Məhkəmə qərarları › İş №2(103)-6144/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6144/2024

03.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6144/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2349/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 tərəfindən ona (abunə kodu **********00130) hesablanmış 2240,92 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında tək yaşayır. Həyat yoldaşı 2016-cı ildə vəfat etdikdən şonra sözügedən ünvana 3 il sonra köçüb yaşamağa başlamışdır. Əvvəllər 2019-cu ilə kimi Bakı şəhəri Səbail rayonunda yaşamışdır. Həmin ünvanda 2019-cu ilə kimi yaşayış olmamışdır. Bağ evi kimi arada nəzarət üçün gəlib baxıb getmişdir. Hal-hazırda ünvan 1 ünvanında tək yaşayır. Cavabdeh İB-nin Xəzər rayon Şöbəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanı üzrə quraşdırılmış sayğaca onun məlumatı və iştirakı olmadan baxış keçirmiş, daha sonra ******* sayl akt tərtib edərək, orada “abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi” qeyd etmişlər. Həmin ünvanda o, tək yaşayır və sayğac çöl şəraitində olduğundan sayğaca müdaxilə mümkünsüzdür. Cavabdeh İB-nin ərazi üzrə idarəsinə şikayət etdiyi zaman məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Orada ona bildirdilər ki, yalnışlığı aradan qaldırmaq mümkün deyil, çünki əməkdaşlar tərəfindən akt tərtib edilmişdir. Hesab edir ki, 2240,92 manat məbləğində borcun hesablanması tamamilə qanunsuz və əsassız olduğundan həmin borc məbləği silinməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2349/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ilə (hakim Zaur Tağıyev) iddia təmin edilərək, Cavabdeh tərəfindən ünvan 1 ünvana (abunə kodu **********00130) əsassız hesablanmış 2240,92 manat borcun silinməsi, həmçinin Cavabdehndən 42,40 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aktın qanuni olması, müdaxilə faktının aşkar olunması, cavabdeh barəsində tərtib olunmuş aktlara əsasən ümumilikdə 2240,92 manat əlavə sərfiyyatın düzgün hesablanması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan (akt, saldo, bildiriş) görünür ki, iddiaçının iştirakı olmadan xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuş, orada abonent tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edilməsi qeyd olunmuş, 2024cü ilə aid bildirişlə iddiaçıdan 2240,92 manat pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş müayinə protokolundan görünür ki, abonentə məxsus sayğac qonşu hasarın üstündədir, ana qaz xəttində bir neçə qaynaq izləri müşahidə edilir. Baxışda iştirak edən Azriqaz İB-n nümayəndəsinin deməsinə görə həmin izlər məhz sayğaclar dətişdirilərkən qaz xətləri də dəyişdirildiyindən yaranan qaynaq izləridir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşdə olan aktdan görünür ki, o, qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən uzun müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair də sübut təqdim edə bilməmişdir (iddia ərizəsinə yalnız 2024-cü ilin aprel ayına aid 2240,92 manat borcla bağlı xəbərdarlıq bildirişi əlavə olunmuşdur). Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş fotoşəkildən də qoşulma faktının olmasını birmənalı müəyyən etmək olmur. Cavabdeh apellyasiya şikayətində iddiaçı barəsində digər aktların tərtib olunmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut (başqa aktların mövcudluğu və s.) təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan tələb etdiyi 2240,92 manat məbləğində borcun yaranma əsaslarını əsaslandıra və sübut edə bilmir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanuna yuxarıda qeyd edilən norma əlavə edilmiş, qeyd olunan maddi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Analoji məsələ, sonradan həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qanunverici açıq-aşkar müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya təqdim olunmuş 2024-cü ilin aprel ayında tərtib edilmiş bildirişdən görünür ki, yekun borc olaraq 2240,92 manat pul vəsaiti tələb olunmuşdur. Belə olan halda isə, 01 may 2022-ci il tarixdən sonra istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra cavabdeh vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Beləliklə, məhkəmə baxışı zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və iddiaçı tərəfindən iddia olunan pozuntuların mövcudluğunu, eyni zamanda cavabdehin bu istiqamətdə təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2349/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2349/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar