Məhkəmə qərarları › İş №2(103)-6137/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6137/2025

24.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6137/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(007)-3110/2025 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpa edilməsi, xx.xx.2025-ci il tarixli, 603235 nömrəli akt əsasında hesablanmış 4120 manat məbləğində cərimənin 3600 manat məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli 2(007)- 3110/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Mülki iş üzrə İddiaçı2 nümayəndəsi-vəkili Vəkil Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli 2(007)-3110/2025 nömrəli qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi savadsızlığı və peşəkar hüquqi yardım almaması səbəbindən vaxtında şikayət verə bilməmişdir. Onun tərəfindən edilən müraciət və işin materiallarına yeni vəkilin cəlb olunması prosessual müddətin buraxılmasının əsaslı səbəbləri kimi qiymətləndirilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfin verdiyi şikayət məhkəmənin 02 oktyabr 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, buraxılmış müddətin bərpası üçün kifayət qədər əsas var. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı iddiasını şəxsən özü müdafiə etmişdir. Elektron Məhkəmə Sistemindən istifadə edə bilmədiyi üçün prosessual müddəti buraxmışdır. İddiaçı hüquqi savadsızlığı və peşəkar hüquqi yardım almaması səbəbindən vaxtında şikayət verə bilməmişdir. Sözügedən işə əlavə olunmaq üçün vəkil müraciəti edilmiş, xx.xx.2025-ci il tarixdə vəkil qismində EMİS-ə inteqrasiya olunmuşdur. İşə yeni vəkilin cəlb olunması da prosessual müddətin buraxılmasının əsaslı səbəblərindən biridir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı2 şikayətinin icraata qəbul edilməsi barədə kollegiyanın qərardadı ləğv edilməli, apellyasiya qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizənin qəbulundan imtinasını onunla əsaslandırmışdır ki, mübahisə kommersiya xaraktelidir və işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Deməli, mübahisənin kökündə məhkəmə aidiyyəi ilə bağlı fikir ayrılığı dayanır, belə işlərdən verilmiş şikayətlərə isə Ali Məhkəmə baxır. MPM-in 403-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Belə olan təqdirdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərardadından verilmiş şikayətə də məhz Ali Məhkəmə tərəfindən baxılmalıdır. Odur ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab ediləməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401, 403-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(007)- 3110/2025 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətin mümkün hesab edilərək icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar