Məhkəmə qərarları › İş №2(103)-6119/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6119/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6119/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinə qarşı qiymətləndirmə aktının ləğv olunması tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-967/2021 saylı iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinə qarşı qiymətləndirmə aktının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC onunla aralarında bağlanılmış kredit müqaviləsinə əsasən 30.368,23 manat əsas, 4458,81 manat faiz borcu olmaqla, ümumilikdə 34.827,04 manat borc pulun ondan tutulmasına dair Xətai rayon Məhkəməsinə müraciət etmiş, sözügedən borc məbləğinin ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair 2(103)- 7313/2018 saylı qətnamə qəbul edilmişdir. Eyni zamanda qətnaməyə əsasən tələb bank qarşısında ipoteka qoyulmuş onun mülkiyyətində olan daşınmaz əmlaka yönəldilmişdir. İpoteka predmeti olan daşınmaz əmlakın hərracda satılması üçün ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi də qeyd edilmişdir. 2(103)-7313/2018 saylı qətnamədən görünür ki, cavabdeh “Əmlak Bazarı İştirakçıları” İB tərəfindən verilmiş ekspert rəyinə əsasən ona məxsus ipoteka predmeti olmuş ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 90.000 manat təşkil etdiyi qeyd olunmuşdur. Sözügedən qiymətləndirmə aktı ilə razı deyil. Belə ki, mübahisəli mənzil real bazar qiymətdən daha az dəyərə qiymətləndirilmişdir. Hal-hazırda ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil “Ağ şəhər bulvarı”nın yaxınlığında yerləşir. Qiymətləndirmə aparılan zaman “Ağ şəhər” bulvarı yox idi. Həmin bulvarın ona məxsus mənzilin yaxınlığında salınması mübahisəli mənzilin dəyərini iki qat artırmışdır. Həmçinin, 2017-ci ildə keçirilmiş qiymətləndirmə aktı faktiki olaraq bu günki mənzilin bazar dəyərinə uyğun deyildir. Hətta qiymətləndirmə zamanı mənzilin yararlılıq vəziyyəti, təmiri və sair hallar da nəzərə alındığından qiymətləndirmə aktı reallığı əks etdirmir. Hal-hazırda ona məxsus ünvan 1 ünvanda yerləşən mənzil yaşayış üçün tam yararlı vəziyyətdə olmaqla bərabər, yüksək standartlara uyğun olaraq təmir edilmişdir. Bu gün qoyulmuş məbləğ üzrə qiymətləndirmə rəyi öz əhəmiyyətini itirdiyi kimi, onun yenidən keçirilməsi zərurətini də ortaya qoymuşdur. Belə ki, mübahisəli mənzilin dəyəri 200.000- 220.000 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddiaçı cavabdeh “Əmlak Bazarı İştirakçıları” İB tərəfindən verilmiş iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsinə dair ekspert rəyinin ləğv edilərək hazırki bazar dəyərinə uyğun qiymətləndirmə aktının verilməsi üçün yenidən ekspertiza keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-967/2021 saylı iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «Əmlak Bazarı İştirakçıları» İB-yə qarşı ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 4 saylı evin 18 nömrəli mənzilin qiymətləndirilməsi barədə «Əmlak Bazarı İştirakçıları» İBnin 24.11.2017-ci il tarixli ekspert rəyinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi üçün yeni ekspertiza keçirilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işi araşdırarkən ipoteka predmeti olan mənzilin ilkin qiymətləndirmə dəyərinin hazırki qiymətlərlə əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı dəlilləri əsassız hesab edərkən, qiymətləndirmədən 4 ildən artıq bir vaxt keçdiyini və həmin müddətlərdə hamıya məlum olduğu kimi, mənzillərin qiymətlərində ciddi artımlar müşahidə olunduğunu, xüsusilə də mübahisəli ünvan 1 ünvanda yerləşən binanın qarşısında “Ağ Şəhər” bulvarı salınmasını, ilkin qiymətləndirmədən sonra mənzildə əsaslı təmir işlərinin aparılmasının mənzilin dəyərinin artmasına səbəb olduğunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-7313/2018 saylı, 28.11.2018-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, kredit müqaviləsi üzrə borc kimi 30.368,23 manat, faiz borcu kimi 4.458,8 manat, ümumi borc kimi 34.827,04 manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələb bank qarşısında ipoteka qoyulmuş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 4 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın hərracda satılması üçün ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın hərracda satıldıqdan sonra cavabdeh ən geci 1 ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. İş üzrə “Əmlak Bazarı İştirakçıları” İB tərəfindən tərtib edilmiş 24.11.2017-ci il tarixli, 258/11-17/E-13-S saylı ekspert rəyinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 4 saylı evin 18 nömrəli mənzilinin bazar dəyəri 90.000 manat, likvid dəyəri 82.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” İş materiallarından görünür ki, ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsində yerləşən 4 saylı evin 18 nömrəli ilkin satış qiymətinin 100.000 manat olması Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 2(103)- 7313/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Beləliklə, müəyyən edilir ki, Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsində yerləşən 4 saylı evin 18 nömrəli mənzilinin ilkin satış qiyməti ilə bağlı məsələ iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə baxılarkən araşdırılmış və qiymətləndirilmişdir. İddiaçının mübahisələndirdiyi 24 noyabr 2017-ci il tarixli, 258/11-17/E-13-S saylı əmlakın qiymətləndirilməsinə dair ekspert rəyi digər mülki işdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı iş üzrə sübut kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddiası yolverilməz olmaqla həmin iddiaya məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının iddia tələbinə nə məhkəmədə, nə də ondan kənar qaydada baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 261, 391, 397- 398, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(009)-967/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə qarşı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədikdə, həmin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar