Məhkəmə qərarları › İş №2(103)-6159/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6159/2021

13.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6159/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı «kredit müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(004)- 491/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X3 arasında Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 26.01.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinin və Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 22.06.2018-ci il tarixli 3M- 1254 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(004)- 491/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini, əqdlərin etibarsız olmasını, formal olaraq görünüş üçün bağlanmasını, onunla cavabdehlərin mərhum atalarının arasında işgüzar münasibətlərin olmasını, avtomobillərin alqı-satqı ilə məşğul olmalarını, birlikdə pul qoyaraq xarici blkədən avtomobil gətirməsi və satışından əldə olunmuş gəlirin aralarından qoyuduqları pula münasibətdə bölünməsini, aralarında heç bir mübahisənin yaranmamasını, kredit müqavilələri bağlanan zamanı real olaraq ona pul verilməməsini, cavabdehlərin mərhum atası tərəfindən verilmiş pul vəsaitlərinin avtomobillərin satılması nəticəsində bağlanmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 26.01.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinə əsasən - borcverən X9 borcalan İddiaçı 26.04.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İşdə olan Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 22.06.2018-ci il tarixli 3M- 1254 reyestr nömrəli kredit müqaviləsinə əsasən - borcverən X9 borcalan İddiaçı 22.12.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İddiaçı iddia ərizəsində cavabdehlərin mərhum ataları X5 26.01.2018-ci il tarixdə 10.000 ABŞ dolları və 22.06.2018-ci il tarixdə 20.000 ABŞ dolları pul aldığını etiraf etsə də, pulun borc kimi deyil, məhz xaricdən avtomobil alıb gətirmək üçün aldığını, X7 təklifi ilə avtomobillərinin alınıb gətirilməsinin qarantiyası üçün aralarında belə bir kredit müqavilələrinin bağlandığını qeyd etmiş, həmin əqdlərin etibarsızlığının əsası kimi – borc müqavilələrinin formal, görünüş məqsədilə bağlanmasını, aralarında işgüzar münasibətlərin olmasını, hazırda borcunun olmamasını və s. göstərmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – tərəflər mübahisələndirilən müqavilələrin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqavilələri imzalamışlar və notarial qaydada təsdiq etdirmişlər. Müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin iddiaçı 26.01.2018-ci və 22.06.2018-ci il tarixli kredit müqavilələrinin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra 21.09.2020-ci il tarixdə bu əqdləri məhkəmədə mübahisələndirmişdir. Bu halın mövcud olması da, iddianın rədd edilməsi üçün müstəqil əsasdır. İddiaçının iddia ərizəsində göstərdiyi hallar, yəni alınmış pulların sonralan avtomobillərin satılması nəticəsində qaytarılması və s. bu kimi hallar əqdlərin etibarsızlığına əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, əqdlərin etibarsızlığına səbəb ola biləcək halların müəyyən olunmamasına, iddiaçının bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməməsinə, eyni zamanda iddia müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci mad.) Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. İşdə olan sübutlardan aydın olur ki, kredit (borc) müqavilələri yazılı bağlanmaqla və notariat qaydasında təsdiq olunmaqla, əqdin iştirakçıları tərəfindən imzalanmışdır. Əqdin etibarsızlığı dedikdə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçı əqdlərin formal, görünüş məqsədilə bağlanmasını iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının bildirdiyi kimi onun cavabdehlərin mərhum ataları ilə işgüzar münasibətlərinin olması faktı isə özü-özlüyündə onlar arasında borc münasibətlərinin yaranmasını istisna etmir. Həmçinin, mübahisələndirilən əqdlərdən də pulun borc deyil, başqa məqsədlə (maşın alınması və s.) verilməsi ilə bağlı hər hansı qeyd (şərt) mövcud deyildir. İddiaçı tələbinin əsası kimi həmçinin cavabdehlərin mərhum ataları tərəfindən sağlığında pulun tələb olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də əqdlərin əhəmiyyətsiz (etibarsız) olmasını ehtiva etmir. Həmçinin, işin hallarına əsasən kredit (borc) müqavilələri üzrə borcun qaytarılması müvafiq olaraq 26 aprel 2018-ci il tarixdə və 22 dekabr 2018-ci il tarixdə həyata keçirilməli idi. Lakin kreditor (cavabdehlərin atası) 09 oktyabr 2018-ci il tarixdə vəfat etmiş, bu səbəbdən də sağlığında obyektiv olaraq verdiyi borcu tələb edə bilməmişdir. İddiaçı tələbinin əsası kimi, həmçinin aldığı pulun sonradan qaytarılmasını qeyd etsə də, məhkəmə kollegiyası bu halın araşdırılmasını zəruri hesab etmir. Çünki, pulun sonradan qaytarılıb-qaytarılmaması ilə əqdin etibarsızlığı arasında hər hansı səbəbli əlaqə mövcud deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı pulun qaytarılması ilə bağlı dəlillərini borcun tələb olunması barədə iddia üzrə təqdim etməklə öhdəliyin icra olunmasını sübut edə bilər. Göründüyü kimi, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmiş, bunu formal mülahizələri ilə əsaslandırmağa çalışmışlar. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halları məhkəmə araşdırması zamanı sübut edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün müddəti də ötürmüşlər. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.03.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən «Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.» İşdən göründüyü kimi, borc müqavilələri 26 yanvar 2018-ci il tarixdə və 22 iyun 2018-ci il tarixdə bağlanmış, iddiaçı isə 21 sentyabr 2020-ci il tarixdə yəni 02 ildən çox müddət keçdikdən sonra müraciət etmiş, bununla da müddəti ötürülmüşdür (iddiaçı hüquqlarının pozulmasını sonradan bilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir). Bu halın özü də (iddianın əsassızlığı ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı) iddianın rədd olunması üçün qanuni əsas təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsi «Novakovic Xorvatiyaya qarşı» iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Birinci instansiya məhkəməsin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı «kredit müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(004)-491/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(004)- 491/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar