Məhkəmə qərarları › İş №2(103)-6155/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6155/2023

27.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6155/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclaısnda baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, tərəflərin atası, mərhum X1 tərəfindən tərtib edilmiş, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 804-cü keçid, 2C №-li evin yerləşdiyi 800 kv.m torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli vəsiyyətnamə etibarsız hesab olunsun. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 və Cavabdeh2 apellyasiya şikayətinin əsaslı oldğunu, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Tərəflərin atası xx.xx.2017-ci ildə ölüb (iş v 54). O, xx.xx.2006-cı ildə vəsiyyətnamə tərtib edərək həmin ünvandakı 800 kv.m torpaq sahəsinin 400 kv.m-də yerləşən 2C №-li evi oğlu Cavabdeh2, qalan 400 kv.m torpaq sahəsini isə oğlu Cavabdeh1 vəsiyyət edib (iş v. 102). İddia onunla əsaslandırılıb ki, torpaq sahəsinə və evə tərəflərin atasının sərəncam hüququ olmayıb, çünki həmin əmlaklar onun mülkiyyətində olmayıb. Vəsiyyətnamdə 2 əşya – torpaq sahəsi və ev vəsiyyət edildiyinə görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Torpaq barədə: Vəsiyyət anlayışına görə, fiziki şəxs öz əmlakını vəsiyyət edə bilər (Mülki Məcəllə, maddə 1166). Bu maddədə “öz əmlakı” deyiləndə yalnız xüsusi mülkiyyət nəzərdə tutulmur. Miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir (Mülki Məcəllə, maddə 1151.1). İstifadə hüququ da əmlak hüququ sayılır. Dövlət və bələdiyyə torpaqları istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər (Torpaq Məcəlləsi, maddə 92, hissə 3). 800 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün tərəflərin atasının adına ayrılıb, bu barədə Sabunçu RİHB-nın xx.xx.2000-ci il tarixli sərəncamı var (iş v. 50). Yerli icra hakimiyyəti orqanının sərəncamı torpaq sahəsi üzərində hüququn yaranma əsaslarından biridir (Torpaq Məcəlləsi, maddə 55). Sərənacamın verilməsindən sonra müqavilə də bağlanmalıdır (Torpaq Məcəlləsi, maddə 66, hissə 1), o cümlədən müddəti 11 aydan artıq olan istifadə hüququ reyestrdə qeydə alınmalıdır (Torpaq Məcəlləsi, maddə 66, hissə 2). Lakin müqavilənin və reyestr çıxarışının olmaması vəsiyyətnamənin etibarsız sayılması üçün əsas deyil, çünki yerli icra hakimiyyəti orqanı müqavilə bağlamaqdan imtina etməyib və torpaq sahəsini geri almağa təşəbbüs göstərməyib. Müqavilənin və reyestr çıxarışının olmaması, vəsiyyətnamənin icrası zamanı qanunla müəyyən olunmuş qaydada həll oluna bilər, o cümlədən qanuni əsaslar olarsa, notarius həmin vəsiyyətnamənin əsasında vərəsəlik şəhadətnaməsi verməkdən imtina edə bilər. Ev barədə: Evə münasibətdə vəsiyyətnamə qüvvəyə minməyib. Vəsiyyətnamə tərtib edildiyi zaman tərəflərin atasının ev üzərində hər hansı hüququ olmayıb. Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun (Mülki Məcəllə, maddə 1152). Tərəflərin atası evi vəsiyyətnamədə nəzərdə tutmağa haqlı olub, çünki ev həmin vaxt onda olmasa da, başqasında da olmayıb. Evin yerləşdiyi torpaq sahəsi sərəncamla tərəflərin atasının istifadəsinə verildiyinə görə, vəsiyyətnamənin tərtib edildiyi zaman onun evə gələcəkdə (vəfat edənə qədər) mülkiyyət hüququ əldə etmə gözləntisi olub. Lakin vəsiyyətnamənin tərtib edilməsindan 1 il 1 ay sonra - xx.xx.2007-ci ildə ev xüsusi mülkiyyət kimi ilkin olaraq onun oğlunun - Cavabdeh2 adına qeydə alınıb (iş v. 44). Bundan 9 il 11 ay sonra - xx.xx.2017-ci ildə tərəflərin atası ölüb. Ona görə də hesab olunur ki, tərəflərin atasının ölümündən sonra vəsiyyətnmə evə münasibətdə qüvvəyə minməyib. Cavabdeh2 evi bacısı İddiaçı bağışlayıb, xx.xx.2022-ci ildə ev üzərində İddiaçı mülkiyyət hüququ reyestrdə qeydə alınıb (iş v. 45). Reyestr çıxrışından görünür ki, evə aid olan torpaq sahəsi üzərində mülkiyyətin növü “dövlət”, torpaq sahəsi üzərində hüququn növü isə “istifadə” kimi göstərilib Beləliklə, Mülki Məcəllənin 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Həmin Məcəllənin 1225.1-ci maddəsinə görə, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Vəsiyyətnamənin etibrsız sayılması üçün əsas olmadığından birinci insansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar