Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6124/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-7796/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Dövlət Təhlükəsizlik Xidmətini üçüncü şəxs göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə 2007-ci il buraxılışlı, “Hundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə müqavilənin, avtomobilin onun adına sənədləşdirilməsinin etibarsız hesab edilməsi, dəymiş 9800 manat ziyanın, həmin pulun illik 5 faizi olan 335 manatın, 10000 manat mənəvi zərərin, cəmi 20135 manatın cavabdehdən alınaraq öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-7796/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh rəsmi internet saytında “Hundai Sonata” markalı, 2007-ci il buraxılışlı, **-AS-*** dövlət nomrə nişanlı avtomobilin hərraca çıxarılması barədə elan verdikdən sonra həmin avtomobili satın almaq niyyətinə düşmüşdür. Elanda avtomobilin texniki vəziyyəti barədə dolğun məlumat göstərilmədiyindən avtomobilə şəxsən baxış keçirmək və onun haqqında məlumat almaq istəmiş, bunun üçün dəfələrlə Auksion mərkəzinə müraciət etmişdir. Lakin avtomobilin Dövlət Təhlükəsizlik Xidmətinin qarajında olması bəhanə gətirilərək müraciətləri təmin edilməmişdir. Bu səbəbdən də hərraçın sifarişçisi olan Təhlükəsizlik Xidmətinin 012 405- 99-99 nömrəsinə zəng vurmuş, operatorun onu birləşdirdiyi Mirəziz adlı əməkdaşla danışmışdır. Həmin şəxs avtomobilə baxış keçirilməsinə imkan verilmədiyini bildirmişdir. Buna baxmayaraq Xidmətin sifarişi ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş hərracda rəqabət mühitində qalib olaraq həmin avtomobili satın almışdır. Mirəziz və onunla bir yerdə gəlmiş iki şəxsdən biri hərracda iştirak edərək avtomobilin qiymətinin qalxmasına səbəb olmuşdur. Hərracdan sonra Dövlət Təhlükəsizlik Xidmətinin qarajına getdikdə Mirəziz adlı əməkdaşavtomobilin yararsız olduğunu və mühərrikinin töküldüyünü, bu səbəbdən də avtomobili yalnız evakuatorla apara biləcəyini bildirmişdir. Bundan sonra hərracın şəffaf keçirilməməsi, avtomobilin yararsız və qəzalı vəziyyətdə olmasının elanda göstərilməməsi, bu barədə ona qabaqcadan məlumat verilməməsinibilmişdir. Buna görə də avtomobili təhvil almaqdan imtina etmişdir. Dəfələrlə müraciət etsə də, avtomobilə görə ödədiyi 9800 manat və çəkdiyi xərclər ona qaytarılmayıb. Yararsız avtomobilin ona satıldığını bildikdən sonra dərin ruhi sarsıntı və stres keçirmişdir. Cavabdehin onu aldadaraq texniki cəhətdən saz avtomobil əvəzinə, nasaz, qəzalı avtomobil satması ilə özünü təhqir olunmuş hesab edir və dəyən mənəvi zərəri 10000 manat qiymətləndirir. Cavabdehlər ona avtomobilin texniki vəziyyəti ilə əlaqədar düzgün məlumat verməmişdir. Qətnamənin özündə də göstərilir ki, hərrac keçirilərkən hərracın təşkilatçıları tərəfindən avtomaşınların fotoşəkilləri nümayiş etdirilmişdir. Həmin avtomobillər barədə ətraflı məlumat verilməmiş, mühərrikinin dağılmış vəziyyətdə olması həmçinin surət qutusunun dağılmış vəziyyətdə olması barədə ona heç bir məlumat verilməmişdir. Dəfələrlə avtomobilə baxış keçirməyinə şərait yaradılması ilə əlaqədar müraciət etsə də bu müraciətlər nəticəsiz qalmışdır. Fotoşəkillərlə avtomobilə yalnız vizual baxış keçirilməsi mümkündür. Lakin onun texniki vəziyyəti barədə heç bir məlumat əldə edilməsi mümkün deyildir. Əmlak Məsələləri Dövlət Komitəsinə avtomobilə baxış keçirilməsi üçün şərait yaradılmasına dair rəsmi müraciətimə cavab olaraq həmin təşkilat ona telefon vasitəsi ilə məlumat verildiyini bildirmişdir. Göründüyü kimi onun avtomobilə baxış keçirmədiyi iş materiallarında olan sənədlərlə də təsdiq olunur.Əslində isə o, alıcı kimi həmin mala baxış keçirməli və avtomobil barədə onun texniki vəziyyəti barədə ona dolğun məlumat verilməli idi. Satıcı tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında və üçüncü şəxsə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə gəlməyən şəxsin iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, 2007-ci il buraxılışlı, “Hundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Dövlət, balansında olan təşkilat Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti olmuş, həmin avtomobililkin satış qiyməti 6000 manat müəyyən edilməklə Azərbaycan Respublikasının ƏMDK-nin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən hərraca çıxarılmış, 9800 manata İddiaçı satılmışdır. İddiaçı avtomobilin dəyərini ödəsə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan 2007-ci il buraxılışlı, “Hundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil dair keçirilmiş hərracın qanunsuz və onun nəticələrinin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla ona görə ki,“Hundai Sonata” markalı, 2007-ci il buraxılışlı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılması barədə elan verildikdən sonra elanda avtomobilin texniki vəziyyəti barədə dolğun məlumat göstərilmədiyi iddiaçıya məlum idi. Bunu iddiaçı inkar etmir, hətta avtomobilə baxış keçirməyi və haqqında məlumat almağa cəhd göstərdiyini də söyləyir. Lakin hərraca çıxarılmış avtomobil texniki vəziyyəti barədə tam məlumat almadan və onu görmədən hərracda iştirak edir, özünün də bəyan etdiyi kimi rəqabət şəraitində keçirilən hərracda qalib olaraq avtomobili əldə edir. Avtomobilin nə dərəcədə yararsız olması barədə məhkəməyə mötəbər sübut təqdim etməsə də hərracda iştirak edərək qeyd olunan avtomobilin hansı dərəcədə istismara yararlı vəziyyətdə olacağı təqdirdə onu almaq arzusunda olduğunu da göstərmir. Çünki, “Hundai Sonata” markalı, 2007-ci il buraxılışlı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının arzuladığı formada istismara yararlı olmasının da inandırıcı və ağlabatan olmaması əvvəlcədən ona bəlli olmalı idi. Lakin bütün bunları nəzərə almayaraq iddiaçı öz riski ilə hərracda iştirak edərək mübahisəli avtomobili hərracın qalibi olaraq əldə etmişdir. İkincisi, iddiaçı hərracın etibarsızlığını tələb etsə də bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmalıdır. Belə ki, iddiaçı avtomobili gördükdən sonra hərracın şəffaf keçirilməməsini, avtomobilin yararsız və qəzalı vəziyyətdə olmasının elanda göstərilməməsini, bu barədə ona qabaqcadan məlumat verilməməsinibildiyini göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, avtomobilin yararsız və qəzalı vəziyyətdə olması elanda göstərilməsə də onun istismara yararlı olması və qəzalı vəziyyətdə olmaması da elanda göstərilməmiş və bu barədə qabaqcadan iddiaçıya məlumat verilməsə də o, bunu sonradan deyil əvvəldən də təxmin etməli idi. Üçüncüsü, özünün də bəyan etdiyi kimi dəfələrlə avtomobilə baxış keçirilməsinə şərait yaradılmadığını gördüyü halda yenə də hərracda iştirak etmək qərarına gəlməsi iddiaçının istəyi olmuşdur. Bunu ona hansısa şəxs məcbur etməmişdir. Təbii ki, ucuz qiymətə hərraca çıxarılmış avtomobiln tam yararlı olması onda şübhə doğururdusa və buna görə hərraca qədər həmin avtomobilə baxış keçirmək istəyirdisə buna nail olub hərracda iştirak etməli idi. Lakin öz riski ilə hərracda iştirak edib qalib olduqdan sonra hərracın nəticələrinin etibarsızlığını mübahisələndirməsi və buna nail olması üçün faktiki və hüquqi əsaslar olmalıdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə, ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 7796/2019 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6124/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6124/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver