Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6129/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 QSC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2989/22 saylı iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 17 dekabr 2019-cu il tarixdə İN/L-465/2019 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Cavabdeh2 QSCyə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti üzrə istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsinə icazə verilmişdir.
2. İddiaçı 24 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 İB-yə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılması və abunə kodunun açılmasını xahiş etmişdir. Həmin tarixdə İddiaçı ilə Cavabdeh2 QSC arasında razılaşma protokolu imzalanmış, həmin protokola əsasən fərdi yaşayış evinin qazlaşdırılması Cavabdeh2 QSC-yə həvalə edilmişdir.
3. 14 dekabr 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmış, 15 dekabr 2021-ci il tarixdə Cavabdeh1 İB tərəfindən “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli akt tərtib edilmişdir.
4. İddiaçı tərəfindən 15 noyabr 2021-ci il tarixdə Cavabdeh2 QSC-yə "xxxx" ASC-nin Nizami filialı vasitəsilə 262 manat məbləğində vəsait ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" QSC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıdan qaz sayğacının dəyərinə görə alınmış 262 manat məbləğində vəsaitin cavabdehlərdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı vaxtlı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Cavabdeh1 İB-nin əməkdaşları həmin ünvana yeni qaz sayğacı quraşdırılması üçün iddiaçıdan Cavabdeh1 İB-nin "xxxx" ASC-nin Nizami filialındakı hesabına 262 manat ödənilməsini tələb etmiş, iddiaçı həmin vəsaiti ödəmişdir. Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, birlik iddiaçıdan həmin vəsaiti əsassız almışdır. Ona görə də həmin vəsait iddiaçıya geri qaytarılmalıdır.
7. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2989/22 saylı iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin edilmiş, iddiaçıdan qaz sayğacının dəyərinə görə alınmış 262 (iki yüz altmış iki) manat məbləğində pul vəsaitinin Cavabdeh2 QSC-dən alınaraq iddiaçıya geri qaytarılması və Cavabdeh1ndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə qazlaşdırılma qaz paylayıcısı, yəni Cavabdeh1 İB-nin hesabına həyata keçirilməli olduğundan, Cavabdeh2 QSC isə fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı layihələndirməni podratçı qismində həyata keçirdiyindən, Cavabdeh2 QSC-yə ödənilmiş 262 manat məbləğində vəsait ondan alınıb iddiaçıya geri qaytarılmalıdır.
9. Məhkəmə öz mövqeyini “Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 10, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 1.3-cü, həmin Qərarla təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 4.2, 4.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh "xxxx" QSC birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmamasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan alınan 262 manat vəsait qazlaşdırma lahiyəsinin və tikinti quraşdırma işlərinin xərcidir. Məişət qaz sayğacının quraşdırılması qaz paylayıcısı tərəfindən ödənişsiz olaraq təmin olunmuşdur. İddiaçı tərəfindən imzalanan xx.xx.2021-ci il tarixli ərizədə öz hesabına fərdi yaşayış evinin qazlaşdırılması üçün müraciət etmiş, bu barədə razılaşma protokolunu imzalamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etmədiklərinə görə məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Təbii İnhisarlar haqqında Azərbaycan Respublikası qanunu
14. Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir.
15. Maddə 4. Təbii inhisar subyekti — təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir.
16. Maddə 10, bənd 3. Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı
17. Maddə 1, bənd 3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
18. Maddə 4, bənd 2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh "xxxx" QSC tərəfindən mübahisələndirildiyindən və iddia qismən edildiyindən qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
23. Cavabdeh iddiaçıya məxsus evə quraşdırılmış yeni sayğacın pulunun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2989/22 saylı iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.