Məhkəmə qərarları › İş №2(103)-6135/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6135/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6135/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2023-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, satıcı olaraq onunla alıcı olaraq cavabdeh arasında “KİA Cerato” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, həmin avtomobili almaq üçün onunla “AtaBank" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 12.000 ABŞ dolları məbləğində kredit götürmüş və avtomobili almışdır. Eyni zamanda iddiaçı, Bank ilə “İpoteka müqaviləsi” bağlayaraq “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəfindən Banka hissə-hissə 5.700 ABŞ dolları ödənilmişdir. Bundan sonra iddiaçı, məhkəmə qərarlarına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X3 Stasionarında məcburi müalicəyə göndərilmiş, müalicəsi bu günə kimi davam edir. Müalicədə olduğu müddətdə iddiaçının xəstəliyindən istifadə edən Bank və iddiaçının qardaşı olan cavabdeh xx.xx.2018-ci il tarixdə “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” bağlamış və avtomobil cavabdehin adına rəsmiləşdirilmişdir. Bu hal iddiaçıya, o, stasionar qaydada müalicə aldığı xəstəxanadan ambulator qaydada müalicə üçün evə buraxılandan sonra bəlli olmuşdur. İddiaçı bu məsələ ilə maraqlananda ona məlum olmuşdur ki, o, onunla qardaşı olan cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında avtomobili qardaşına satmışdır. İddiaçı bildirir ki, həmin müqavilədən onun xəbəri olmamış, o, həmin müqaviləni imzalamamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı ilə Bank arasında bağlanmış “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” ləğv edilməmiş, hətta Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən həmin “Kredit müqaviləsinə” əsasən iddiaçıya 5.588,99 manat məbləğində kompensasiya ödənilmişdir. b) üçüncü şəxslərin cəlb edilməsi və onların iddia tələbinə münasibəti barədə məlumat

3. İşə baxılan zaman Rayon Məhkəməsi tərəfindən (cavabdehin keçmiş arvadı) X2 və Cavabdeh2 ASC cavabdeh tərəfində iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir.

4. Üçüncü şəxs olan Şəfanə Məmmədova Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir mübahisəli avtomobil onunla cavabdehin birgə nikahları dövründə alınmışdır. Avtomobilə dair bağlanmış müqavilə etibarsız deyil. Buna görə də, o, iddianın rədd edilməsini xahiş edir.

5. İş üzrə üçüncü şəxs olan Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu işin baxılması yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi işə Banın ləğvediçisi olan Fondun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat

6. İş üzrə cavabdeh Rayon Məhkəməsinə verdiyi izahatında iddia tələbini etiraf edərək iddianın təmin edilməsini xahiş etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının haqlı olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2022-ci il tarixli, 4/1302 saylı rəyindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli avtomobilə dair bağlanmış xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsində” “satıcının imzası” qrafasındakı imza və imzadan sonra “Məmmədov” əlyazması iddiaçı tərəfindən icra edilmişdir. Bundan başqa, iddiaçının həmin müqavilə bağlanan zaman hansı psixi vəziyyətdə olmasını (hərəkətlərinin mənasını dərk edə bilib-bilməməsini) araşdırmaq üçün iddiaçının özünün vəsatəti əsasında məhkəmə-psixiatrik ekspertizası təyin etsə də, iddiaçı ekspertizaya getməyərək ekspertizanın keçirilməsinə mane olmuş, bu səbəbdən də, ekspertizanın təyin edilməsi barədə qərardad icra edilmədən məhkəməyə qaytarılmışdır. e) apellyasiya şikayəti barədə məlumat

9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

11. İddiaçı, apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, onunla qardaşı arasında bağlanmış “Alğı-satqı müqaviləsindəki” imza onun olsa da, o, müqaviləni oxumadan imza etmişdir. Buna görə də müqavilə etibarlı hesab edilə bilməz. Bundan başqa o, psixi cəhətdən tam sağlam olduğundan ekspertizaya getmək üçün əsas görməmişdir. Hazırda, yəni apellyasiya icraatı zamanı da psixiatrik ekspertizanın təyin edilməsi üçün əsas görmür və bu kimi ekspertiza təyin edilərsə, ekspertizaya getməyəcək.

12. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi və göstərdi ki, avtomobili iddiaçı almışdır. Bunun üçün iddiaçı Cavabdeh2 ASC ilə “Kredit müqaviləsi” bağlamışdır. Avtomobili aldıqdan sonra iddiaçı psixiatriya xəstəxanasına yerləşdirildi, sonra isə Bank ləğv edildi. O və Bankın işçiləri qərara gəlmişlər ki, kredit borcu və avtomobil iddiaçının adından çıxarılmalı və başqa adamın adına rəsmiləşdirilməlidir. Bu səbəbdə də, onunla iddiaçı arasında xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlanmışdır. İddiaçı sağalandan sonra isə avtomobil yenidən iddiaçının adına keçməli idi. Lakin daha sonra onunla arvadı (iş üzrə üçüncü şəxs) Şəfanə Məmmədovanın münasibətləri pozulmuş, aralarında əmlak ilə bağlı mülki mübahisə yaranmış, hazırki iş üzrə mübahisəli avtomobil (və digər avtomobil) üzərində Şəfanə Məmmədovanın payı 1/2 hissədə müəyyən edilmişdir. Baxmayaraq ki, Şəfanə Məmmədova bilirdi ki, mübahisəli avtomobil ona deyil, iddiaçıya məxsusdur.

13. İş üzrə üçüncü şəxs Cavabdeh2 ASC-nin nümayəndəsi və üçüncü şəxs Şəfanə Məmmədova işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri barədə lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, hazırki iş üzrə üçüncü şəxslərdən biri olan Cavabdeh2 ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2080 SBFAK saylı “Kredit müqaviləsi” əsasında iddiaçı həmin Bankdan avtomobilin alınması məqsədilə 12.000 ABŞ dolları məbləğində kredit götürmüş və Bank ilə eyni tarixdə bağladığı “İpoteka müqaviləsinə” əsasən avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.

16. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, iddiaçı həmin avtomobili cavabdehə satmışdır.

17. İş materiallarından daha sonra görünür ki, cavabdeh ilə Cavabdeh2 ASC arasında avtomobilin alınması məqsədi ilə xx.xx.2018-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmış və iddiaçıya 7.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin təminatı olaraq avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu məqsəd ilə Bank ilə cavabdeh arasında “İpoteka müqaviləsi” bağlanmışdır.

18. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2021 saylı iş üzə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxslərdən biri olan) X1 cavabdehlər Məmmədov Məmmədəli Səttar oğlu və (hazırki iş üzrə cavabdeh) Cavabdeh1 “cehiz əşyalarının geri qaytarılması və əmlaka payların müəyyən edilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi (hazırki iş üzrə mübahisə predmeti olan) “Kia Cerato” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Şəfanə Məmmədova ilə Cavabdeh1 hər birinin payının 1/2 hissədə müəyyən edilməsi və sair məsələlər qət edilmişdir.

19. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla hazırki iş üzrə cavabdeh arasında mübahisəli avtomobilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğısatqı müqaviləsi” ona görə etibarsızdır ki, onun həmin müqavilədən məlumatı olmamışdır. İddiaçı iddia ərizəsində həmin müqavilənin onun tərəfindən imzalanmadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə Rayon Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli, 4/1302 saylı rəyinə göstərmişdir ki, xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsində” “satıcının imzası” qrafasındakı imza və imzadan sonra “Məmmədov” əlyazması iddiaçı tərəfindən icra edilmişdir. Apellyasiya şikayətində isə zamanı iddiaçı bildirmişdir ki, onunla qardaşı olan cavabdeh arasında bağlanmış həmin “Alğı-satqı müqaviləsindəki” imza onun olsa da, o, müqaviləni oxumamış, həmin vaxt cavabdeh onun psixi vəziyyətindən sui-istifadə edərək müqavilənin onun tərəfindən imza edilməsinə nail olmuşdur. Buna görə də müqavilə etibarlı hesab edilə bilməz.

20. Yuxarıda artıq qeyd edildiyi kimi, iş üzrə cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini xahiş edir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1.). Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2.). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (maddə 331.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 346.1.).

22. MPM-nin tələblərinə görə, cavabdeh ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (maddə 52.2.). İddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5.).

23. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, etibarsızlıq üçün şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması və ya hazırki halda əqd bağlandığı zaman əqdi bağlayan şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi şərtidir.

24. İş materiallarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətsə də, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi yerləşdirilməsi qərara alınmışdır.

25. İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının X3 Stasionarında “Üzvi mənşəli ifadə olunmuş şızofrenəbənzər pozuntu” diaqnozu ilə məcburi müalicəyə qəbul olunmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən X3 Stasionarında məcburi müalicəyə keçirilmiş, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2018-ci il tarixli rəyinə görə isə iddiaçıda “Üzvi şizofrenəbənzər pozuntu” diaqnozu xəstəliyi bir daha təsdiqlənmiş, onun psixi vəziyyətinə görə X3 Stasionarında məcburi müalicəsi dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsi məsləhət görülmüşdür. Daha sonra, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(008)-278/2018 saylı qərarına əsasən iddiaçının 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X3 stasionarından məcburi müalicəsi dəyişdirilərək o, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmişdir.

26. Bundan sonra, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 7 saylı şəhər Poliklinikasının baş həkiminin təqdimatı ilə Xətai Rayon Məhkəməsinin 7(011)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı barəsində tətbiq edilmiş məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirin müddəti yenidən uzadılmışdır.

27. Respublika Psixiatriya Xəstəxanası X5 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubunda, iddiaçının xx.xx.2017 – xx.xx.2018-ci il tarixdə xəstəxanada məcburi müalicədə olması, daha sonra isə evə buraxılması göstərilmişdir.

28. Göründüyü kimi, mübahisəli avtomobilə dair xx.xx.2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanarkən iddiaçı, stasionar şəraitdə deyil, ambulator şəraitdə müalicədə olunmaqla evdə olmuşdur.

29. Məhkəmə, iddiaçının müqavilənin onun tərəfindən imzalanmaması dəlili ilə bağlı qeyd edir ki, əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri əlamətdir.

30. Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının müzakirə edilən dəlilinin araşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1302 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə “Alğı-satqı müqaviləsinin” orta hissəsində “(“Satıcının” s.a.a., imzası”)” qrafasındakı imza və “Məmmədov” əlyazması iddiaçı tərəfindən icra olunmuşdur.

32. İddiaçı tərəfindən həmin ekspert rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut təqdim edilməmişdir. Ona görə də, Rayon Məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

33. Bundan başqa, iddiaçının vəsatəti əsasında Rayon Məhkəməsi tərəfindən onun müqavilə bağlanan vaxt psixi vəziyyətinin müəyyən edilməsi məqsədilə məhkəməpsixiatrik ekspertizası təyin edilsə də, iddiaçı ekspertizaya getmədiyindən mülki iş üzrə rəy verilmədən iş məhkəməyə qaytarılmışdır.

34. Yuxarıda artıq qeyd edildiyi kimi, apellyasiya baxışı zamanı iddiası bildirmişdir ki, o, psixi cəhətdən tam sağlam olduğundan ekspertizaya getmək üçün əsas görməmişdir. Hazırda, yəni apellyasiya icraatı zamanı da psixiatrik ekspertizanın təyin edilməsi üçün əsas görmür və bu kimi ekspertiza təyin edilərsə, ekspertizaya getməkdən imtina edəcək.

35. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. MPM-nin 97.5-ci maddəsinə görə, iş üzrə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

37. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddiaçının bildirdiyi dəlilin yoxlanılması üçün Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə psixiatrik ekspertizasına getmədiyindən, habelə apellyasiya icraatı zamanı da bu kimi ekspertizanın təyin edilməsinə iddiaçının etiraz etdiyinə görə hesab edilməlidir ki, iddianı sübuta yetməməsi əsası ilə rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

38. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar