Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6148/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-2446/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 17.01.2018-ci il tarixli 09082 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2196 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yasamal rayonu, Şərifzadə küçəsi 88 ünvanda ev alqı-satqısı ilə məşğul olan ofisi vardır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş və 17.01.2018-ci il tarixdə 09082 nömrəli akt tərtib edilmişdir. Akta əsasən tərəfindən qanunsuz olaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etdiyi qeyd edilmiş və buna görə 2196 manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, akt qanunsuz yazılmışdır və ləğv edilərək hesablanmış dəymiş ziyan silinməlidir. Belə ki, cavabdehin yoxlama səlahiyyətləri olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)- 2446/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 17.01.2018-ci il tarixli 09082 saylı aktın ləğv edilməsi və həmin akta əsasən iddiaçı X2 məxsus ünvan 1 ünvanına (076901 saylı abonent kodu) əsassız olaraq hesablanmış 2196 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilərkən məlum olmuşdur ki, obyektdə cavabdehlə müqavilə münasibətləri olmadan sudan qanunsuz istifadə edilir, bununla bağlı akt tərtib edilmiş, həmin ünvanda mövcud olan qanun pozuntuları video yazı vasitəsilə sübut kimi qeydə alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın nə vaxtdan baş verməsi dəqiq məlum olmadığında, “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinə uyğun olaraq son bir il müddətinə görə hesablama aparılmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlmədiyinə görə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş 17.01.2018-ci il tarixli 09082 saylı aktın surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçı X2 məxsus ünvan 2 ünvanda yerləşən ev alqı-satqısı ofisinə baxış keçirilmiş, müqavilə olmadan sudan istifadə edilməsi və heç bir ödəniş edilməməsi əsas gətirilməklə, obyektin su təchizatı dayandırılmışdır. İddiaçı cavabdehin yoxlama səlahiyyəti olmadığından tərtib edilmiş qanunsuz aktın ləğv edilməsini və hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh isə iddiaçıya məxsus olan obyektdə müqavilə münasibətləri olmadan sudan qanunsuz istifadə edilməsinə görə dəymiş ziyanın hesablanıb tələb edildiyini bildirir. Birinci instansiya belə nəticəyə gəlmişdir ki, mülki qanunvericiliyə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür, odur ki, sayğaca yazılan borc əsassız olduğundan silinməlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərilir ki, bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Qanunun 72-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalar”ının 4.1.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün tələb olunan müqavilə bağlanmamışdır, yəni, istehlakçı üzərinə düşən vəzifəni icra etməmiş, nəticədə müqavilə olmadan qoşulmaqla su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmişdir. “Sudan istifadə qaydalar”ının 3.1.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Belə olan halda, cavabdeh tərəfindən müqavilə olmadan istifadə edilməsi halı aşkar edildikdə əsaslı olaraq akt tərtib edilərək, su və kanalizasiya təchizatı dayandırılmış və dəymiş ziyan hesablanmışdır. İddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə vurulmuş ziyan məbləği isə qanunvericiliyin tələbinə uyğun olaraq 12 ay müddətinə hesablanmışdır. Belə ki, “Sudan istifadə qaydalar”ının 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Tərtib edilmiş aktdan görünür ki, ziyan məbləği Qaydaların 4 nömrəli əlavəsində göstərilən şəkildə hesablanmış və 2196 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslıdır, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə bağlanılmadan qeyriqanuni qoşulmaqla sudan istifadə edilmişdir. Ona görə də, tərtib edilmiş akt əsaslı və qanuni olduğundan, onun ləğv edilməsi və borcun silinməsi barədə iddiaçının tələbi təmin edilməməlidir. İddiaçının aparılmış yoxlamanın qanunsuz olması barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2446/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6148/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6148/2021
21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver