Məhkəmə qərarları › İş №2(103)-614/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-614/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-614/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh2 vəkili X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğluna qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(002)- 48/2019 saylı qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlundan müştərək qaydada 32978.18 ABŞ dolları vaxtı keçmiş borc, 20097.44 ABŞ dolları faiz borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsmunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 30.10.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən İddiaçı MMC “Howo 8x4” markalı özüboşaldan öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Cavabdeh2 86961 ABŞ dolları məbləğində borcu illik 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz üzərinə götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 Mirağa oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl elməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(002)-48/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlundan müştərək qaydada lizinq müqaviləsi üzrə 28573,00 ABŞ dolları vaxtı keçmiş qalıq borc, 4447 ABŞ dolları dəyişən haqq, 1000 ABŞ dolları cərimə, ümumilikdə 34020 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin 4447 ABŞ dolları dəyişən haqqın və 1000 ABŞ dolları cərimə borcunun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2019-cu il tarixli 2(103)-14165/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(002)- 48/2019 saylı qətnaməsi qismən, yəni cərimə borcunun tutulması hissəsində ləğv edilmiş, cavabdehlərdən cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlundan müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 30 oktyabr 2012-ci il tarixli,12/498 saylı Daxili lizinq müqaviləsi üzrə tutulmalı olan cəmi borc 33020 (otuz üç min iyirmi) ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivelenti ilə) müəyyən edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(002)-48/2019 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan qalan hissədə (dəyişən haqqın tutulması hissəsində) cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(102)-3528/2020 saylı qərarı ilə qətnamə ləğv edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış zamanı Cavabdeh2 apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(002)-48/2019 saylı qətnaməsinin ləğv edilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının 03.03.2021-ci il tarixli 9/4690 saylı rəyi ilə müəyyən edilmiş 16197,34 manat ümumi borc hesablanaraq, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən tətbiq edilərək məhkəmə tərəfindən ondan tutlacaq 4447 ABŞ dolları dəyişən haqq deyilən borc apellyasiya məhkəməsi tərəfindən yenidən araşdırılması ilə bağlı ekspertiza təyin edərək həmin borcun hansı əsaslarla yarandığını müəyyən etməli və qeyd olunan 4447 ABŞ dolları dəyişən haqq deyilən borc ləğv edilməlidir. Çünki qeyd olunan borc ləğv edilmədiyi halda gələcəkdə onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Onu da, qeyd edir ki, tərəfindən borcunun qaytarılmasının səbəbi bütün dünyada olduğu kimi ölkədə də, manatın dollara nisbətində devalivasiyanın olmasıdır. Yəni onun ABŞ dolları ilə olan ödənişinin iki dəfə şişirdilməsidir. Bundan əlavə isə qeyd edir ki, iddiaçıyada məlumdur ki, lizinq obyekti kimi “HOWO 8x4” markal yük maşını qəza nəticəsində tamamilə istifadəyə yarasız olmuşdur və bu səbəbdəndə onun əlavə gəliri olmadığı üçün borcunu qaytara bilməmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi, onun tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərində dəyişən məbləğ hissəsinə hüquqi qiymət verməklə bərabər əsas borc hissəsində xarici valyuta ilə hesablandığından həmin hissəyə məhkəmələr tərəfindən hüquqi qiymət verilmədiyi göstərilərək, maddi hüquq normalarının pozulduğu, yəni, qanunun normalarının tədbiq edilmədiyi göstərilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 30.10.2012-ci il tarixli lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh2 86961 ABŞ dolları məbləğində borcu illik 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz üzərinə götürmüşdür. 30.10.2012-ci tarixli zaminlik müqaviləsindən göründüyü kimi, Cavabdeh1 Mirağa oğlu 30.10.2012-ci il tarixli lizinq müqaviləsi üzrə məsuliyyəti üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2019-cu il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi, 30.10.2012-ci il tarixli, lizinq müqaviləsi üzrə Cavabdeh2 28.573 ABŞ dolları əsas borcu, 4447 ABŞ dolları faiz bcucu, 13986 ABŞ olları cərimə, ümumi 47.006 ABŞ dolları müəyyən edilir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh2 lizinq ödənişini İddiaçı MMC”yə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə öhdəliyinə əməl etməyərək borcunu ödəməmişdir. Odur ki, 28573 vaxtı keçmiş borc və 4447 dəyişən haqq faiz borcu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Borcun təminatı olaraq Cavabdeh1 Mirağa oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Həmin məcəllənin 439.1-ci maddəsində təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Baxılan işlər üzrə iddiaçılar xarici hüquqi şəxs olmadıqları üçün onlarla bağlanmış lizinq müqaviləsi üzrə borclunun pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Nəzərə alınmalıdır ki, lizinq müqaviləsi hüquqi təbiətinə görə kredit və ipoteka müqavilələrindən fərqlənir və belə müqavilələrlə eyniləşdirilə bilməz. Lakin təcrübədə bir sıra hallarda həm lizinq verən hüquqi şəxslər, həm də lizinq alanlar yanlış olaraq lizinq münasibətlərini kredit və ipoteka hüquq münasibətləri hesab edirlər. Halbuki kredit (borc) müqaviləsi üzrə borcalan aldığı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaları borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Lizinq müqaviləsi isə mahiyyət etibarı ilə kirayə (icarə) müqaviləsidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun müqabilində istifadə haqqı (muzd) ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülkiyyətinə keçirmək hüququnu əldə edir (Mülki Məcəllənin 747-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 439.1-ci maddəsi təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Beləliklə, borcun qaytarılması öhdəliyindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarıda istinad olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Bu baxımdan tərəflər arasında bağlanan lizinq müqavilələrində hesablaşmaların ABŞ dolları ilə həyata keçirilməsinə dair müddəalar özü-özlüyündə etibarsız şərtlərdir. Ona görə tərəflər arasında lizinq hüquq münasibətləri üzrə lizinq obyektinin qalıq dəyəri və lizinq mükafatlarının məbləği manatla qəbul edilməli və borc məbləği də manatla hesablanmalıdır. Cavabdehin mübahisələndirdiyi hissədə də məbləğ xarici valyuta ilə tutulduğundan şikayət təmin edilərək qətnamə ləğv edilməklə həmin məsələyə yenidən baxılması üçün göndərilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, lizinq şirkətlərinin müxtəlif lizinq ödənişləri adı altında tələblər irəli sürməsi məhkəmələrin diqqətindən kənarda qalmamalıdır. Hazırkı işdə dəyişən məbləğ deyəndə lizinq şirkətinin nəyi nəzərdə tutması aydın olmalıdır. Qanunverici lizinq ödənişi kimi belə anlayışları istisna edir. Bunun təsdiqi üçün lizinq ödənişlərinin dairəsini aydınlaşdırmaq kifayətdir. Lizinq ödənişlərinin ümumi məbləği konkret olaraq müəyyən edilmişdir. Beləki, Mülki Məcəllənin 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Qeyd olunan normada ikimənalı başa düşülən ödənişlər nəzərdə tutulmamış, ödənişlərin siyahısı konkretdir. Beləki, lizinqə verən əşyanın istifadəsi üçün amortizasiya xərclərini hesablayıb aylıq ödənişlər şəklində ala bilər, lizinq obyektini satın alanda hansısa əlavə xərcləri olubsa onları tələb edə bilər, lizinq obyektini əldə etmək üçün kredit götürübsə ona görə faizləri tələb edə bilər, lizinq obyektini sığorta etdirmişdirsə, sığorta üçün ödənilən məbləği tələb edə bilər, lizinq verənin əlavə xidmətləri varsa onların haqqını tələb edə bilər və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri varsa onları tələb edə bilər. Özü də nəzərə almaq lazımdır ki, həmin xərclər (əşyanın alınmasına kredit götürülməsi, əlavə xərclərin olması, amortizasiya və.s) müvafiq sənədlərlə əsaslandırılmalıdır. Belə ki, Mülki Məcəllənin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Qanunverici belə ədalətli qayda müəyyən etməklə güddüyü məqsəd ondan ibarətdir ki, lizinq alanın özü üçün daha ucuz, sərfəli lizinq ödənişləri seçmək, lizinq xərcləri daha az olan əşyaları lizinqə götürmək imkanı olsun.” Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlunun İddiaçı MMC-yə olan ümumi borcu 16.197,34 manat məbləğində müəyyən edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2021-ci il tarixli 9/4690 saylı ekspert rəyinə əsasən, 30.10.2012-ci il tarixli 12/498 saylı lizinq müqaviləsi və həmin müqavilə üzrə 31 may 2014-cü il tarixdə bağlanmış əlavə səazişə əsasən, lizinq dəyərinin və ödənişlərin manata çevrilməsi məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh2 İddiaçı MMC-yə olan ümumi borc 16.197,34 manat məbləğində müəyyən edilə bilər. (45.110,89-28.913,55=16.197,34 manat). Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlu apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(002)-48/2019 saylı qətnaməsi dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlundan 16.197,34 manat alınaraq İddiaçı MMCyə ödənilməli, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(002)-48/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlundan 16.197,34 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mirağa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar