Məhkəmə qərarları › İş №2(103)-6145/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6145/2024

15.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6145/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(003)-938/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00671) təbii qazdan istifadə ilə bağlı hesablanmış 10.952,50 manat borc silinsin. 2.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin borcun 5.568 manatı silinsin, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 3.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 5.İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı həmin hissədə apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 7.Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya aid olan ünvan üzrə 2019-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayına qədər 33 akt tərtib olunub. Həmin aktlara görə, iddiaçıya aid ünvanda təbii qazdan sayğacdan kənar istifadə olunub. Aktlara əsasən hesabat aparılıb, itirilmiş qazın dəyəri 10.952,50 manat müəyyən edilib. 8.Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən verilmiş mütəxəssis rəyinə görə, iddiaçının (abonentin) ödəməli olduğu borcun məbləği 5.384,7 manat təşkil edir (iş v. 155). İddia ərizəsində silinməsi tələb olunan borcun məbləğindən (10.952,50 manatdan) mütəxəssis rəyində göstərilən borcun məbləği (5.384,7 manat) çıxıldıqda, qalan borcun məbləğ 5.567,8 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin məbləğin (yuvarlaq 5.568 manatın) silinməsini qət edib. Bu, düzgün nəticədir, həmin nəticə qətnamədə lazımi qaydada əsaslandırılıb. 9.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, iddanın təmin edilən hissəsində qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 10.Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(003)-938/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar