Məhkəmə qərarları › İş №2(103)-6137/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6137/2023

15.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6137/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, həmin qətnamədən cavabdehin nümayəndəsinin verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, qətnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nə çatdırılmış, onun nümayəndəsinin xx.xx.2023-cü il tarixdə imzaladığı apellyasiya şikayəti qanunla müəyyən edilmiş formaya əməl olunmadığı əsas göstərilməklə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, bundan sonra birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şikayət geri qaytarılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndəsi növbəti dəfə apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpası barədə ərizə vermişdir. Göründüyü kimi Cavabdeh İB-nin nümayəndəsi ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuş və məhz bu səbəblə də ötürülmüş müddətin bərpasını istəmişdir. Qeyd olunmalıdır ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə qətnamədən şikayət vermə müddətinin bərpası haqqında Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vürmədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan mülki işi apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş, Cavabdeh İB-nin nümayəndəsinin qətnamədən apellyasiya şikayəti üzrə müddətin bərpası haqqında ərizəsinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-917/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyatorun müddətin bərpası barədə ərizəsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar