Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6117/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-844/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 027R143234877 saylı kredit razılaşmasının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh QSC ilə onun arasında bağlanmış xx.xx.2010-cu il il tarixli, 10L000002778 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə o, Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cu il tarixli, 027R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə, odəniş planı üzrə hiss-hissə qaytarmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 027R**********S saylı, xx.xx.2016-cı il tarixli 2 027R**********SA, xx.xx.2016-cı il tarixli 27R**********SB saylı və xx.xx.2016-cı il tarixli 027R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Hesab edir ki, onunla Cavabdeh QSC arasında bağlanmış kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, kredit müqaviləsi onunla dollarla bağlanmışdır. Bu hal özü Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Konstitusiyasının Preampulasına ziddir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-844/2020 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-844/2020 saylı qətnaməsinin ləğv edilərək, kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin məzmunu ilə eynilik təşkil edir və iddiaçı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 10L000002778 nörməli uzun müddətli kredit müqaviləsi üzrə 027R********** nömrəli, xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı 24 ay müddətinə, aylıq 2.1667 faiz hesablanmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli cari hesab müqaviləsindən görünür ki, bu müqavilə ilə bank müştəriyə hesab açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli 027R**********SC nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında xx.xx.2010-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış kredit razılaşması əsasında kredit alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan Qubadlı rayon Məhkəməsinin 2(028)-871/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı, X6, X3, X5, X2 və X1 müştərək qaydada 11925.07 ABŞ dolları kredit borcunun, 3114.77 ABŞ doları faiz borcunun, 55.12 ABŞ dolları cərimə borcunun, cəmi 15094.96 ABŞ dolları məbləğində pulun Cavabdeh QSC-nin xeyrinə tutulması qərara alınmışdır. Beləliklə, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli, 10L000002778 nörməli uzun müddətli kredit müqaviləsi üzrə 027R********** nömrəli, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh QSC tərəfindən İddiaçı 24 ay müddətinə, aylıq 2.1667 faiz hesablanmaq şərtiylə 16000 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2014-cü il tarixli cari hesab müqaviləsinə əsasən, bu müqavilə ilə bank müştəriyə hesab açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli 027R**********SC nömrəli sazişə əsasən, bank ilə kredit alan arasında xx.xx.2010-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış kredit razılaşması əsasında kredit alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq banka ödəməlidir. Qubadlı rayon Məhkəməsinin 2 (028)-871/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı, X6, X3, X5, X2 və X1 müştərək qaydada 11925.07 ABŞ dolları kredit borcunun, 3114.77 ABŞ doları faiz borcunun, 55.12 ABŞ dolları cərimə borcunun, cəmi 15094.96 ABŞ dolları məbləğində pulun Cavabdeh QSC-nin xeyrinə tutulması qərara alınmışdır. Hazırda iddiaçı kredit müqaviləsinin onunla dollarla bağlanması ilə əlaqədar, həmin müqavilənin etibarsızlığı tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14-cü fəslində əqdlərin etibarsız hesab edilməsi üçün hallar nəzərdə tutulmuşdur: hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq və s. MM-nin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Buna görə də, kollegiya qeyd edir ki, hazırda İddiaçı xx.xx.2014-cü il tarixli, 027R143234877 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, o, həmin müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2015-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Həmçinin həmin Qərarda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Qərarda qeyd edilmişdir ki, borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Bu Qərarda həmçinin qeyd edilmişdir ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq iddia tələbinin təmin ediliməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. MM-nin 354.1-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı əqdlərin etibarsızlığı ilə bağlı 1 illik kəsici müddəti də keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 844/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-6117/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6117/2020
12.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver