Məhkəmə qərarları › İş №2(103)-612/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-612/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-612/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Kamil Məmmədovun, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elnur Məmmədovun iştirakı ilə, İddiaçı “X2 Azərbaycan” QSC cavabdehlər Cavabdeh2 oğluna və “xxxx” MMC-yə qarşı “borcun vaxtında qaytarılmamasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faizlərin, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin tutulması tələbinə dair” 2(010)-1085/2018 saylı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC cavabdehlər Cavabdeh2 oğluna və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 müştərək (birgə) qaydada Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 74518.84 AZN (yetmiş dörd min beş yüz on səkkiz manat 84 qəpik) məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, Banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində zərərin, dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumunun tutularaq «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi «iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oğlundan və “xxxx” MMC-dən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)- 4131/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş 74548,84 (yetmiş dörd min beş yüz qırx səkkiz manat səksən dörd qəpik) manat məbləğində borcuna uyğun olaraq hesablanmış ümumilikdə 18985,74 manat məbləğində maddi zərərin və əldən çıxmış faydaəvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, «X2 Azərbaycan» QSC və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2013-cü il tarixdə 666 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 36 ay müddətinə, illik 15% olmaqla 80000 (səksən min) manat məbləğində kredit ayrılmışdır. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşdür. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan “xxxx” MMC kredit müqaviləsinin şərtlərini pozaraq istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyi icra etməmişlər və borcu ödəməmişlər. İddiaçının cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində “borcun qaytarılması və digər tələblərə dair” iddia qaldırmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi iddia tələbi qismən təmin edilmiş, “X2 Azərbaycan” QSC-nin xeyrinə, cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada 69163,26 manat əsas kredit borcu, 4789,47 manat faiz borcu, 527,11 manat cərimə borcu, 9 manat poçt xidmət xərci, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 74518,84 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin borclu tərəfindən qanunvericiliklə müəyyən olunmuş vaxtda könüllü icrası üçün icra məmuru tərəfindən borcluya müvafiq bildiriş verilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmiş və bank qarşısında olan borcunu ödəməmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi borclular tərəfindən bu günə kimi icra edilməmişdir. Borclular tərəfindən məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən sonra kredit müqaviləsi üzrə yaranmış ödənişləri etməkdən birtərəfli qaydada imtina etmişlər. Qətnamədən narazı qalan cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddanın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2682/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanımışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2682/2015 saylı qətnaməsindən də narazı qalan cavabdehlər sonradan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-3578/2015 saylı qərarı ilə “xxxx” MMC-nin və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2682/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Xəzər rayon İcra Şöbəsinə yönəlmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)- 4131/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin borclular tərəfindən qanunvericiliklə müəyyən olunmuş vaxtda könüllü icrası üçün icra məmuru tərəfindən borclulara müvafiq bildirişlər verilməsinə baxmayaraq icra sənədi cavabdehlər tərəfindən üzrsüz səbəbdən icra edilməmiş və cavabdehlər kredit müqaviləsi üzrə yaranmış ödənişləri etməkdən birtərəfli qaydada imtina etmişlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər kredit şərtlərini pozaraq, krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışlar. Bu da, iddiaçının maddi zərər çəkməsinə səbəb olan amillərdən biridir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə əsas məbləği və ona hesablanmış faizləri vaxtında qaytarmış olsaydı, iddiaçı həmin vəsaiti dövriyyəyə buraxaraq gəlirlər əldə edə bilərdi. Hesab edir ki, Bank kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərini nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1085/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə müəyyən edlilmiş 74548,84 (yetmiş dörd min beş yüz qırx səkkiz manat səksən dörd qəpik) manat məbləğində borcuna uyğun olaraq həmin gündən etibarən Mərkəzi Bankın dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 18985.74 (on səkkiz min doqquz yüz səksən beş manat yetmiş dörd qəpik) manat məbləğində maddi zərər və əldən çıxmış faydanın əvəzi tutularaq “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada tutularaq dövlət xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərini kobud surətdə pozaraq, iş üzrə səthi və birtərəfli qaydada araşdırma aparmış və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Hazırkı halda isə məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək hər hansı faizlərin, maliyyə sanksiyalarının hesablanmalı olduğu göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1199/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 oğluna və “xxxx” MMC-yə qarşı borcun vaxtında qaytarılmasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faizlərin, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin tutulması tələbinə dair iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4322/2020 saylı qərarı ilə iddiaçı “X2 Azərbaycan” QSC-nin kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, “xxxx” MMC və “X2 Azərbaycan” QSC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyinin təminatı kimi 2010-cu il buraxılış tarixli, mühərrikin nömrəsi 3UR3059474, şassi № JTJHYOOW6A4G45418 olan, Lexus-LX 570 minik markalı avtomobil, 2011 -ci il buraxılış tarixli, mühərrikin nömrəsi **********17, şassi № LZZ5ELND5BN655314, model ZZ3257N3847A olan HOWO markalı özüboşaldan yük maşını, 2011-ci il buraxılış tarixli, mühərrikin nömrəsi **********77, şassi № LZZ5ELND1BN655312, model ZZ3257N3847A olan, Cavabdeh1-nə məxsus HOWO markalı özüboşaldan yük maşını və 2011-ci il buraxılış tarixli, mühərrikin nömrəsi **********77, şassi № LZZ5ELND4BN655319, model ZZ3257N3847A olan HOWO markalı özüboşaldan yük maşını bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, lakin ipoteka müqaviləsi vaxtında dövlət qeydiyyatına alınmadığından Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməmişdir. Həmin qətnamənin qəbul edilməsindən sonra qeyd edilən avtomobillərə dair ipoteka yüklülüyünün dövlət qeydiyyatına alınması təmin edilmiş, lakin bundan sonra bank tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsi üçün müraciət edilməməsinin səbəbini izah edə bilmir. İcra məmuru apelyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, Cavabdeh2 oğlu əvvəlki məhkəmə iclasında iştirak etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə tutulan borcun ödənilməsindən boyun qaçırmamışlar. Həmin borcun ödənilməsi ilə bağlı iddiaçı Bank ilə danışıqlar aparmış və banka təklif etmişdir ki, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş yük avtomaşınlarını borcun əvəzində götürsünlər, ya da həmin avtomaşınların satılmasına vaxt versinlər ki, əldə edilmiş pul hesabına borcunu ödəsin. Yaxud da mülkiyyətində olan “Lexsus” markalı avtomobilin oğurlandığı üçün sığorta şirkəti tərəfindən ona ödəniləcək məbləğ hesabına borcunu bağlasın. Həmin yük avtomaşlarının təkcə birinin qiyməti borcun məbləğindən xeyli artıq dəyərdədir. Bank ipoteka predmetini borcun əvəzində götürməkdən imtina etmiş, sığorta şirkəti tərəfindən ödəniləcək pulun əvəzində borcun bağlanması ilə razılaşmışdır. Sığorta şirkəti tərəfindən onun hesabına daxil olmuş pul vəsaiti dərhal borcun əvəzinə ödənilmişdir. İddiaçı özü borcun sığorta ödənişi hesabına ödənilməsinə razı olduğu halda gecikdirməyə görə faiz tələb etməsi anlaşılan deyildir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin Cavabdeh2 oğluna qarşı təmin olunan hissəsinin qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “xxxx” MMC və “X2 Azərbaycan” QSC arasında bağlanılmış 666 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank borcalana 36 ay müddətinə, illik 15% olmaqla 80000 (səksən min) manat məbləğində kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh2 oğlu arasında bağlanılmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu, borcalan “xxxx” MMC-nin bank qarşısında öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. xx xxxxxx 2013-cü il tarixli ipoteka müqavilələrindən görünür ki, 2010-cu il buraxılış tarixli, mühərrikin nömrəsi 3UR3059474, şassi № JTJHYOOW6A4G45418 olan, Lexus-LX 570 minik markalı avtomobil, 2011-ci il buraxılış tarixli, mühərrikin nömrəsi **********17, şassi № LZZ5ELND5BN655314, model ZZ3257N3847A olan HOWO markalı özüboşaldan yük maşını, 2011-ci il buraxılış tarixli, mühərrikin nömrəsi **********77, şassi № LZZ5ELND1BN655312, model ZZ3257N3847A olan, Cavabdeh1-nə məxsus HOWO markalı özüboşaldan yük maşını, 2011-ci il buraxılış tarixli, mühərrikin nömrəsi **********77, şassi № LZZ5ELND4BN655319, model ZZ3257N3847A olan HOWO markalı özüboşaldan yük maşını “X2 Azərbaycan” QSC ilə Cavabdeh2 şəxsində «xxxx» X1 arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 666 №-li kredit müqaviləsinə əsasən 80000 manat məbləğində kreditin qaytarılmasının təminatı kimi yüklü edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə iddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər “xxxx” MMC-ti və Cavabdeh2 oğluna qarşı iddia tələbi qismən təmin edilmiş, iddiaçı “X2 Azərbaycan” QSCnin xeyrinə cavabdehlər “xxxx” MMC-ti və Cavabdeh2 oğlundan müştərək qaydada 69163,26 manat əsas kredit borcu, 4789,47 manat faiz borcu, 327.11 manat cərimə borcu, 9 manat poçt xidməti xərci və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 74518,84 manat məbləğində pul vəsaiti tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2682/2015 saylı qətnaməsinə əsasən, “xxxx” MMC-nin apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4131/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-3578/2015 saylı qərarı ilə cavabdehlər “xxxx” MMC-nin və Cavabdeh2 oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-2682/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı icra vərəqəsinə əsasən icraat başlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(003)-834/2016 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(003)-4131/2014 saylı icra sənədi üzrə borclu “xxxx” MMC-nə məxsus “HOWO ZZ3257N3847A” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, **-JR-*** dövlət, qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, **- JO-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat' nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 4683 saylı rəyinə əsasən, cavabdehlər Cavabdeh2 oğlundan və “xxxx” MMC-dən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş 74548,84 (yetmiş dörd min beş yüz qırx səkkiz manat səksən dörd qəpik) manat məbləğində borcun vaxtında banka qaytarılmamasına görə 2015-2017-ci illər üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq həmin borca hesablanan illik faiz borcunun miqdarının cəmi 20351,83 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 2532 saylı qərarı ilə, icra sənədində qeyd edilən 741518,84 manat pul “xxxx” MMC tərəfindən ödənildiyi üçün tələb tam təmin edilmiş və icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449.4cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, «X2 Azərbaycan» QSC ilə “xxxx” MMC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün “xxxx” MMC-yə məxsus 2011-ci il buraxılış tarixli, mühərrikin nömrəsi **********17, şassi № LZZ5ELN D5BN655314, model ZZ3257N3847A olan 90JS448 dövlət qeydiyyat nişanlı UOVVO markalı özüboşaldan yük maşını, 2011-ci il buraxılış tarixli mühərrikin nömrəsi **********77 şassi № LZZ5ELND1BN655312, model ZZ3257N3847A olan 90JS447 dövlət qeydiyyat nişanlı HOWO markalı özüboşaldan yük maşını, 2011-ci ıl buraxılış tarixli, mühərrikin nömrəsi **********77, şassi № LZZ5ELND4BN655319, model ZZ3257N3847A olan 90JS446 dövlət qeydiyyat nişanlı HOWO markalı özüboşaldan yük maşını “X2 Azərbaycan” QSC-də ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı, 2010-cu il buraxılış tarixli, mühərrikin nömrəsi 3UR3059474, ban JTJHYOOW6A4045418 olan 90NR747 dövlət qeydiyyat nişanlı, Lexus-LX 570 minik markalı avtomobil Cavabdeh2 adında qeydiyyatda olmaqla “X2 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin qanunvericliyin tələbinə əsasən, xx xxxxxx 2013-cü il tarixli ipoteka müqavilələri daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalı olduğu halda, bu tələbə əməl olunmamışdır. Bu səbəbdən, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4131/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qeyd olunan nəqliyyat vasitələrinin hərracda satılması, satışdan əldə olunan pul vəsaitindən “X2 Azərbaycan" QSC-nin xeyrinə tələb həcmində məbləğin tutulması hissəsində iddia təmin edilməmişdir. Hazırkı apellyasiya baxışında iddiaçının nümayəndəsi bildirmişdir ki, Həmin qətnamənin qəbul edilməsindən sonra qeyd edilən avtomobillərə dair ipoteka yüklülüyünün dövlət qeydiyyatına alınması təmin edilmiş, lakin bundan sonra bank tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsi üçün müraciət edilməməsinin səbəbini izah edə bilmir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli, 2(003)- 4131/2014 saylı qətnaməsi icraya yönəldikdən sonra, Cavabdeh2 oğlundan və “xxxx” MMC-dən “X2 Azərbaycan” QSC-nin xehrinə kredit borcunun tutulması məqsədilə icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi borclu “xxxx” MMCyə məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etdikdən sonra Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(003)- 834/2016 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)-4131/2014 saylı icra sənədi üzrə borclu “xxxx” MMC-nə məxsus “HOWO ZZ3257N3847A” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, **-JR-*** dövlət, qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat' nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Beləliklə, qeyd edilən kredit öhdəliyi ipoteka ilə təmin edilməsinə baxmayaraq, borcun vaxtında ödənilməsi üçün nə tələbkar bank, nə də sonradan icra qurumu tərəfindən tələbin ipoteka predmetinə yönəlməsi təmin olunmamışdır. Cavabdehlərin borcu ödəməkdən boyun qaçırması və ipoteka predmeti olan avtomobilləri borcun əvəzində iddiaçıya təhvil verməkdən imtina etməsi sübuta yetmir. Əksinə Cavabdeh2 oğlu izahatında bildirmişdir ki, tələbkar ilə danışıqlar aparmış və banka təklif etmişdir ki, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş yük avtomaşınlarını borcun əvəzində götürsünlər, ya da həmin avtomaşınların satılmasına vaxt versinlər ki, əldə edilmiş pul hesabına borcunu ödəsin. Yaxud da mülkiyyətində olan “Lexsus” markalı avtomobilin oğurlandığı üçün sığorta şirkəti tərəfindən ona ödəniləcək məbləğ hesabına borcunu bağlasın. Həmin yük avtomaşlarının təkcə birinin qiyməti borcun məbləğindən xeyli artıq dəyərdədir. Bank ipoteka predmetini borcun əvəzində götürməkdən imtina etmiş, sığorta şirkəti tərəfindən ödəniləcək pulun əvəzində borcun bağlanması ilə razılaşmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, belə olan halda, Bank gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmə tələb etməyə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(010)- 1085/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 müştərək (birgə) qaydada Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 74518,84 (yetmiş dörd min beş yüz on səkkiz manat 84 qəpik) manat məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, Banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində zərərin, dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumunun tutularaq «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar