Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6147/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə tələbinə dair” iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2315/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qərardadından ərizəçinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs kimi İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Masallı şəhəri, M.ünvan 1 ünvanında yerləşən fərdi evin yerləşdiyi ümumi ərazisi 0,10 ha olan həyatyanı torpaq sahəsinə dair Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə verilmiş, torpağın mülkiyyətə verilməsi haqqında JN 480A KOD 80501039 nömrəli şəhadətnamənin ona da məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2315/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs kimi İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizənin qəbulundan yolverilməzliyinə görə imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılması, məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçının verdiyi şikayət məhkəmənin 23 oktyabr 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adının səhv göstərildiyi şəhadətnamədə düzəliş edilməsi üçün aidiyyəti üzrə daşınmaz əmlakın dğvlət reyestr xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş və oradan ona ünvanlanan 30 aprel 2001-ci il tarixli sənəddə bunun idarənin səlahiyyəti xaricində olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi Plenum qərarının 6.1-ci bəndinin ikinci hissəinin tələbinə istinad edərək bildirir ki, şəhadətnamədə getmiş ad səhvini sənədi vermiş orqan özü aradan qaldıra bilər və bundan imtina olduğu təqdirdə də inzibati məhkəməyə müraciət edilməlidir. Qeyd edir ki, şəhadətnaməni vermiş Masallı rayon Aqrar İslahat Komissiyası artıq mövcud deyil və onun hüquqi varisi də yoxdur. Daşınmaz əmlakın dövlət reyestr xidmətində isə şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin olması, bu barədə arxivin olması mümkün deyil. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə ərizənin qəbulundan yolverilməzliyinə görə imtina edərkən qeyd etmişdir ki, Masallı rayonu, Masallı şəhəri, M.ünvan 1 ünvanında yerləşən fərdi evin yerləşdiyi ümumi ərazisi 0,10 ha olan həyatyanı torpaq sahəsinə dair Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə verilmiş, torpağın mülkiyyətə verilməsi haqqında JN 480A KOD 80501039 nömrəli şəhadətnamənin ərizəçiyə də məxsus olması faktının müəyyən olunması xüsusi məhkəmə icraatı qaydasında deyil, həmin sənədləri vermiş orqana müraciət etməklə həll edilə və ya hüquq haqqında mübahisə olduğu halda həmin şəxslərə qarşı iddia icraatı qaydasında məhkəməyə müraciət etməklə mübahisə həll edilə bilər. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hazırki işin hallarından göründüyü kimi, ərizəçi Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsi haqqında” JN 480A (Kod ********) nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Qeyd edilən şəhadətnamədə ərizəçinin adı Səbinə kimi qeyd edilmişdir. Ərizəçi də həmin yanlışlığın aradan qaldırılmasını tələb edir. Göründüyü kimi, ərizəçinin şəhadətnamədəki adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir (üst-üstə düşmür); şəhadətnamə hüquqmüəyyənedici sənəd hesab olunur və ərizəçiyə həmin şəhadətnaməni verən təşkilat – Masallı rayon Aqrar İslahat Komissiyası hüquq varisliyinə yol vermədən ləğv olunduğundan şəhadətnamədəki səhvin düzəldilməsi mümkün deyil. Məhz bu səbəbdən 8 saylı Cəlilabad Ərazi İdarəsi ərizəçiyə şəhadətnamədə düzəliş edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Odur ki, ərizəçinin tələbinə məhz xüsusi icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2315/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin və ərzəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6147/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6147/2025
24.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver