Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6151/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1666/2023 nömrəli 21 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məişət istehlakçılarında sayğaclaın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 357397 saylı xx.xx.2023-cü il tarixli akta əsasən sayğacın içərisində pult aşkarlanmışdır. Ə/m müdaxilə var.
2. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 022590 saylı xx.xx.2023-cü il tarixli protokola əsasən sayğacın ******* nömrəli qırmızı dövlət möhürü pozulmuşdur. Yoxlama zamanı aşkar olunan qüsurlar sayğacın üst qapağı yuxarı hissədən qırıqdır, sayğacın daxilində baxış keçirən zaman sayğacın daxilində uzaqdan idarə olunan qurğu aşkarlanmışdır. Sayğac istismara yararsızdır.
3. Abunə haqqında məlumata əsasən abunə kodu **********A0114 olan abunəçi İddiaçı 1666,87 manat borcu vardır, xx.xx.2023-cü ildə sayğac dəyişdirilmişdir. xx.xx.2023-cü ildə 1657,26 manat borc müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə müraciət edərək, əsassız yazılmış 1657,26 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami, rayonu, Qara Qarayev prospekti, 82 a saylı evin, 114 saylı mənzil çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı sayğaca baxış keçirir və istifadə etdiyi işığa görə qəbz təqdim edirlər. O isə qəbzdə göstərilən məbləği, yəni işıq pulunu vaxtı-vaxtında ödəyir. xx.xx.2023-cü il tarixdə ünvanında quraşdırılan sayğac onun iştirakı olmadan çıxarılaraq dövlət yoxlanılmasına göndərilmişdir. Dövlət yoxlanmasının rəyinə əsasən sayğacın dövlət möhürünün pozulduğu, sayğacın üst qapağın yuxarı hissədən qırıldığı və s. aşkarlanmış və bunun əsasında 1658 manat cərimə hesablanmışdır. Heç bir xəbərdarlıq olmadan enerji təchizatları dayandırılmışdır. Bu barədə Nizami rayon "xxxx" ASC adiyyəti quruma məlumat verilsə də, mənzilin enerji təczihatı bərpa olunmamışdır. MTK sayğacları qapalı yerdə quraşdırıldığından yalnız MTK rəhbərliyi və nəzarətçinin iştirakı ilə hər ay sayğac göstəricisinə baxış keçirilir. Aylar ərzində sayğacda qeyd olunan “gözlə görünən” nöqsanlar olduğu halda bu barədə aidiyyəti qurumlar tərəfindən ona heç bir məlumat verilməmişdir. Hazırki iş üzrə sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə, qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyul 2023-cü il tarixli 2(007)-1666/2023 nömrəli qətnaməsi ilə (Qumru Əliyeva) iddia təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına olan **********A0114 abonent kodu üzrə hesablanmış 1657,26 manat məbləğində borcun silinməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarına, Mülki Məcəllənin 560.1, 560.2, 560.3, 560.3.5.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Akt tərtib olunmazdan əvvəl abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. Bu səbəbdən aşkar olunmuş hallar videoçəkilişlə qeydə alınmış və videogörüntüləri özündə əks etdirən disk sübut qismində məhkəməyə təqdim edilmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
14. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı
15. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
16. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Kollegiya hesab edir ki, məhkəmə borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir.
26. Müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin, işin hallarından da müəyyən edilmişdir ki, sayğac çöldə quraşdırılmışdır ki, belə olan vəziyyətdə də abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır.
27. Aktın tərtib edilməsində yalnız cavabdehin əməkdaşları iştirak etmiş, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir.
28. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, akt tərtib olunmazdan əvvəl abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. Bu səbəbdən aşkar olunmuş hallar videoçəkilişlə qeydə alınmış və videogörüntüləri özündə əks etdirən disk sübut qismində məhkəməyə təqdim edilmişdir.
29. Lakin həmin çəkiliş nə birinci instansiya məhkəməsində, nə də hazırki icraat zamanı təqdim olunmamışdır. Ona görə də Kollegiya həmin dəlilləri əsassız hesab edir.
30. Sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır.
31. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
32. Apellyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas deyildir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1666/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.