. Buna dair lizinq alan tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Çünki, bu halı sübut etmək yükü lizinq alanın üzərinə düşür, ancaq lizinq alan bunu sübut edə bilmir. Əksinə apellyasiya baxışı zamanı avtomobilə dəymiş zərərə görə 800 manat ödəməyə etiraz etmədiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsi lizinq obyekti olan avtomobili etibarnamə olmadan yaxud müddəti keçmiş etibarnamə ilə idarə edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən də müəyyən olunur ki, iddiaçı 23 may 2019-cu il tarixə, yəni avtomobilin servis mərkəzinə təhvil verildiyi vaxtadək cavabdehdən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 511.3 manat, mükafat kimi 319.24 manat, dəbbə pulu kimi 42.79 manat tələb etmişdir. İşdə olan ödəniş cədvəlindən də aydın olur ki, bu məbləğlər 2019-cu ilin aprel və may ayları üçün nəzərdə tutulan əsas və mükafat məbləğləridir. Mart ayı üçün ödənişin edilməsi isə mübahisə doğurmur. Demək, ən azından mart ayı üçün edilmiş ödənişə görə lizinq alanın 11 aprel 2019-cu ilədək avtomobilə sahiblik etmək və ondan istifadə etmək səlahiyyəti olmuşdur. Bu cür vəziyyətdə lizinq alan avtomobili müddəti keçmiş etibarnamə ilə idarə etsəydi belə, yenə də baş vermiş hadisə ilə bağlı dəymiş zərər lizinq alanın vəsaiti hesabına aradan qaldırıla bilməzdi. Çünki, lizinq ödənişi edildiyi halda lizinq alana etibarnamə verilməmişdirsə, bu hal qeyd olunan müqavilənin həmin şərtinin lizinq alan tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Daha sonra, lizinq alan qeyd olunan avtomobili etibarnamə olmadan idarə etsəydi belə onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də iddiaçının müqavilənin o etibarsız şərtinə əsasən zərərin əvəzini tələb etmək hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri də sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də lizinq və sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən lizinq və sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə olmadan avtomobili idarə edənin sürücülük hüququ(sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının lizinq və sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanui əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla, o cümlədən lizinq müqaviləsi əsasında idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların lizinq və sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xitməti əməkdaşlarını da buna aid etmək olar. Demək mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kimi qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil lizinq alan iddiaçının razılığı və lizinq müqaviləsi əsasında idarə edilmişdir. Lizinq alanın etibarnamə yaxud yol vərəqəsi olmadan avtomobili idarə etməsi də nə baş vermiş hadisə ilə əlaqədar təhqiqat araşdırması, nədə inzibati xəta haqqında iş üzrə aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hazırki işdə də, avtomobil mülkiyyətçi lizinq şirkətinin razılığı ilə cavabdeh tərəfindən idarə edilməyə verilmişdir. Lizinq müqaviləsi olmasaydı belə avtomobildən istifadəyə dair şifahi müqavilə bağlanmışdır. Ən azından bunu hazırki iddiada belə iddiaçı mübahisələndirməmişdir.Yəni, iddiaçı avtomobilə dəymiş zərəri tələb edərkən ümumiyyətlə müqavilənin 5.3-cü bəndinin şərtlərinin lizinq alan tərəfindən pozulmasına istinad etməmiş və bu əsasla iddia irəli sürməmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi qismən, yəni avtomobilə dəymiş zərərə görə 7275(yeddi min iki yüz yetmiş beş) manatın alınması hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 800(səkkiz yüz) manat müəyyən edilməli, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi qismən, yəni avtomobilə dəymiş zərərə görə 7275(yeddi min iki yüz yetmiş beş) manatın alınması hissəsində dəyişdirilsin və həmin məbləğ azaldılaraq 800(səkkiz yüz) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar